Həftədə 4 gün işləyənlər daha məhsuldar imiş

image

Beynəlxalq "4 Day Week Global" təşkilatının alimləri müəyyən ediblər ki, maaşlar azalmadan 4 günlük iş həftəsinə keçmək həm işçilər, həm də şirkətlər üçün faydalıdır.

Defakto.az xəbər verir ki, tədqiqatın nəticələrini "Popular Science" açıqlayıb.

Araşdırmaya görə, 4 günlük iş rejimi əməkdaşlarda stressi əhəmiyyətli dərəcədə azaldır və məhsuldarlığı artırır. Eyni zamanda şirkətlərin gəliri də yüksəlir. İlk mərhələdə 33 şirkətin iştirakı ilə aparılan təcrübədə heç bir təşkilat 4 günlük iş həftəsinə qarşı çıxmayıb.

Əsas mərhələdə Avstraliya, Kanada, İrlandiya, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-dan olan 141 şirkətdən 2896 işçi iştirak edib. Onlar 6 ay ərzində həftədə 40 saat əvəzinə 32 saat işləyiblər. Eyni iş yükünü 4 günə yerləşdirmək üçün lazımsız görüşlər ləğv olunub, yerinə zənglər və messencerlərdən istifadə edilib.

Əlavə istirahət günündə işçilər tez-tez əvvəllər sıx qrafikdə vaxt tapmadıqları tibbi müayinələrə gedib, hobbilərinə və istirahətə daha çox vaxt ayırıblar. Bu isə onların psixoloji və fiziki vəziyyətini yaxşılaşdırıb.