Atası öldü, göydən insanların başına pul yağdırdı - VİDEO

ABŞ-nin Miçiqan ştatının Detroit şəhərində sözün əsl mənasında göydən pul yağıb.
Defakto.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə iyunun 27-də Qratio prospekti ilə Konner küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, ərazidə yaşayan insanlar birdən göydən başlarına pul töküldüyünü görüblər.
Pulun 15 iyunda 58 yaşında dünyasını dəyişən və səxavəti ilə tanınan Darrell Tomasın xatirəsinə keçirilən vida mərasiminə görə helikopterlə paylandığı məlum olub.
Məhəllənin simvollarından biri olan Tomas ailəsinə sədaqəti, qonşuları ilə möhkəm əlaqələri və klassik avtomobillərə olan həvəsi ilə tanınırdı.
Onun xatirəsini yaşatmaq istəyən oğulları belə bir vida mərasimi keçirmək qərarına gəlib.
"Detroit, bəziləriniz atamı tanımır, amma o, əla ata idi. O, cəmiyyətdə əfsanə idi. Hamıya kömək edərdi və bu onun hər kəs üçün etdiyi son yaxşılıq idi”,- deyə mərhumun oğlu Smok söyləyib.
Qeyd edək ki, sözügedən hadisə barədə məlumat daha əvvəl yayımlansa da, hadisənin detalları və görüntüləri paylaşılmayıb.
Billurə Yunus