Ermənistan üzərindən Qərb-Rusiya qarşıdurması gedir – Pərviz Mirizadə | DEFAKTO.AZ Ermənistan üzərindən Qərb-Rusiya qarşıdurması gedir – Pərviz Mirizadə – DEFAKTO.AZ

Ermənistan üzərindən Qərb-Rusiya qarşıdurması gedir – Pərviz Mirizadə

440

Rusiya və Ermənistan münasibətlərində artıq bir müddətdir ki, soyuqlaşma hiss olunur. Xüsusilə ikinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyəti və siyasi elitası arasında anti-Rusiya çağrışlarının artdığını müşahidə edirik. Paşiniyan administrasiyası iki ölkə münasibətlərindəki soyuqlaşmanı Rusiyanın ikinci Qarabağ müharibəsində onları dəstəkləməməsi ilə əlaqələndirirlər. Lakin bilinən reallıq odur ki, Rusiya tərəfi müharibə zamanı İran üzərindən Ermənistanı silah-sursatla təmin edirdi.

Ancaq müharibədən sonra Nikol Paşiniyan Rusiyanı yarasız silahlar verməkdə ittiham edərək məsələni qabarmağı bacardı. Paşiniyan bu addımları qərbin sifarişi ilə həyata keçirdi və erməni cəmiyyətində anti-Rusiya meyllərini formalaşdırdı. Şərqi Avropa və Baltik hövzəsində olduğu kimi Ermənistan üzərindən də, Qərb-Rusiya qarşıdurması gedir və Aİ missiyasının Rusiyanın narazılıqlarına baxmayaraq Ermənistana göndərilməsi bunun əyani sübutudur. Kreml rəhbərliyi məlum missiya ilə bağlı xarici işlər naziri Sergey Lavrov vasitəsilə öz mövqeyini bəyan etdi.

Rusiyanın zəifləməsini fürsət bilən Paşiniyan administrasiyası Kremlin təsirindən uzaqlaşmaq cəhdləri edir. Təbii ki, bu o qədər də asand bir proses deyil. Çünki şimal qonşumuzun Ermənistanda ciddi sayda hərbi və maddi varlığı var. Aİ missiyasının Ermənistana göndərilməsi isə birbaşa olaraq Fransanın təşəbbüsü ilə atılmış addımdır və hər nə qədər fərqli fikir formalaşdırılmağa çalışılsa da, məlum missiyasının əsas fəaliyyət istiqamətlərdən birinin Rusiyanın Ermənistan üzərində olan təsirini zəiflətmək olduğu aşikardır.

Bu amil bizə onu deməyə əsas verir ki, irəliləyən zamanda rus hərbi kontingenti və Aİ missiyası arasında fikir ayrılıqları yaranacaq və gərginlik artacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir