Moskvada yerə çırpılaraq komaya düşən Məhəmməd sağalıb - VİDEO

image

Moskvanın Şeremetyevo hava limanında narkotik istifadəçisinin havaya qaldıraraq yerə çırpdığı 2 yaşlı Məhəmməd adlı oğlan uşağı xəstəxanadan evə buraxılıb.

Defakto.az "SHOT"a istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, uşaq artıq özbaşına yemək yeyir, su içir və tədricən danışmağa başlayır. Onun emosional reaksiyaları da bərpa olunub – uşaq çoxlu oyuncaqla oynayır, yeriyir və əllərini sərbəst hərəkət etdirir.

Mütəxəssislər bildirirlər ki, ən ağır proqnozlar özünü doğrultmayıb, uşağın vəziyyəti gözləniləndən daha sürətlə yaxşılaşıb. Lakin tam reabilitasiya üçün dəqiq vaxt hələ müəyyən edilməyib.

Xatırladaq ki, Məhəmmədin ailəsinin İrandakı hücumlardan qaçaraq Əfqanıstana keçdiyi və çətin marşrutla Rusiyaya çatdığı bildirilir.

Məlumata görə, hadisəni törədən şəxs Kipr və ya Misirdən Moskvaya uçub. Hadisədən sonra o, narkotik vasitənin təsiri altında olmaqda şübhəli bilinərək saxlanılıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, şübhəlinin qanında marixuana izləri aşkar edilib. Digər məlumatlarda isə onun üzərində narkotik tapıldığı bildirilir.

Bildirilib ki, hadisə zamanı onun yanında olan qadın tanışı Vitkovun hərəkətindən şoka düşüb.

Şübhəli şəxs "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə həbs edilib.