Trendlər, üslublar, doğrular və yanlışlar: Yaxşı təmir necə olmalıdır? – MÜSAHİBƏ + FOTO/VİDEO | DEFAKTO.AZ Trendlər, üslublar, doğrular və yanlışlar: Yaxşı təmir necə olmalıdır? – MÜSAHİBƏ + FOTO/VİDEO – DEFAKTO.AZ

Trendlər, üslublar, doğrular və yanlışlar: Yaxşı təmir necə olmalıdır? – MÜSAHİBƏ + FOTO/VİDEO

16

“Evini, mənzilini təmir etdirmək istəyən hər kəs əvvəlcədən hər şeyi detallarına kimi nəzərə almalıdır. Bilməlidir ki, hansı avadanlıqlar alınacaq, harada yerləşdiriləcək, mətbəxin yeri hara olmalıdır, televizor, soyuducu, masa harada qoyulacaq, hansı tip stullar lazım olacaq, qapılar harada qoyulacaq və hansı istiqamətə açılacaq. Bunlar hamısı əvvəlcədən planlanmalıdır”.

Bunu DEFAKTO.az-a müsahibəsində tanınmış memar-dizayner Rəna Novruzlu deyib. Müsahibəni təqdim edirik:

– Rəna xanım, yazın gəlişi həm də təmir mövsümünün startı deməkdir. Təmir planlaması nədən başlamalıdır?

– İlk olaraq müzakirə və təhlildən. Yəni nə istəyirəm, necə istəyirəm, büdcəm nə qədərdir? Evini, yaxud mənzilini təmir etdirmək istəyən şəxs öncə peşəkar memar-dizaynerlərə müraciət etməlidir. Niyə? Çünki əgər biz orta büdcə ilə istədiyimiz nəticəni əldə etmək, mənzilimizin hər kvadratmetrindən səmərəli istifadə etmək istəyiriksə, o zaman memar-dizayner bizə yardımçı ola bilər. Nəzərə alaq ki, təmir-dizayn işinə müraciət edən sifarişçilərin əksəriyyətinin istəyi eynidir – iş keyfiyyətli olsun, gözəl olsun, amma baha olmasın. Bunun öhdəsindən də gəlmək üçün biz memar-dizaynerlər müxtəlif variantlarda planlar hazırlayıb sifarişçiyə təqdim edirik.

– Sizcə, ev təmirində ən çox yol verilən səhvlər nə olur?

– Təmir zamanı, təəssüf ki, səhvlər çox olur. Bu səhvlər, əsasən, ortada layihə olmayanda özünü göstərir. Çünki ya çox vaxt usta başa düşmür ki, evin sahibi nə istəyir, ya da evin sahibi istəyini izah edə bilmir.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, ustalar, əsasən, özlərinə aid olan müəyyən məsələləri bilə bilərlər, hər şeyi yox. Məsələn, rəngsaz məhz rəngsaza aid olan hansısa işi görə və ya məsləhət verə bilər. Axı rəngsaz hörgünün vəziyyəti, otaqların eni, uzunu barədə məsləhət verə bilməz. Versə də, doğru olmaz. Belə görülən işlərin sonunda sürpriz olmayan, amma ciddi problemlər ortaya çıxır. Məsələn, məlum olur ki, dəhlizin ölçüləri düz deyil və mebellər oradan keçmir, yaxud lazım olan avadanlıqlar yerinə düz oturmur və s.

Bundan əlavə, ən böyük səhvlərdən biri düzgün olmayan trayektoriyadır – yəni insanın mənzildəki hərəkət istiqaməti. Baxırsan ki, insan otağına daxil olanda az qalır, birbaşa çarpayının üstündən keçsin, eyvanın qapısı əks istiqamətə açılır.

Əslində isə bu elə planlanmalıdır ki, otağa daxil olanda qapıdan eyvana kimi hər hansı maneə insanın qarşısını kəsməsin. Buna trayektoriya deyirlər, yəni hərəkətin düzgün planlanması. 

Bəzən də elə olur ki, məsələn, mənzilə daxil olursunuz, artıq divarlar var, bölgülər var. Əgər bölgünün yenidən planlamaya ehtiyacı yoxdursa, o zaman mütləq mebellərin, avadanlıqların düzgün düzülüşü olmalıdır ki, buna əsasən lazım olan yerdə elektrik yuvalarının (çıxışlarının) yerini müəyyən etmək mümkün olsun.

Evini, mənzilini təmir etdirmək istəyən hər kəs əvvəlcədən hər şeyi detallarına kimi nəzərə almalıdır. Bilməlidir ki, hansı avadanlıqlar alınacaq, harada yerləşdiriləcək, mətbəxin yeri hara olmalıdır, televizor, soyuducu, masa harada qoyulacaq, hansı tip stullar lazım olacaq, qapılar harada qoyulacaq və hansı istiqamətə açılacaq. Bunlar hamısı əvvəlcədən planlanmalıdır.

Bəzən baxırsan, elə səhvlər buraxırlar ki, çağırdıqları usta bunun heç fərqində deyil. Məsələn, baxırsan ki, hamam otağı qurublar, amma unitazla duş-kabinənin istiqamətini düz seçməyiblər, hamamda digər əşyalar üçün yetərincə yer qalmayıb. Ya da baxırsan ki, hamam otağı və ya sanitar qovşaq həddən artıq böyükdür, amma orada olan avadanlıqların düzülüşü çox eybəcər vəziyyətdədir və s.

Bir də var ki, təmirdə keyfiyyət məsələsi. Keyfiyyətə əmin olmaq üçün isə yenə də bu işi görən və bu işdən başı çıxan birinə müraciət etməlisən, həmin insanın əvvəlki müştərilərindən rəy almalısan ki, görəsən, onlar nə deyirlər. Yəni təmir kor-koranə görüləcək iş deyil – hər şey planlı, ölçülü-biçili olmalıdır.

– Rəna xanım, ev təmirinin ömrü, yaxın və uzaq gələcək olmaqla, neçə ilə hesablanır – beş ilə, on ilə, ya daha çox?

– Bunu dəqiq demək mümkün deyil. Mənzillərdə təmirin ömrünün müddəti mənzil sahibindən asılıdır. Onu necə saxlamasından, təmirdə istifadə etdiyi materiallardan və s. Amma istənilən halda təmirin ömrü ən azı on, on iki, hətta on beş il ola bilər. Elə təmir də var ki, lap iyirmi ildən sonra belə, çox gözəl və zəngin görünüşünü saxlayır.

– 50-60 kvadratmetrlik birotaqlı mənzillərin təmirində necə etmək lazımdır ki, otaq bir qədər geniş görünsün?

– Öncə funksionallığı nəzərə almaq lazımdır. Yəni bu evin, mənzilin sahibi vaxtını daha çox harada keçirir-yataq otağında, qonaq otağında, yoxsa mətbəxdə? Ümumiyyətlə, bu evi nə üçün təmir etdirir – özü yaşayacaq, yoxsa kirayə verəcək? Yeni ailə qurublar, yoxsa çoxdan ailəlidirlər, evdə uşaq, yaşlı var, yoxsa yoxdur? Bütün bunların hamısını nəzərə almaq və nəticədən asılı olaraq düzgün və funksional planlama etmək lazımdır. Qısa desək, kiçik birotaqlı mənzillərdə minimum əşya ilə maksimum effekt yaratmaq əsas şərtdir.

– Sahəsi kiçik olan mənzillərdə mebel seçimi nə dərəcədə önəmlidir?

– Belə mənzillərin daha erqonomik, daha funksional olması üçün mebel seçimi çox önəmlidir. Bu cür mənzillərdə quraşdırılmış mebellərdən istifadə etməyi məsləhət görərdim.

Bu cür mebellər həm funksional, həm də faydalıdır. Çünki quraşdırılmış mebellər çox zaman tavana kimi olur və oraya daha çox əşya yerləşir.

Mebel düzülüşündə diqqət edilməli məqamların biri də tarazlığın pozulmamasıdır. Misal üçün, hesab edək ki, bir tərəfdə siz insan boyunda hansısa bir əşyanı qoyursunuz, digər tərəfdə isə ya orta, ya ondan aşağı başqa bir əşya yerləşdirirsiniz. Nəticədə asimmetriya yaranır. Bu zaman da tarazlıq itir və ev əşyalarla dolu kimi görünür. Mebelləri doğru-düzgün yerləşdirəndə isə elə təsəvvür yaranır ki, bu, mebel deyil, divardır.

Digər diqqət yetirilməli məqamlardan rəng seçimində eyni çalardan istifadə etməyi, ağır pərdələr asmamağı, mənzilin işıqlı olmasına çalışmağı, güzgülərdən istifadə etməyi tövsiyə edərdim.

Burada bir incə nüansı da nəzərə almaq lazımdır – biri var ki, siz mənzili vizual olaraq geniş görmək istəyirsiniz, biri də var ki, siz mənzilinizi həmin kvadratda daha geniş etmək istəyirsiniz. O da rasional olaraq mənzilin hər kvadratmetrinə görə (həm hündürlük, həm üfüqi, həm şaquli olaraq) hesablanır.

– Təmirin üslubunu dizayner müəyyən edir, yoxsa sifarişçi? Hesab edək ki, hər hansı bir mənzilə baxanda dizayner kimi sizin təyin etdiyiniz üslub sifarişçinin təsəvvüründə yaratdığı üslubla üst-üstə düşmür…

– Kompromisə gəlirik. Bəzən olur ki, müştəri üslubun adını deyir, amma biz bilirik ki, onun dediyi üslubla istədiyi tam fərqli ola bilər. Yəni beynində tutduğu, əslində, tam başqa bir şeydir, amma haradasa o üslubun adını eşidib və deyir. Əslində isə dediyi üsluba aid lazımi bilgiləri yoxdur. Bu səbəbdən, biz müştərinin istədiyi üsluba nümunə olaraq ondan nümunə kimi şəkillər xahiş edirik, baxırıq və müəyyən edirik. Müştəri istədiyi üsluba aid şəkilləri göndərəndən sonra müəyyən edirik ki, bu insana hansı üslub lazımdır, yenidən danışırıq, sonda ortaq qərar veririk və razılaşırıq.

Bilirsiniz, interyerin dizaynında əsas məsələlərdən biri də insanın hissidir. Çünki insan öz evində, öz mənzilində istənilən halda özünü rahat hiss etməli, zövq almalıdır – istər evdə dincələndə olsun, istər mətbəxdə iş görəndə. Belə deyək, mənzil daim sahibini çağırmalıdır – rahatlığının mərkəzi olmalıdır.

– Rəna xanım, neçə ildir memar-dizayner işi ilə məşğulsunuz?

– 20 ilə yaxındır.

– Maraqlıdır, sizin sahədə trendlər necə müəyyən olunur?

– Trendlərin müəyyən olunması eynilə moda sahəsindəki kimidir. Məsələn, dizayn jurnalları və ya məşhur studiyalar elan edirlər ki, bu ildən filan əşyalar, mebellər, rənglər, aksesuarlar və s. trenddə olacaq. Dizayna xidmət edən bütün sahələr də – mebel dizaynı olsun, işıq dizaynı olsun, interyer dizaynı olsun -həmin istiqamətdə öz işlərini görərək yeni nələrsə yaradır və bazara çıxarırlar. Dizaynerlər də bütün bu yenilikləri müştərilərinə təklif edirlər. Bir müddət sonra bazarda ən çox diqqətçəkən rəng, üslub, tərz artıq trendə çevrilmiş olur.

– Sizcə, evi sıfırdan tikməyə başlayanda memar-dizayna müraciət etmək sərfəlidir, yoxsa hazır evi alıb müraciət etmək? Hansı daha ucuz başa gəlir?

2

– Bu, bilirsiniz, nəyə bənzəyir? Sırf dərzinin sizə paltar tikməyinə. Bir var ki, siz parçanı alırsınız, verirsiniz dərziyə, o özü ölçür, biçir, istəyinizə uyğun paltar hazırlayır, bir də var, siz hazır paltarı almısınız və aparmısınız dərziyə ki, indi bundan mənə nəsə yenilik yarat – formasını dəyiş, qolsuzdursa, qollu et, bir az kreativlik qat və s. Bu, əlbəttə ki, çox çətin proses olur. Çünki bunun üçün dərzi əvvəlcə o paltarı tam sökməlidir, sonra baxmalıdır ki, sizin bütün istəklərinizə uyğun nəsə etmək mümkün olacaq, ya yox.

Dizayn sahəsində də belədir. İşi sıfırdan başlamaq istənilən halda irəli düşmək deməkdir. Əgər söhbət həyət evlərindən gedirsə, hətta deyərdim ki, nəinki tikməyə başlamamış, həyəti almamışdan əvvəl memara müraciət edib məsləhətləşmək lazımdır ki, biləsiniz, alacağınız torpağın landşaftı necədir, quruluşuna görə istədiklərinizi burada əldə edə, reallaşdıra biləcəksiniz, yoxsa yox? Otaqların sayını, otaq sayına görə əşyaların yerləşdirilməsini, pəncərə sayının çox olmasını, mənzilin işıqlı olub-olmayacağını, sanitar qovşağı istədiyiniz kimi qurmağın mümkünlüyü və sairi öncədən dəqiqləşdirmək çox vacibdir.

– Sizcə, təmir-dizayn sahəsində ən çox xanımlar kapriz göstərirlər, yoxsa kişilər?

– Doğrusu, ayrı-seçkilik etmək istəməzdim. Elə ailələr var ki, xanımlar təmir işlərinə çox da qarışmırlar. Elə ailələr də var ki, əksinə, qadınlar daha çox bu işin içində olmaq istəyirlər.

Belə deyim, kişilər üçün önəmli olan keyfiyyətdir. Ən böyük istəkləri ən keyfiyyətlisini almaq, amma çox pul xərcləməməkdir. Xanımlar üçün isə önəmli olan gözəllik, komfort, rahatlıqdır. Xanımlarımızın əksəriyyəti, əsasən, mətbəxdə çox vaxt keçirdikləri üçün çalışırlar, hər şey əlçatan, rahat olsun. Əslində, bunun da birmənalı olaraq xanımlara xas xüsusiyyət olduğunu deyə bilmirəm. Çünki elə kişilər var ki, onlar da mətbəxdə vaxt keçirməyi sevir və hər şeyə xanımlardan da çox diqqət yetirirlər – mebelin düzülüşündən tutmuş tutacaqlara qədər.

– Təmir-dizayn işləri zamanı ən əsas məsələlərdən biri də doğru rəng seçimidir. Bəzən elə mənzillərə rast gəlirik ki, təmiri yüksək səviyyədə olsa da, rəng harmoniyası çox sıxıcı, hətta o dərəcədə qovucu olur ki, dönüb çıxmaq istəyirsən. Memar-dizaynerlər rəng seçimi edərkən nəyi əsas götürürlər -müştərinin xarakterini, ilin trendini, yoxsa alınacaq mebelləri?

– Təmir zamanı rəng seçimi, əlbəttə ki, çox önəmli faktordur. Amma bu, həm də zövqə bağlı bir məsələdir. Zövqlər isə müzakirə olunmur. Məsələn, mənim öz evimə gələnlər deyirlər ki, rənglər çox tünddür. Mən isə məhz o rənglərin harmoniyasında özümü rahat hiss edirəm. Yataq otağımı götürsəm, orada da eyni. Gərək bütün pəncərələri bağlayım, zərrəcə işıq düşməsin, çünki tam qaranlıqda yatmağı sevirəm.

Elə insanlar da var ki, əksinə – açıq rəngləri, rəngarəngliyi sevirlər. Sizin dediyiniz kimi, rənglərin boğucu, sıxıcı olması insanın xarakterindən, yaşam tərzindən, həyat fəlsəfəsindən asılıdır.

Zövqlərin üz-üzə qaldığı belə situasiyalarda memar-dizayner kimi üstümüzə düşən əsas işlərdən biri də müştəriləri düzgün istiqamətləndirməkdir. Hər bir halda, müştərinin hansı rəngləri heç sevmədiyini nəzərə alırıq, öz sevdiyi rənglərin də uyğun çalarlarını seçməyə çalışırıq. Var aqressiv rənglər və onların çalarları, var sakit rənglər və onların çalarları. Var təbiətdə mövcud olan rənglər, var təbiətdə mövcud olmayan rənglər. Seçim, təbii ki, müştərinin son qərarına bağlıdır. Şəxsi fikrimə gəlincə, mənə görə, əgər seçim təbiətdə mövcud rənglərdən və onların çalarlarından yanadırsa, həmin rəng otaqlarda düzgün və uyğun şəkildə istifadə olunursa, inanın, hamının xoşuna gələcək.

– Təmir-dizayn işlərinin qiymətləri nəyə əsasən formalaşır?

– Bu gün bazarda özünə dizayner deyən insanlar çoxdur. Onlar, əslində, dizaynla yox, dəllallıqla məşğuldurlar. Təbii ki, bu cür “dizayner”lərin qiymətləri də aşağıdır. Əlbəttə ki, peşəkar şəkildə dizayn layihəsi istəyirsinizsə, bunun qiyməti aşağı olmayacaq. Qiymət işə sərf olunan saata görə hesablanır.

Ona görə də mən sosial hesablarım üzərindən də çalışıram ki, insanları maarifləndirim. Bilsinlər ki, dizayn işi nədir, niyə təmir prosesini memar-dizayna etibar etmək lazımdır və qiymətlər nəyə əsasən formalaşır.

Bəzən baxırsan ki, dekorasiya ilə məşğul olan insan özünə dizayner deyir. Onlar nə planlamanı, nə mebel ölçülərinin təyin olunması üçün düzgün hesablama aparmağı, nə avadanlıqların harada necə yerləşdirilməsinin daha doğru olmasını, nə də elektrik yuvalarının yerinin düzgün təyin edilməsini bilmirlər. Çünki bütün bunlar hamısı kompleks şəkildə dizayn layihəsi adlanır. Dizayn layihəsini isə yalnız ali təhsilli memarlar və dizaynerlər həyata keçirə bilərlər. Layihəni heç bir halda bir dizayner, yaxud bir memar həyata keçirə bilməz – bu, komanda işidir.

– Rəna xanım, mənzil satışında belə bir məsələ var – sahəsi az olan mənzillərin qiyməti hər kvadratmetrə görə daha yüksək qiymətləndirilir. Məsələn, 60 kvadratmetrlik birotaqlı mənzilin kvadratını hesablayırlar iki min manatdan, iki-üç otaqlı və daha çox sahəsi olan mənzillərin kvadratını isə 1 800 manatdan. Təmir-dizayn işləri zamanı da az kvadrata çox, çox kvadrata az pul hesablanması düsturu qüvvədədirmi?

– Bəli, dizayn işində də eynən belədir. Nəzərə alın ki, bir var, bir layihəni 100 kvadratmetrdə həyata keçirirsən, bir də var, 50 kvadratmetrdə. Kiçik mənzillərdə daha çox əmək sərf olunur.

– Memar-dizaynerlərə ən çox mənzil sahibləri, villa sahibləri, yoxsa həyətyanı sahədə ev tikmək istəyən insanlar müraciət edirlər?

– Mənzil sahiblərinin müraciəti, əlbəttə ki, çoxdur. Səbəb də odur ki, say etibarı ilə mənzillər villa və həyətyanı sahələrdən çoxdur. Yaxşı hal odur ki, getdikcə müştəri bazası da cavanlaşır. Yəni əvvəl, əsasən, 35 yaşından yuxarı, özü mənzil alan bilən təbəqə müraciət edirdisə, indi daha çox cavan ailələr, hətta kiçik mənzil alsalar belə, memar-dizaynerə müraciət etməyə çalışırlar.

Sadəcə, bizdə memarlıqda həyət evləri ilə bağlı bir məsələ də var, istəyirəm, ona da toxunum. Bir çoxları həyət evlərində tikilinin çölünü düşünürlər, amma içinə fikir vermirlər. Baxırsan ki, satışda olan ev villadır, çöldən gözəl memarlıq nümunəsidir, landşaftı da pis deyil, amma elə ki içəri girdin, bütün gözəllik bitir. Dəhşətə gəlirsən ki, içəridə bahalı hər şeydən istifadə olunub, amma heç nə yerində deyil. Elə bil ki, usta deyib, filan şeylər bahalıdır, keyfiyyətlidir, onları alaq, bunu oraya yapışdıraq, onu buraya yapışdıraq, vəssalam. O qədər pul xərclənib, amma ortada zövqsüzlükdən başqa heç nə yoxdur. Bu cür dırnaqarası təmirli evləri, villaları satmaq da asan olmur. Çünki alan adam, pul verən adam hər şeyin yaxşı olmasını istəyir.

Bağ evlərinə də yanaşma eynidir. Tikirlər, qururlar, içinə çatanda deyirlər, “əşi, bağ evidir də”.

– Mənzillərin təmirində bir ağrılı məqam da var. Bəzi hallarda mənzilin sahəsini genişləndirmək üçün onun daxilindəki müəyyən divarları sökürlər. Bir memar-dizayner kimi necə düşünürsünüz, mövcud divarların hansınısa sıradan çıxartmaq olarmı?

– Siz yeni tikililəri nəzərdə tutursunuz, yoxsa köhnə tikililəri?

– Fərqi yoxdur, elə hər ikisini.

– Fərq var, əslində. Çünki köhnə tikililərin bünövrəsi var və onların bünövrəsinə çox vaxt xələl gətiriblər. Təsəvvür edin ki, sadə eyvanların altına sütunlar qoyub artırmalar ediblər və bu artırmaların heç bir özəyi, bünövrəsi yoxdur. Bu da binanı müəyyən mənada dartmaq deməkdir. Təbii ki, heç xoşa gəlməyən hallardır.

Köhnə binaların konstruksiyası elədir ki, orada həm daşıyıcı divarlar var – hansı ki, toxunmaz olmaz, həm də daşıyıcı olmayan divarlar var, hansı ki, müəyyən mənada toxunmaq olar. Misal üçün, beşmərtəbəli binanın beşinci mərtəbəsidirsə və həmin o sökülməsi nəzərdə tutulan divarın daşıyıcı yükü yoxdursa, ona müəyyən üsullarla toxunmaq olar.

Yeni tikililərdə isə heç kim icazə verməz ki, daşıyıcı divarları və sütunları kimsə söksün. Bunlar hamısı statistik məsələlərdir, hesablamalarda nəzərə alınır.

– Mənzillərdə səs izolyasiyası da problemli məqamlardandır. Qonşu bir az möhkəm danışsa, biz onu rahat eşidə bilirik, yaxud əksinə. Bu problemi aradan qaldırmağın bir yolu varmı?

1

– Yeni tikililərlə bağlı onu deyə bilərəm ki, səs izolyasiyası elə də ucuz bir şey deyil. Əgər tikinti şirkətləri bunu düşünməli olsalar, o zaman mənzillərin qiyməti bir neçə dəfə qalxa bilər. Çünki izolyasiya, sadəcə, divarlarda yox, döşəmə və tavanda da olmalıdır. Bu işi fərdi şəkildə kimlərsə gördürə bilərlər, təbii. Amma yenə də vurğulamaq istəyirəm – bu, çox bahalı bir istəkdir.

– Qiymət məsələsinə bir də qayıdası olsaq, memar-dizaynerin təyin etdiyi məbləğ hər kvadratmetr üçün minimum nə qədərdən başlaya bilər?

– Minimin qiymət 600 manatdan başlayır, amma yenə də baxır, həmin qiymətə nələr daxildir.

– Lazım olan materiallar da memar-dizayner tərəfindən alınır?

– Özümüz də ala bilərik, məsləhət də verə bilərik. Müştəriyə necə uyğundursa.

– Sual bir qədər qəribə səslənə bilər, amma maraqlıdır, hər hansı materialları alanda onların hansı firmadan və neçəyə alınması ilə bağlı müştəriyə qaimə təqdim olunur, yoxsa müştəri sizin sözünüzə inanır?

– Əlbəttə. İşə professional yanaşma bunu tələb edir. Bizdə qaimələrin hamısı verilir, alınan hər şeyin şəkli də çəkilir və nə niyə alınıb – hamısı qeyd olunur. Bu, işə peşəkar yanaşmadır ki, sabah kimdəsə işə qarşı hər hansı şübhə yaranmasın. Nə alınıb, haradan alınıb, nə qədər alınıb – hamısının statistikası aparılır və lazım olanda ortaya qoyulur. Biz öz imicimizi, adımızı qorumaq üçün əlbəttə ki, bunu etməliyik və edirik. Eyni zamanda, özümüz də sonra o statistika ilə işləyirik. Əks halda sizin kimi sual verən olanda ki, məsələn, bağ evində, yaxud filan tipli mənzildə təmir neçəyə başa gəlir – mən necə cavab verə bilərəm? Nəyin əsasında qiymət deyə bilərəm? Ona görə də həm özümüzdə, həm də müştəridə hər şey barədə tam aydın məlumat olur.  

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova