İran ABŞ ilə danışıqları davam etdirəcək - XİN

image

Danışıqlar prosesi konstruktiv və məhsuldar olduğu müddətdə İran nüvə proqramı ətrafında ABŞ ilə danışıqları davam etdirəcək.

Defakto.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

"Biz danışıqlar prosesinin konstruktiv və səmərəli davam etdiyinə inandığımız müddətcə ABŞ ilə danışıqları sürdürəcəyik. Biz İran xalqına qarşı ədalətsiz şəkildə tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün danışıqları tam ciddiyyət və xoşməramla davam etdirməyə hazırıq. Təbii ki, razılaşma çərçivəsində bizim mövqelərimiz müzakirəyə tam hazırdır", – o deyib.

Nazirlik nümayəndəsi vurğulayıb ki, İranın nüvə proqramı dinc xarakter daşıyır və bu, dəfələrlə sübut olunub: "İranın texniki və nüvə nailiyyətlərinin qorunub saxlanması ABŞ ilə danışıqlarda ilkin şərtdir".

"Eyni zamanda, nüvə proqramımızla bağlı hər hansı şübhələri aradan qaldırmaq üçün əməkdaşlığa hazır olduğumuzu bildirdik. Hesab edirik ki, İrana qarşı tətbiq edilən sanksiyalar təhlükəsiz şəkildə və onların ləğvinin həyata keçirilməsinə təminat verilməklə aradan qaldırılmalıdır. Ona görə də bu iki məsələ ilə bağlı mövqeyimiz prinsipialdır".

Qeyd edək ki, bu gün Romada İran və ABŞ arasında nüvə sazişi üzrə məsləhətləşmələrin ikinci raundu baş tutub.