Sahibkar dayısının evindən pul oğurladı - Qorxudan tualetə atdı

image

Cəlilabad rayonunda dayısının evindən oğurluq edən şəxsə hökm oxunub. O, oğurladığı pulları gizlətmək məqsədilə tualetə atıb.

Defakto.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Cəlilabad rayonunda yerləşən "Rizvan” ticarət mərkəzində ərzaq məhsullarının satışı ilə məşğul olan sahibkar İlyas adlı şəxsin evindən 1900 manat pul oğurlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, oğurluğu zərərçəkmişin 1987-ci il təvəllüdlü bacısı oğlu Səid törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü (mənzilə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə prosesində Səid oğurluqdan sonra tanışı – taksi sürücüsünün avtomobili ilə Masallı rayonuna gedərək oradakı restoranlardan birində yeyib-içdiyini bildirib. Onun sözlərinə görə, restoranda 65 manat, taksi sürücüsünə isə 40 manat verib. Daha sonra dayısının polisə müraciət etdiyini eşidən Səid qalan pulları selofan torbaya qoyaraq izləri gizlətmək məqsədilə tualetə atıb.

Məhkəmənin hökmü ilə Səid Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinib və barəsində 2 il 4 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Cəza müddətində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.