Bəşər tarixində kütləvi qətliamların və dəhşətli insan qırğınlarının olmasına baxmayaraq belə əməllərin “soyqırımı” kimi tanınması və hüquqi status alması II Dünya müharibəsindən sonra yaranmışdı | DEFAKTO.AZ Bəşər tarixində kütləvi qətliamların və dəhşətli insan qırğınlarının olmasına baxmayaraq belə əməllərin “soyqırımı” kimi tanınması və hüquqi status alması II Dünya müharibəsindən sonra yaranmışdı – DEFAKTO.AZ

Bəşər tarixində kütləvi qətliamların və dəhşətli insan qırğınlarının olmasına baxmayaraq belə əməllərin “soyqırımı” kimi tanınması və hüquqi status alması II Dünya müharibəsindən sonra yaranmışdı

82

Beynəlxalq hüquqi terminə çevrilmiş “genosid” yunan dilində “genos” (nəsil, kök, soy), latın dilində “caedo” (səslənməsi “sid” – “öldürürəm”) mənasını verən sözlərinin birləşməsidi. İlk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən yəhudilərinin faşistlər tərəfindən milli mənsubiyyətinə görə kütləvi şəkildə, dövlət səviyyəsində, planlı surətdə məhv edilməsi siyasətini ifadə edən bir termin kimi işlədilmişdi. Bundan sonra isə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilməsinə yönələn cinayət əməlləri “soyqırımı” adlandırılmağa başlandı.

BMT-nin Baş Məclisi 11 dekabr 1946-cı il tarixli 96 saylı qətnaməsi ilə soyqırımın beynəlxalq hüquq normalarını pozduğunu, xeyirxah bəşəriyyətin ruhuna və məqsədlərinə zidd olduğunu, sivil dünyanın onu pis bir əməl kimi səciyyələndirdiyini nəzərə alaraq soyqırım əməllərinin cinayət kimi qiymətləndirilməsini zəruri hesab etmişdi. Buna görə də 1948-ci ilin 9 dekabrında “Soyqırımı” cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyası qəbul edilərək, 1951-ci il yanvarın 12-dən qüvvəyə minib.

Konvensiyanın 2-ci maddəsinin tələbinə görə milli, etnik, irqi, yaxud dini qrupun üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsarətlərinin yetirilməsi, hər hansı qrup üçün qəsdən onu tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması, bu qrupdan olan doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi, uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi kimi hərəkətlər “soyqırımı” hesab edilir.

Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə soyqırımı, belə əməlləri törətməyə yönəlmiş gizli sövdələşmə, soyqırımı cinayətlərini törətməyə birbaşa və açıq təhrik, soyqırımı törətməyə yönəlmiş qəsd və soyqırımında iştirak etmək kimi əməllərin hər hansı birini törətmiş şəxslər, soyqırımı cinayətini törətmiş hesab olunur və cəzalandırılırlar.

Bu zamana kimi “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli konvensiyaya 150-yə yaxın ölkə qoşulub. Azərbaycan 31 may 1996-cı ildə, Ermənistan isə 1993-cü ildən həmin Konvensiyanı ratifikasiya etmişdir.

Cinayətlərin “soyqırımı” kimi tanınması yeni olsa da ölkəmiz erməni vəhşiliyi nəticəsində belə əməllərin dəfələrlə məruz qalmışdır. Elə buna görə də 26 mart 1998-ci tarixli Prezident fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir. Həmin fərmanda 1905-1907, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə azərbaycanlılara qarşı ermənilər və onların dəstəkçiləri tərəfindən sistemli şəkildə soyqırımı cinayətlərinin törədildiyi xüsusi ilə vurğulanmışdır.

Bununla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Soyqırım” (maddə 103), “Soyqırımın törədilməsinə təhrik etmə” (maddə 104) kimi cinayət məsuliyyəti müəyyən edən maddələr də vardır.

XIX əsrin əvvəllərindən Cəbuni Qafqaza köçürülən ermənilər azərbaycanlılara qarşı dəfələrlə etnik, milli və dini zəmində cinayətlər törətmişlər. Azərbaycan torpaqlarının işğalı məqsədi ilə 1988-ci ilin fevral ayından başlayan münaqişə nəticəsində Ermənistan ərazisində tarixi torpaqlarında yaşayan soydaşlarımız, keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarında yaşayan vətəndaşlarımız milli, etnik və dini mənsubiyyətinə görə qovulmağa, öldürülməyə və ən qəddar cinayətlərə məruz qalıblar. Sistemli şəkildə hazırlanmış və həyata keçirilmiş, məqsədi azərbaycanlı əhalini tamamilə məhv etmək olan qətliamlar Tuğda, Axulluda, Meşəlidə, Cəmillidə, Quşçularda,  Bağanis Ayrımda, Qaradağlıda,  Ağdabanda və Ballıqayada yüzlərlə dinc vətəndaşımıza qarşı həyata keçirilmişdi.

Belə cinayətlərdən xüsusi ilə ağır ictimai təhlükəliliyi və vəhşiliyi ilə seçilən Xocalıda, 26 fevral 1992-ci ildə yaşanmışdı. Nəticədə 613 nəfər, o cümədən 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər qoca xüsusi qəddarlıqla öldürüldü, 8 ailənin həyatına tamamilə son qoyuldu, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirdi, 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü, o cümlədən onlardan 150 nəfərinin taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur.

Tariximizin ən qanlı günü kimi yaddaşımıza həkk olunan “Xocalı faciəsi” ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən aparılmış istintaqda – Azərbaycan Respublikası CM-nın 103 (soyqırım), 104 (soyqırımın törədilməsinə təhrik etmə), 105 (əhalini məhv etmə), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 115 (müharibə qanunlarını və ədaləti pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüququ pozma), 117 (silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 118 (hərbi soyğunçuluq) maddələrinin tərkibi sübut edilmiş, ermənilərin törətdikləri qətliam hərəkətlərində sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinin olduğu qeyd edilmişdir.

Aparılmış istintaq işində cinayətin Rusiyanın Cənubi Qafqazda yerləşən 4-cü ordusunun 23-cü diviziyasının 366-cı motoatıcı alayının rus və erməni əsilli çoxsaylı zabit və çavuş heyətinin həmçinin, Azərbaycan və Ermənistan vətəndaşları olan Seyran Ohanyan (sonra Ermənistanın müdafiə naziri oldu), “Dağlıq Qarabağ separatçı qüvvələri”nin qərargah rəisi Arkadi Tomasyan, müdafiə naziri Serj Sarkisyanın (sonra Ermənistan prezidenti oldu), həmin vaxt Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağın erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndidə yerləşən həbsxananın rəisi Serjik Koçaryanın, hərbi qulluqçular Slavik Artunyanın, Andrey İşxanyanın, Sergey Beqlaryanın, Movses Akopyanın, Qriqori Kisebekyanın, Vacik Mirzoyanın, Vacaqan Ayriyanın, Aleksandr Ayrapetyanın, Karo Petrosyanın, Vitali Balasanyanın, Seyran Tumasyanın, Valerik Qriqonyanın və digərlərinin bilavasitə iştirak etdikləri hərbi qüvvələrin iştirakı ilə törədildiyi və sonradan prezident olmuş Robert Köçəryanın və digərlərinin təşkilatçılıq və rəhbərlik etdiyi qeyd olunmuşdur.

Baş prokurorluq faciəni “soyqırım” cinayəti kimi qiymətləndirib. Amma bu zamana kimi cinayətin təşkilatçıları, icraçıları və köməkçiləri tam müəyyən edilsə də, onları cinayət məsuliyyətinə cəlb etmək mümkün olmamışdır.

Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələri Xocalıda “soyqırım” kimi ağır cinayətləri törətməkdə ittiham olunan şəxslərin cinayət işlərinə Azərbaycan Respublikasının məhkəmələrində baxılması imkanını versə də cinayətin iştirakçılarının başqa ölkələrdə olmaları həmin şəxslərin məsuliyyətə cəlb edilmələrini hələlik imkansız edir.

Əmələ cinayət hüquqi qiymət vermək üçün beynəlxalq əhəmiyyətli 2 məhkəmə mövcuddur və bunlar BMT-nin “Beynəlxalq Cinayət Məhkəməsi” və “Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu” orqanlarıdır.

BMT Nizamnaməsinin 92-ci maddəsinə əsasən Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı hesab olunur. Məhkəmənin Nizamnaməsinə görə – məhkəmə, dövlətlərin ona təqdim etdiyi bütün işlərə, o cümlədən BMT Nizamnaməsində və konvensiyalarında xüsusi olaraq göstərilmiş bütün məsələlər üzrə işlərə baxa bilər. Amma Məhkəmənin Nizamnaməsinin 34-cü maddəsinin tələbinə görə “yalnız dövlətlər bu məhkəmənin baxdığı işlərdə tərəf ola bilərlər”. Yəni, ayrı-ayrı fiziki şəxslərin törətdikləri cinayət işlərinə baxmaq statusuna malik deyildir.

Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il konvensiyasının 6-cı maddəsi bu cinayət işinə beynəlxalq hüquq normaları cərçivəsində hüquqi qiymət verilməsi imkanını tanıyır. Belə cinayətlərə görə məhkəmələrin yaradılmasının şahidi də olmuşuq.

Tarixin ən qəddar müharibələrindən olan II dünya müharibəsindən sonra bəşəriyyət əleyhinə törədilmiş ağır cinayətlərə görə 8 avqust 1945-ci ildə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hökumətləri arasında Avropa ölkələrində əsas hərbi cinayətkarların tribunala verilməsi və cəzalandırılması haqqında bağlanmış dövlətlərarası saziş əsasında “Nürnberq Beynəlxalq Tribunalı”,  19 yanvar 1946-cı ildə müttəfiq dövlətlərin baş komandanlarının birgə qərarı ilə “Tokio tribunalı” təsis edilmişdir. Həmçinin, Yuqoslaviya və Ruanda da baş vermiş kütləvi insan qətllərinə görə də “Yuqoslaviya” və “Ruanda” tribunalları BMT Təhlükəsizlik Şurası tərəfindən təsis edilmişlər.

Burdan aydın olur ki, beynəlxalq məhkəmə tribunalının yaradılması üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı lazımdır.

Nəzəri və hüquqi baxımdan azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı Beynəlxalq Tribunal yaradılması mümkündür və məsələnin hüquqi müstəvidə həll olunması ən zəruri amillərdən biridir. Bildirdiyim kimi belə qətnamənin qəbulu üçün isə Təhlükəsizlik Şurasının daimi üzvlərinin tam səsi lazımdır.

Dünyanın, insan hüquqları kimi bəşəri dəyərə ikili və çoxüzlü standartlar tətbiq etməsi, BMT Təhlükəsizlik Şurasının “Xocalı faciəsində” iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tribunalın yaradılması haqqında qərar verməsinə mane olur. Çünki, beynəlxalq hüquq müasir zamanımızda siyasi iradədən və siyasi gücdən daha çox aslı vəziyyətə düşüb.

Əlbəttəki, belə yanaşma dünyada insan hüquqlarının qorunması, ədalətin bərpa olunması prosesinə maneələr yaradır və praktiki baxımdan bu prosesi qeyri-mümkün edir.

BMT-nin 1998-ci ildə Romada keçirilən konfransında “Roma Statusu” qəbul edilmiş və bununla əlaqədar Niderlandın Haaqa şəhərində 2002-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi yaradılmışdır. Roma Statusunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır; soyqırımı, insanlığa qarşı, müharibə və təcavüz cinayətləri. Statusa əsasən Beynəlxalq Cinayət Məhkəməsi dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər.

Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunun 5-6-cı maddələrinə əsasən bu məhkəmə “soyqırımı” cinayətlərini icraata qəbul etmək və mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik olsa da statusun 11-ci maddəsinə görə məhkəmə yalnız status qüvvəyə mindiyi tarixdən sonra, yəni 17 iyun 1998-ci ildən sonra törədilmiş cinayətlərə münasibətdə müvafiq  imkana malikdir. Xocalı soyqırımı isə 1992-ci ildə baş vermişdi.

Azərbaycan Respublikasına qarşı aparılmış təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Bununla bağlı kifayət qədər sübut əhəmiyyətli faktlar, materiallar, BMT-nin 4 qətnaməsi, Avropa İnsan Haqları məhkəməsinin 2010-cu il 22 aprel tarixli “Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı xüsusilə ağır cinayətlər kimi qiymətləndirməsinə dair qərarı, 2015-ci il tarixli “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə Ermənistanı təqsirkar kimi tanımasına dair sənədlər vardır.

Xocalı qətliamı İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində “soyqırımı aktı” kimi təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Yalçın Hacızadə,

Vəkil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir