Bu, Azərbaycanın Şimali Kiprlə bağlı dünyaya ciddi mesajı idi - Deputat

“Yeni dünya düzəninin formalaşması istiqamətində gedən proseslər türk dövlətlərinin və xalqlarının birliyini zərurətə çevirib. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi siyasətində Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində yürütdüyü xarici siyasətin prioritetini təşkil edir. Türk Dövlətləri Təşkilatının yaranması, formalaşması və beynəlxalq arenaya çıxmasında cənab Prezident İlham Əliyevin müstəsna rolu olub. Odur ki, Azərbaycan türk dövlətlərinin və xalqlarının birliyinin güclənməsində mühüm rol oynayan ölkədir”.
Bunu Defakto.az-a açıqlamasında Azərbaycan-Şimali Kipr Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev deyib.
Deputat Azərbaycan Prezidentinin 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqini xatırladıb: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
O əlavə edib ki, bu gün Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə müstəqil türk dövlətləri ilə deyil, hələ də beynəlxalq aləmdə müstəqilliyi tanınmayan türk dövlətləri, muxtar respublikaları ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir: “Cənab Prezidentin Şimali Kipr Türk Respublikasının beynəlxalq aləmdə bir müstəqil dövlət kimi tanınması istiqamətində yürütdüyü siyasət dediklərimizin bariz nümunəsidir. Bu gün Azərbaycan Şimali Kipr Türk Respublikasının beynəlxalq aləmdə tanınmasında Türkiyədən sonra ikinci hami dövlət rolunda çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ŞKTR TDT-nin sammitində iştirak edərək müşahidəçi üzv status alıb. TDT-nin Şuşada keçirilən Zirvə toplantısında iştirak edib. Cənab Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" beynəlxalq forumunda Şimali Kipr Türk Respublikası barədə səsləndirdiyi fikirlər isə dünyaya açıq və çox ciddi bir mesaj idi.
“Bilirsiniz ki, Prezident Ersin Tatar Azərbaycanda səfərdə olub. Azərbaycan Şimali Kipr Türk Respublikasının TDT-ya müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bunun necə baş verdiyini bilirsiniz, çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi. Beləliklə, bizim əlaqələrimiz davam edir. Bilirsiniz ki, vətəndaş cəmiyyətinin, Azərbaycan hökumətinin, parlamentinin nümayəndələri ŞKTR-yə tez-tez səfərlər edir, Şimali Kiprdən Azərbaycana səfərlər həyata keçirilir. Yəni biz hər zaman qardaşlarımızlayıq, siyasətimiz hər zaman çox aydındır. Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər.
Azərbaycana gəldikdə, məncə, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik”, - Prezident İlham Əliyevin beynəlxalq aləmə ünvanladığı mesajı belə oxumaq olar: Azərbaycan ŞKTR de-fakto müstəqil dövlət kimi tanıyır.
İkitərəfli münasibətlər davalı olaraq inkişaf edir. Elə bu günlərdə Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda ŞKTR Prezidenti Ersin Tatarla görüşüb. Parlament səviyyəsində də münasibətlər yüksək səviyyədədir və davamlı olaraq səfərlər həyata keçirilir. Bütün bunlar Azərbaycan-ŞKTR arasında ikitərəfli münasibətlərin necə yüksək səviyyədə olduğunun göstəricisidir.
Hesab edirəm ki, ŞKTR-in dünyada müstəqil dövlət kimi tanınması istiqamətində müstəqil türk dövlətlərinin bir yol xəritəsi və buna uyğun birgə fəaliyyət planı olmalıdır. Birgə fəaliyyət daha effektiv olar”.
Mürtəza
Defakto.az