Bill Qeyts açıqladı: Sərvətinin 1%-dən azını övladlarına verəcək

"Microsoft"un qurucusu və dünyanın ən varlı adamlarından biri Bill Qeyts övladlarına qoyacağı mirasla bağlı açıqlamalar verib.
Defakto.az “New York Post”a istinadla xəbər verir ki, bir podkastda danışan Qeyts sərvətinin 1%-dən az hissəsini üç övladına qoyacağını deyib.
Biznesmen bildirib ki, 100 milyard dolları keçən sərvətinin böyük hissəsini isə xeyriyyə məqsədilə ianə etməyi planlaşdırır.
“Mənim vəziyyətimdə uşaqlarım əla yetişdirilib və yaxşı təhsil alıblar. Amma sərvətimin 1%-dən azını alacaqlar, çünki bunun onlar üçün bir yaxşılıq olmayacağına qərar vermişəm. Bu bir sülalə deyil. Onlardan “Microsoft”u idarə etmələrini istəmirəm”,- deyə milyarder əlavə edib.
B.Qeyts başqa valideynlərə də miras məsələsində düşünməyi tövsiyə edib:
“Mən onlara özlərinin pul və uğur qazanmaları üçün şans təqdim edirəm. Onlara vacib adam olmaları və mənim sahib olduğum inanılmaz şans və tarixin kölgəsində qalmamaları üçün fürsət verirəm”.
Bill Qeyts sərvətinin böyük hissəsini 2000-ci ildə keçmiş həyat yoldaşı Melinda Qeytslə birlikdə qurduğu “Bill və Melinda Qeyts Fondu”na köçürəcəyini açıqlayıb.
2021-ci ildə boşanmadan sonra fondun adı dəyişdirilərək "Gates Foundation" olub. Fond dünyanın ən böyük xeyriyyə təşkilatlarından biri kimi tanınır.
Qeyd edək ki, “Forbes”in 2025-ci il milyarderləri siyahısına görə, Qeytsin sərvəti 102,2 milyard dollardır. Bu məbləğ onu planetin 13-cü ən varlı adamı edir. Siyahıya 342 milyard dollarla İlon Mask başçılıq edir.
Onun övladları Qeytsin sərvətinin yalnız kiçik bir hissəsini miras qoysalar da, onların hər birinin sərvəti 1 milyard dollardan çox olacaq. Geytsin 28, 25 və 22 yaşlarında üç övladı var.
Billurə