XOŞMƏRAMLI SƏFİR, SÜLH VƏ HUMANİZM ELÇİSİ | DEFAKTO.AZ XOŞMƏRAMLI SƏFİR, SÜLH VƏ HUMANİZM ELÇİSİ – DEFAKTO.AZ

XOŞMƏRAMLI SƏFİR, SÜLH VƏ HUMANİZM ELÇİSİ

21

Müstəqillik dönəmində qadınlar cəmiyyətin bütün sahələrində fəal çalışırlar. Mehriban xanım Əliyeva isə fəaliyyəti ilə sözün həqiqi mənasında bütün dünya qadınları üçün örnək ola bilər.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyət tərəfindən böyük razılıqla qarşılandı. Uzun illərdir ki, çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım müstəqil dövlətin və xalqın inkişafına böyük töhfələr verib. Azərbaycanın Birinci xanımının fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər.

 Faktlarda bunu aydın görə bilərik. Belə ki, Mehriban xanım 2004-cü ildə UNESCO-nun, ondan cəmi iki il sonra ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldü. 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatını alıb. Həmin ildə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb. 2009-cu ildə "XXI əsrin böyük qadını" laureatı olub. 2010-cu ildə Fransanın "Şərəf legionu" ordeninə və UNESCO-nun "Qızıl Motsart" medalına layiq görülüb. Mehriban xanım müxtəlif din mənsublarına xoş münasibət və qayğı göstərməklə də beynəlxalq aləmin diqqətini çəkib. Bu səbəbdəndir ki, Mehriban xanıma "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun "Yaqut Xaç" ordeni verilib, Rus Pravoslav Kilsəsi onu II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.

  Mehriban xanımın həyat yoluna nəzər saldıqda, daim mədəniyyət, xeyriyyə, qayğı, yardım etmə kimi humanist fəaliyyətdə olduğuna tam əmin oluruq. Uzun illərdir ki, Heydər Əliyev Fondunun Prezidenti kimi, vətənpərvərliyə, humanizmə, mərhəmətə, şəfqətliyə əsaslanan proqramları ilə böyük maraq doğurub. Fond Azərbaycanla yanaşı, regionda, Rusiya Federasiyasında, Asiya ölkələrində, Avropada çox humanist məzmunlu mədəniyyət layihələri reallaşdırmaqla böyük rəğbət qazanıb.

  Bu xüsusda Heydər Əliyev Fondunun Gürcüstanda kilsələrə təmənnasız yardım etməsini vurğulamamaq mümkün deyil. Fondun birbaşa dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradılmasını ayrıca qeyd etmək lazımdır. Versal sarayında isə Mehriban xanım tarixi incəsənət abidələrinin bərpası işlərini təşkil edib. Bunlardan başqa, İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qalasının və Vatikan arxivində saxlanılan nadir əlyazmaların da bərpasını Azərbaycanın Birinci xanımının rəhbərlik etdiyi Fond həyata keçirib. Vatikanda yerləşən qədim heykəllərin bərpası barədə italyanlar indi də razılıq hissi ilə danışırlar. Roma şəhərində yerləşən Kapitoli Muzeyində "Filosoflar zalı"nı bərpa edən Heydər Əliyev Fondu bu sahədə ən böyük nailiyyətlərə belə imza ata bildiyini sübut edib.

 Təbii ki, bir azərbaycanlı qadının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi çox sevindiricidir. Mehriban xanım Əliyeva ilə bağlı isə daha önəmlisi, onun dövlət, millət və bəşəriyyət əhəmiyyətli proqramlar həyata keçirməsidir. Konkret desək, Azərbaycanın Birinci xanımı dünya miqyasında qiymətləndirilən fəaliyyət göstərməkdədir. Bu cəhət vətəndaşlarımızda böyük fəxarət hissi doğurur. Doğum gününüz mübarək olsun deyirik, əziz Mehriban xanım.

Səidə Şükürova, Cəlilabad şəhər Z. Əliyeva adına 7 saylı məktəb-liseyin direktoru




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir