ABŞ-də kişi törətmədiyi qətlə görə 40 ildir həbsxanadadır

image

ABŞ-də Kennet Kler adlı şəxs törətmədiyi qətlə görə 40 il həbsxanada qalıb və hələ də azadlığa buraxılmayıb.

Defakto.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Straight Arrow News" saytına istinadən məlumat verilib.

Bildirilib ki, o, 1984-cü ildə dayə işləyən 25 yaşlı Linda Fey Rocersin ölümü ilə bağlı həbs edilib. Kler qadının iş yerinin yaxınlığında yerləşən tərk edilmiş bir evdə yaşayıb. Cinayətkar həmin evə daxil olaraq Rocersi zorlayıb və qətlə yetirib. Hadisə baş verən zaman ev sahiblərinin uşaqları və dayənin oğlu başqa otaqda yatıblar.

Klerə qarşı ittihamlar, əsasən, onun cinayətin baş verdiyi evdən bəzi əşyalar götürdüyünü iddia edən keçmiş sevgilisinin ifadəsinə əsaslanıb. Qadın Kleri ifşa etmək üçün onunla gizli mikrofonla görüşməyə razılaşıb. Lakin Kler həmin görüşdə cinayəti törətdiyini etiraf etməyib.

Eyni zamanda, Rocersin dayəlik etdiyi uşaq evdə tanımadığı ağdərili bir kişi gördüyünü söyləyib, halbuki Kler qaradərilidir. Cinayət yerində nə onun barmaq izləri, nə də digər maddi sübutlar aşkarlanmayıb. Buna baxmayaraq, andlılar heyəti Kleri təqsirli bilib.

Bütün bu illər ərzində fəallar Klerin işinə yenidən baxılması üçün mübarizə aparıblar. 2023-cü ildə məhkəmə cinayət yerindən götürülmüş dəlillərin və DNT nümunələrinin yenidən araşdırılmasına razılıq verib.

Nəticədə 20 nümunə yoxlanılıb və onların heç biri Klerə aid olmayıb. Üstəlik, araşdırma zamanı ekspertlər naməlum iki kişinin DNT profilini müəyyən ediblər.

Hazırda Klerin işinə yenidən baxılması üçün mübarizə aparan fəallar prokurorluqdan onun azadlığa buraxılmasını tələb edirlər. Prokurorluq nümayəndəsi yaxın vaxtlarda müraciətə baxılacağını bildirib.