Razi Nurullayevdən TƏNQİD: “Ombudsman Aparatı pandemiyanı əsas gətirib xalqdan uzaq düşüb” | DEFAKTO.AZ Razi Nurullayevdən TƏNQİD: “Ombudsman Aparatı pandemiyanı əsas gətirib xalqdan uzaq düşüb” – DEFAKTO.AZ

Razi Nurullayevdən TƏNQİD: “Ombudsman Aparatı pandemiyanı əsas gətirib xalqdan uzaq düşüb”

57

“İnsan hüquqları üzrə müvəkkilin hesabatı təbii ki, qəbul ediləcək. Hələ qəbul edilməyən, çək-çevir yaradan hesabat görməmişəm. Amma, istərdim ki, parlamentdə hesabat dinləmə, hesabat vermə və hesabata münasibətdə keyfiyyət dəyişikliyi olsun. Hesabatı verməyə gələn aidiyyəti qurumların rəhbərləri birdən hesabat qəbul edilər, birdən qəbul edilməz deyə narahatlıq keçirsinlər. Hər kəs gələndə bilir ki, hesabatı qəbul ediləcək. Bu arxayınçılığı parlamentin nüfuzuna ziyanlı hesab edirəm”. 

Bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclası zamanı deyib.  Onun sözlərinə görə, neçənci dəfədir ki, parlamentin İnsan hüquqları komitəsində müvəkkilin hesabatını dinləyib plenar iclasa tövsiyə edəndə hörmətli müvəkkilin özünü görmürük: “Mən ümumiyyətlə, komitə iclaslarına rəhbər şəxslərin özlərinin gəlməməsini hörmətsizlik hesab edirəm. Bu davranış təkrarlandıqca bizim də yanaşmalarımızın adekvat olacağı başadüşüləndir. Xeyli ölkələr göstərə bilərəm ki, orada insan hüquqları üzrə müvəkkilə müqəddəs insan kimi yanaşırlar. Çünki, o xalqa həqiqətən də çox əlçatan olur. Bu əlçatanlıq da kifayət deyil. Gərək insanlar müvəkkilə son ümid yeri kimi baxsın və nəticə görsün, istilik, nəvaziş və mehribançılıq hiss etsin”.  

R.Nurullayev qeyd etdi ki, Müvəkkilin sosial şəbəkələrdə fəaliyyətinin də təkmilləşdirilməsi zəruridir: “Təəssüf edirəm ki, vəzifəli şəxslərin xeyli hissəsi, o cümlədən müvəkkil aparatı da pandemiyanı əsas gətirib xalqdan uzaq düşüb. Xalqın içində olmaq, onun əlini tutmaq, onu qucaqlamaq, dərdinə şərik olmaq gərəkir. Rəsmi məlumatlar dərc etmək, quru bəyanatlar vermək, onlayn görüşlərin şəklini paylaşmaq xalqı cəlb edə bilməz. Elə ona görə də müvəkkil institutun sosial şəbəkə hesabları darıxdırıcıdır və vətəndaşların ehtiyaclı hissəsi ora daxil olub baxmır. Nəyə baxsın, quru bəyanatlara və şablon sözlərdən ibarət informasiyalara? Hesabatda 73 tövsiyə yer alıb. O qədər gözəl tövsiyələrdir ki, həyata keçirilsə, günü sabahdan İsveçrəyə bənzər ölkədə yaşayarıq. Komitə iclasında müvəkkil aparatının rəhbəri hörmətli Aydın müəllim Səfixanlıya sual verdim ki, hər dəfə bu qədər tövsiyələr verilir, bunların neçə faizi həyata keçirilir? Hörmətli Aydın müəllim dedi ki, tövsiyələr əsasən, təkrar olunmur, hesabat dövrü 70 faiz tövsiyələr həyata keçirilir. Əgər bu rəqəm doğrudursa, ölkədə ən azından qanunvericilik baxımından problem olmamalıydı axı, şikayət məktublarının sayı azalmalı, vətəndaşların real problemləri də həll edilməliydi.

Mən bu sualı hörmətli müvəkkil Səbinə xanıma ünvanlayıram. Siz verdiyiniz təkliflərin həyata keçirilmə sayını səsləndirə bilərsinizmi?”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir