Yeni sevgiyə nə vaxt başlamaq olar? - Psixoloqdan ayrılıq sonrası məsləhətlər

image

“Bir ayrılıq yaşadınız, kədərlisiniz. Sadəcə onu düşünür, onunla bağlı xəyallara dalırsınız. Ondan sonra kimisə sevəcəyinizə ya da güvənə biləcəyinizə şübhə edirsiniz. Başqasına baxmaq ya da həyatı onsuz yaşamaq fikri belə sizi qorxudur. Sadəcə və sadəcə onu istəyirsiniz. Düzdür? Əslində, yox”.

Defakto.az xəbər verir ki, bu sözləri klinik psixoloq Fuad Əsədov deyib. O, münasibətlərdə ayrılıq yaşayan şəxslərə bir sıra tövsiyələr də verib: 

“Biri ilə ayrılmısınızsa, demək ki, bu və ya digər səbəblərdən dolayı işlər yolunda getməyib və bir ayrılıq yaşayırsınızsa, ayrılıq qərarını verən tərəfin kim olduğundan asılı olmayaraq, demək ki, o münasibət iki nəfər üçün də uyğun deyildi. Deməli, bu iki insan bir-birə ilə yola gedə bilmədi və bir-birlərinə uyğun deyildilər. 

Siz onun üçün darıxdığınızı düşünəndə, əslində, onun üçün yox, onunla olarkən yaşadığınız hisslərdən ötrü darıxırsınız. Və nə qədər romantikadan kənar bir cümlə olsa da, deməliyəm ki, hisslər dediyiniz şey sadəcə beyninizdə baş verən kimyəvi proseslərdir. Yəni, istənilən hissi başqa bir situasiyada, başqa bir zamanda, başqa bir insanla da yaşamaq mümkündür. 

Bəzən deyirlər ki, ayrılıqdan sonra ən azı bir il müddətində başqa bir münasibət yaşamayın, başqa biri ilə münasibətə girməyin. Mən bu fikirlə bir o qədər də razı deyiləm. Çünki, əslində, qısa bir müddətdə də qarşınıza doğru insan çıxa bilər. Sadəcə, diqqətli olmaq lazımdır. Diqqət etmək lazımdır ki, ondan sonraki münasibətlərinizdə onu axtarmayasınız. Köhnə münasibətiniz kimi bir münasibət axtarmayın. Unutmayın, o və onunla olan münasibət doğru olsaydı, heç ayrılıq da yaşamazdınız. Bəlkə də yeni bir model insan və yeni bir model münasibət daha uyğun olacaq sizə. Ona görə də, ayrılıqdan sonra, ən azı bir müddət sonra beyninizi sıfırlamanız və yeni bir münasibətə yeni bir münasibət kimi baxmaq lazımdır. Əgər bunu edirsinizsə, ayrılıqdan nə qədər sonra yeni bir münasibətə başlamanızın bir önəmi yoxdur. Yetər ki, köhnə münasibəti və onun kimi olan bir insanı axtarmayın”.

Billurə