Qurban ətindən kabab bişirmək olmaz? - İlahiyyatçı

image

Bu gün ölkəmizdə Qurban bayramı qeyd olunur. Hər il bu bayramla bağlı müxtəlif fikirlər irəli sürülür. Onlardan biri də qurban ətindən kababın bişirilməsi ilə bağlıdır. Belə ki, bəziləri bu ətdən istənilən yeməyin bişirlməsini dəstəkləsə də, bir qism bununla razılaşmır və kabab hazırlamağın hətta günah olduğunu iddia edir.

Qurban ətindən kabab bişirmək olarmı?

Defakto.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov qurban ətindən kababın bişirilməsinə hər hansı məhdudiyyətin qoyulmadığını deyib.

Onun sözlərinə görə, qurbanlıq heyvanın əti şəriətdə halal sayılır və ondan istənilən formada – qaynadaraq, qızardaraq, kabab edərək və ya başqa cür bişirərək istifadə etmək icazəlidir:

“Qurbanlığın əsas məqsədi Allaha yaxınlaşmaq, Onun rizasını qazanmaqdır. Quranda bu məqam açıq şəkildə bildirilir: “Onların nə ətləri, nə də qanları Allaha çatmaz. Lakin Ona sizin təqvanız çatar…” (əl-Həcc, 22/37). Bu ayə göstərir ki, Allah üçün önəmli olan niyyətdir, qurbanlıq ətinin hansı üsulla bişirilməsi deyil. Peyğəmbərimiz Məhəmməd (s) qurbanlıq ətini yeyib, saxlayıb və paylayıb”.

İlahiyyatçı bidirib ki, hədislərdə qurban ətindən üç hissəyə bölünüb istifadə edilməsi tövsiyə edilir:

“Bir hissə ailəyə, bir hissə qohumlara və bir hissə ehtiyac sahiblərinə verilməlidir. Ancaq bu bölgü vacib deyil, müstəhabdır. Vacib olan yalnız niyyətin ixlasla olması və heyvanın şəriətə uyğun kəsilməsidir.

Qurban ətini kabab şəklində bişirmək və onu paylaşmaq həm də dini sevincin cəmiyyətə yayılmasıdır. Hətta belə bir ənənə insanların bir araya gəlməsinə, bayram ovqatının hiss olunmasına, zənginlə kasıbın eyni süfrədə əyləşməsinə səbəb olur. Bu, islamın ruhuna uyğundur”.

Əkrəm Həsənov deyib ki, İslam dini insanlara məhdudiyyətlər gətirmək üçün deyil, həyatlarını asanlaşdırmaq üçün göndərilib:

“Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir” (əl-Bəqərə, 2/185).

Əlavə olaraq, heç bir səhih mənbədə “qurban ətindən kabab olmaz” kimi bir qadağa yoxdur. Bu cür yanaşmalar bəzən insanların şəxsi fikirlərindən və ya təhrif olunmuş adət-ənənələrdən qaynaqlanır. Əksinə, qurban ətindən kabab bişirib dost-tanışa, qonşuya və ya ehtiyac sahibinə təqdim etmək savabdır”.