Dil, təkcə xalqların tarixi yaddaşı deyil, həm də inkişafında rolunu artırmaqdadır - RƏY

“Qloballaşan dünyada hər bir xalq milli dəyərlərinin qorunub saxlanılması və həmin dəyərlərin assimilyasiyaya məruz qalmaması üçün böyük səylər göstərir. Dil insanlar arasında ən vacib ünsiyyət vasitəsi kimi milli identikliyi nümayiş etdirən komponentlərdən biridir. Ona görə də Azərbaycan dilinin yad təsirlərdən müdafiəsi və inkişaf etdirilməsi günümüzün aktual mövzuları sırasında xüsusi yer alır.
1 avqust – Azərbaycan əlifbası və dili günüdür. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur”.
Bunu Defakto.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.
O bildirib ki, Ulu öndər Heydər Əliyev də Azərbaycan dilinin mənəvi zənginliyindən və bu dilin daşıyıcısı olduğuan görə hər zaman fəxr edib: “Ulu öndər dilimiz haqqında çoxsaylı fikirləri mövcuddur. Dilimizin zənginliyini qeyd edən Ulu öndər deyib: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik. Dil birliyimiz, türkdilli ölkələr, türk dövlətləri qrupuna daxil olmağımız üzərimizə çox böyük vəzifələr qoyur”.
Bəli, dil onun daşıyıcılarının üzərinə böyük məsuliyyət qoyur, çünki dil dədə-babalarımızdan bizə yadigar qalan və gələcək nəsillərə ötürülən bir irsdir. Ona görə də hər bir vətəndaş dilin saflığının qorunması, yad sözlərin dilimizə daxil edilməməsi, Azərbaycan dilinin incəliklərinin itirilməməsi üçün əzmlə çalışmalı, vətənpərvərlik və milli maraqlar prizmasından çıxış etməlidir. Ən azından, ötən 100 illik tarixə nəzər yetirmək və dilimizin inkişafı önündə mövcud maneələrin hansı çətinliklərlə aradan qaldırıldığını xatırlamaq hər kəsi məsuliyyətli olmağa vadar etməlidir.
XX əsrin 70-ci illərinin ortalarından başlayaraq keçmiş sovetlər birliyinə üzv olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi aktual məsələ kimi yenidən gündəmə gətirildi. Çünki, 1977-ci ildə sovet konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması elementləri özünü təzahür etdirməyə başlamışdı. Belə bir vəziyyətdə ana dilinin təbliği ətrafında diskussiyalar aparmaq ciddi təqiblərlə üzləşirdi və təkcə onu demək kifayət edir ki, ötən əsrin 30-ci illərində - yəni SSRİ-nin yarandığı ilk illərdə dil məsələsini qabardanları sürgünə məruz qoymuşdular.
Sovet cəza maşınının sərt tədbirlərinə baxmayaraq, xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması istiqamətində fəal səylər ortaya qoydu. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyev 73-cü maddəni bu şəkildə verməyi təklif etdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin yanaşma “sovet xalqı” adı altında milli özünəməxsusluqları nəzərə almayan bolşevik ideologiyasını rədd edir, Azərbaycan xalqının öz dilinə sayğı ilə yanaşaraq onu qorumaqda israrlı olduğunu təsdiqləyir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində - müstəqilliyin bərpası sayəsində yaranmış tarixi şərait Azərbaycan dövləti üçün dünya xalqlarının ümumi yazı sisteminə qoşulma perspektivlərini açdı. Artıq hər kəs başa düşürdü ki, latın qrafikalı Azərbaycan əlifbasının bərpası zəruridir. 1995-ci ildə yeni Konstitusiya hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Təkliflərin çox böyük əksəriyyətində ana dilinin Azərbaycan dili adlandırılması dəstəkləndi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili elan edildi.
Dilin tətbiqi, qorunması və inkişafı ona görə labüddür ki, o, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün də zəmin yaradır.
Azərbaycan dili və əlifbasının inkişafında Prezident İlham Əliyevin verdiyi qərarlar dil və əlifbamız üçün yeni mərhələ sayılmalıdır. Belə ki, dövlət başçımızın “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan dilinin ictimai həyatın bütün sahələrində geniş tətbiqinə münbit şərait yaradıldı. Bundan başqa, müasir dövrün tələbləri və reallıqlarını nəzərə alan Prezidentin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na dair sərəncamı milli və mənəvi varlığımızın güzgüsü olan ana dilinin saflığı və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə sayılmalıdır.
Bəli, ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi fəxarət hissi doğurur. Hər bir azərbaycanlı hansı ölkədə yaşamasından asılı olmayaraq, öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Qlobbalaşan dünyada buna əməl etmədən milli dili və əlifbanı qoruyub saxlamaq mümkün görünmür. Çünki dil tək ünsiyyət vasitəsi deyil, həm də xalqların tarixi yaddaşı, ədəbi və mədəni inkişafının simvolu kimi rolunu artırmaqdadır”.
Mürtəza