İctimai qınaq deyəndə niyə yada alt paltarı düşür? – FOTO | DEFAKTO.AZ İctimai qınaq deyəndə niyə yada alt paltarı düşür? – FOTO – DEFAKTO.AZ

İctimai qınaq deyəndə niyə yada alt paltarı düşür? – FOTO

6




Kubra Məhərrəmova yazır…

Əslində bu barədə çox danışmışıq, çox yazmışıq. Yəni əlimizdən bu gəlir, bunu da etmişik. Görünən odur ki, yenə də dalana dirənmişik və oradan çıxa bilmirik.

Sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan videoda bir qadın gecə geyimində bir dükana daxil olaraq nəsə almaq istəyib. Onun geyiminə görə qadını dükandan qovublar. Hələ üstəlik bunun görüntülərini də paylaşıb, linç əməliyyatına başlayıblar.

Rəhmətlik Cavanşir Məmmədovun sözü olmasın “yaxşı edirsiniz, amma düz etmirsiniz”.

Çünki bir adamı geyiminə görə dükandan qovmaq ən azı düzgün deyil. Konstitusiyamız onlara belə bir hüquq və azadlıqlar verməyib.

Bu yerdə maraqlı bir sual yaranır, o qadının yanında bir lay-divar kişi olsaydı, yenə də o qadını dükandan qovardılarmı? Yenə də o qadını təhqir edərdilərmi? Yenə də namus-qeyrət operasından akt oynayardılarmı?

Görəsən, o qadın bahalı avtomobildən düşsəydi, ona yenə eyni reaksiya verərdilərmi?

Açığı bununla bağlı əsaslı şübhələrim var…

Ölkədə məşhur fəaliyyət növü ilə məşğul olan qadınların yas və toy məclislərində yuxarı başda oturulmasının şahidi olaraq deyirəm bunu. Guya məclisdəkilər bilmir ki, yuxarı başda kim oturub? Guya məclisdə olanların arasında müştərisi olanlar yoxdur ki? Guya özünüz hər gün bunun şahidi olmursunuz?

Yenə də deyirəm, kimin hansı peşə ilə məşğul olmasının mənə heç bir aidiyyəti yoxdur. Sadəcə cəmiyyətin münasibəti adamı çaş-baş qoyur. Əgər biz həqiqətən də, yüksək mənəvi dəyərlərlə yaşayan, bunu təbliğ edən cəmiyyətiksə, o zaman niyə namus-qeyrət, ictimai qınaq ancaq və ancaq sosial cəhətdən aşağı olan kəslər üçün keçərli olur? Yəni kasıbın balası fahişə olur, amma pullu kişinin istirahət etdiyi qadın yeyib-içən? Məntiq niyə belə işləyirki?

Niyə ümumiyyətlə ictimai qınaq deyəndə ağıla ilk gələn şey alt paltar olur?

Niyə rüşvət alıb-verənlər ictimaiyyət tərəfindən qınanılmır? Əksinə fərasətli, bacarıqlı insanlar kimi dəyərləndirilirlər… Niyə tərəzidə, qiymətdə aldadan şəxslər qınağa rast gəlmirlər? Əksinə qapısına borc üçün gedirlər…

Niyə vəzifəyə təzə gedən adamın “çak-çuk” etməsi ictimai qınaq üçün maraqlı deyil? Əksinə yeni kadrdır, qoy “əli çörəyə çatsın” şüarı ilə ictimai qınaqçılar dəstək göstərir o kəslərə.

Niyə 12-15 yaş arası qız uşağını özlərinə arvad edənlər ictimai qınağa rast gəlmirlər? Niyə insanımız demir ki, ay adam, bu pedofillikdir?! Niyə bu yeniyetmələrin valideynləri qınanınmır ictimai qınaqçılar tərəfindən?

12-14 yaşlı qız uşağının özündən 15-20 yaş böyük olan biri ilə yatağa atılması niyə ictimaiyyət üçün qınaq mövzusu deyil? Bu cinayət, bu iyrəncilik, bu üfunət niyə qınağa rast gəlmir?

Niyə elə tək-tük insanlar qışqırıb-bağırır bu barədə? Sonda yenə də xəbər tuturuq ki, 15 yaşında bir uşaqla qayıdıb atası evinə.

Amma nə badə, kimsə qısa ətək geyinsin. Kimsə dekolte geyinsin “qınaqçılar” çıxacaq adam ovuna.

Yeri gəlmişkən, ictimai qınaqçılar üçün əla mövsüm gəlir, necə deyərlər “çörəkli” mövsüm – şort geyinənlər mövsümü. Yenə sosial şəbəkələr şort geyinənlərin görüntüləri ilə, linç edənlərin rəyləri ilə aşıb-daşacaq.

Adi insanların dolanışığını, rifahını, sosial vəziyyətini sorğulamayan, amma insanların alt-paltarının haqq-hesabını aparanlar yenə gələcəklər meydana.

Nə deyim? Allah bizi bu yayın istisindən və “ictimai qınaqçıların” şərindən qorusun!