Böyük Britaniya Rusiyaya çağırış etdi

image

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin 30 saatlıq "Pasxa atəşkəsi" elanından sonra Rusiyanı Ukraynada tam və qeyd-şərtsiz atəşkəsə riayət etməyə çağırıb.

Defakto.az xəbər verir ki, bu barədə “Reuters” nazirliyin bəyanatına istinadən xəbər verir.

Nazirliyin sözçüsü bildirib ki, Ukrayna artıq tam atəşkəsə sadiqdir və Rusiya da eyni addımı atmalıdır. Bu, ədalətli və davamlı sülh danışıqları üçün şərait yaradacaq. Sözçü əlavə edib: "İndi Putin üçün bu dəhşətli işğala son qoyaraq sülhə ciddi yanaşdığını göstərmək vaxtıdır".

Putinin elan etdiyi "Pasxa atəşkəsi" 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-a qədər qüvvədə olacaq. Lakin Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın bu atəşkəsi pozduğunu və hücumların davam etdiyini bildirib. Zelenski qeyd edib ki, Rusiya artilleriyası hələ də fəaliyyət göstərir və bu, Moskvanın sözlərinə inamı sarsıdır. O, Rusiyanın həqiqətən sülhə hazır olduğunu göstərmək üçün atəşkəsin 30 günə qədər uzadılmasını təklif edib.

Böyük Britaniya və İtaliya da Rusiyanı qeyd-şərtsiz atəşkəsə razı olmağa çağırıb. Ukrayna isə ABŞ-ın təklif etdiyi 30 günlük tam atəşkəsi qəbul etməyə hazır olduğunu bildirib.