Britaniyada "British Steel" böhranı: Nəhəng şirkət bağlanmaq ərəfəsindədir

image

Böyük Britaniyada Çinə məxsus "Jingye" sənaye qrupunun tərkibində fəaliyyət göstərən "British Steel" şirkətinin Skuntorp şəhərindəki polad istehsalı müəssisəsinin bağlanmaq üzrə olması ilə başlayan və hökumətin müdaxiləsi ilə yeni mərhələyə keçən böhran, ölkənin polad sənayesindəki struktur zəiflikləri üzə çıxarıb.

Defakto.az Qayanrinfo-ya istinadən xəbər verir ki, "Jingye" şirkəti gündəlik təxminən 700 min funt-sterlinq dəyərində maliyyə itkisi yaşadığı və hökumətlə dəstək mövzusunda razılığa gələ bilmədiyi üçün ötən ay müəssisəni bağlamaq üçün rəsmi məsləhətləşmə prosesinə start verdiyini açıqlamışdı. Bu açıqlamanın ardından Böyük Britaniya hökuməti qeyri-adi bir addım ataraq təcili qanun çərçivəsində istehsal müəssisəsinin idarəsini öz üzərinə götürüb.

Hökumət ölkədə qalan yeganə ilkin polad istehsalı müəssisəsində soba fəaliyyətinin dayanmasının qarşısını almaq üçün zəruri olan xammalın təmininə yönəlik əhəmiyyətli bir prosesə başlayıb. Rəsmi açıqlamaya görə, müəssisənin istehsalını bir neçə həftə davam etdirmək üçün lazım olan əsas xammal ABŞ-dan tədarük edilib. Lakin uzunmüddətli davamlılıq üçün xammal təminatının sabit şəkildə həyata keçirilməsi həlledici əhəmiyyət daşıyır.

Əgər böyük soba fəaliyyəti dayansa, Böyük Britaniya ilkin polad istehsal qabiliyyətini tamamilə itirmək riski ilə üzləşəcək. Belə bir vəziyyətdə, "British Steel" və ümumilikdə Britaniyanın polad sənayesinin gələcəyinə dair qeyri-müəyyənlik əsas gündəm mövzularından birinə çevrilib.

"Anadolu Agentliyi"nin Böyük Britaniyanın polad sənayesi təşkilatı "UK Steel"in məlumatlarına əsasən hazırladığı xəbərə görə, Britaniya hazırda daxili polad tələbatının 68%-ni idxal yolu ilə qarşılayır. Bu vəziyyət, poladdan geniş istifadə olunan strateji sektorlarda ölkəni qlobal təchizat şokları və geosiyasi risklər qarşısında zəif vəziyyətə salır.

Britaniya Parlamenti tərəfindən yayımlanan məlumatlara görə, ölkənin polad sektoru 2024-cü ildə iqtisadiyyata 1,7 milyard funt-sterlinq töhfə verib və 37 min nəfərə birbaşa məşğulluq təmin edib. Bu sektorun ümumi daxili məhsuldakı payı isə 0,1% səviyyəsindədir.

Britaniya 2023-cü ildə 5,6 milyon ton polad istehsal edərək qlobal istehsalın yalnız 0,3%-ni təşkil edib. Əvəzində Çin təkbaşına 1 milyard tonla dünya istehsalının 54%-ni, Avropa İttifaqı isə 126 milyon tonla 7%-ni təmin edib. Aİ ölkələri ilə müqayisədə Britaniya Almaniya, İtaliya, İspaniya, Fransa, Avstriya, Polşa və Belçikadan sonra 8-ci ən böyük ilkin polad istehsalçısıdır.

Əgər "British Steel" müəssisəsində istehsal dayansa, Britaniya ilkin polad istehsalı qabiliyyəti olmayan yeganə G7 ölkəsi olacaqdı.

Britaniya polad sənayesindəki istehsalçılar artan enerji xərcləri, tənzimləyici çətinliklər və xüsusilə dövlət dəstəyi alan Çin firmaları ilə rəqabət səbəbilə ciddi çətinliklərlə üzləşirlər. ABŞ-ın sabiq prezidenti Donald Trampın polad və alüminium məhsullarına tətbiq etdiyi 25% rüsum da bu təzyiqləri daha da artırıb.

"UK Steel" təşkilatının ticarət və iqtisadi siyasətlər üzrə direktoru Krisa Qlistra Anadolu Agentliyinə verdiyi açıqlamada hökumətin "British Steel"ə müdaxiləsini məmnuniyyətlə qarşıladıqlarını bildirib. Onun sözlərinə görə, bu qərar təkcə müəssisədə çalışanlar üçün deyil, bütövlükdə ölkənin polad sənayesi üçün əhəmiyyətlidir:

"Son illərdə ölkəmizin polad istehsal infrastrukturu ciddi şəkildə daralıb və bu gedişata son verməliyik. Geosiyasi qeyri-sabitlik və ticarət risklərinin artdığı bir dövrdə bu məsələ daha da kritik hala gəlib. "British Steel"dəki təcili vəziyyət nəzarətə alındıqdan sonra hökumət yaxın zamanda açıqlanması gözlənilən "Polad Strategiyası" çərçivəsində sektoru bürüyən daha geniş problemlərə çevik və qərarlı yanaşmalıdır. Rəqabətədavamlı enerji qiymətləri, güclü ticarət müdafiə mexanizmləri, daha təsirli sərhəddə karbon vergisi tənzimləməsi, aktiv dövlət satınalma siyasəti və xammal təminatına dair əhatəli strategiya bu planın mərkəzində olmalıdır. Bütün bu amillər, sektora sərmayə cəlb edə biləcək rəqabətədavamlı biznes mühiti yaratmaq və Britaniyanın qlobal bazarda ayaqda qalmasını təmin etmək üçün həyati önəm daşıyır".