Türkiyə bu ölkəyə 48 döyüş təyyarəsi göndərir

Türk Aerokosmik Sənayesi A.Ş. (TUSAŞ) İndoneziyaya 48 ədəd beşinci nəsil KAAN döyüş təyyarəsi verəcək.
Defakto.az xəbər verir ki, bu barədə şirkət "X" sosial şəbəkəsində müvafiq paylaşım edib.
"KAAN qırıcılarının İndoneziyaya tədarükü ilə bağlı rəsmi müqavilə "IDEF-2025" müdafiə sərgisi çərçivəsində imzalanıb", - məlumatda deyilir.
Bildirilir ki, bu, Türkiyə tarixində hərbi sənaye məhsullarının ixracı üzrə ən böyük sövdələşmə olub.
Xatırladaq ki, iyun ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn razılaşmanı açıqlamışdı.
2024-cü ilin fevral ayında Türkiyənin "Kaan" döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib.
“Kaan” qırıcısı 2017-ci ildən Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. İlkin hesablamalara görə, onun seriyalı istehsalına 2028-ci ildə başlanılacaq. Səlahiyyətlilər həmçinin bəyan ediblər ki, “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın F-35-lərini keçəcək və hazırda respublikanın Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz edə bilər.