"Övladım olmasa da, həyat yoldaşımdan ayrılmaram"

"Evlənəndən artıq narkotikdən sağalmışdım. Adam kimisə bədbəxt etməz. Bəzilərinin axmaq düşüncə tərzi var: Evlən düzələcək. Necə yəni? Bu düzəlsin, sonra evlən də. O qədər belə ailələr var ki... Həm də insan həyatı ilə təcrübə aparmazlar. Niyə kimisə bədbəxt edirsən? Pişik deyil. İnsanın pişiyi də öləndə ona təsir edir. Cəza yoxdur deyə, belə olur. Kişi də, qadın da istəyəndə boşanır. Ailəni qoruyan qadındır. İnsan sənə pis təsir edəcək hərəkəti ardıcıl edirsə, bu, səhv deyil. Səni itirmək üçün həyat tərzidir. Sənə hörmət etsə, bir-iki dəfə edər. İnsana şans vermək lazımdır. Lakin elə məsələlər var ki, şans vermək olmaz. Bir dəfə gəlirəm dünyaya, onu da sənə qurban edim? Hamı rahat yaşamaq istəyir".
Defakto.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu "Həftənin qonağı" verilişində deyib. O, xanımı ilə münasibətlərindən danışıb:
"Həyat yoldaşımı əvvəldən tanımırdım. Tibb bacısıdır. Diş həkiminə gedəndə tanış oldum. Təzə tanınan vaxtlarım idi. Övladımın olmamağı mənə əziyyət vermir. Qismətdir. Allah verər nemətdir, verməz qismətdir. Müalicəyə gedəcəyik. Övladımız olmasa da ayrılmayacağıq. Müqəddəs bir şey deyil ki, ona görə xanımımdan ayrılım. Övlad naxələf də çıxa bilər. O qədər olub ki, beş övlad bir ata-ananı yola verə bilməyib qocalar evinə qoyub və ya əziyyət veriblər. İnsan öləndə əməl dəftəri bağlanır, savab dəftəri isə açıq qalır. Özündən sonra yaxşı övlad qoyarsan, yaxşı əməllər edər, sənə rəhmət deyərlər. Çətindir. Hər şeyi övladın yolunda qurban verirsən, amma ailə qurandan sonra dəyişir".
Meyxanaçı hazırda ailələrin dağılmasını öz həyat tərzlərini başqalarınkı ilə müqayisə etməkdə görür:
"Ailələr müqayisələrə görə dağılır. Görürsən ki, qonşuda bu var, məndə niyə olmasın? Gərək sosial şəbəkələrdən uzaq olsan. Çox ailələrin dağılmasının səbəbi budur. Baxırlar, deyirlər filankəs bunu etdi. Kişini kiminləsə müqayisə etdin, vəssalam. Onda kişi sənin yanında özünü kişi kimi hiss etmir. Amma gərək kişi də sənə dəyər versin. Vay o gündən ki, cəmiyyətin içində kişi qadının üstünə qışqırar, amma evdə gəlib könlünü alar. Kül elə münasibətin başına. Sən camaatın yanında kişiliyini kimə sübut etmək istəyirsən? Kişi ailəsinin yanında kişi kimi olar".(Axşam.az)