Politoloq Yalçın Hacızadə: KTMT sülhməramlıları nəyə və necə xidmət edəcək? | DEFAKTO.AZ Politoloq Yalçın Hacızadə: KTMT sülhməramlıları nəyə və necə xidmət edəcək? – DEFAKTO.AZ

Politoloq Yalçın Hacızadə: KTMT sülhməramlıları nəyə və necə xidmət edəcək?

366

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə yaranmış təhlükəni nəzərə alaraq, Kollektiv Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstana göndərilməsi barədə qərar qəbul edib.

Artıq KTMT-nin sülhməramlı qüvvələri Qazaxıstana göndərilib, hazırda kontingentin Rusiya hissəsinin ön bölmələri qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsinə başlayıb. Bu barədə jurnalistlərə cümə axşamı günü KTMT-nin katibliyində bildirilib. Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev isə deyib ki, KTMT-nın  Qazaxıstandakı sülhməramlı əməliyyatı həm müqaviləyə qoşulan ölkələrin daxili qanunvericiliyi, həm də beynəlxalq hüquq baxımından qanunidir. Bununla yanaşı, təşkilatın Baş Katibliyinin məlumatına əsasən, KTMT-nin sülhməramlı qüvvələrinin əsas vəzifəsi vacib dövlət və hərbi obyektlərin mühafizəsi, Qazaxıstan Respublikasının asayiş keşikçilərinə vəziyyətin stabilləşməsi və hadisələrin hüquqi müstəviyə qayıtmasında yardım etmək olacaq.

Ümumiyyətlə, KTMT-nin sülhməramlı qüvvələrinin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir. Xarici KİV-in məlumatına əsasən, Qazaxıstana yeridilmiş KTMT qüvvələrinin say tərkibi isə bu cürdür: Rusiya – 3000, Belarus – 500, Tacikistan – 200, Ermənistan  isə 70 hərbçi. Qırğızıstan rəhbərliyinin Qazaxıstana hərbçi göndərməkdən imtina etdiyi qeyd olunub.

Bununla yanaşı, yerli və beynəlxalq mediada müzakirə olunan məsələlərdən biri KTMT-nin nizamnaməsinin belə bir addımı atmağa imkan verib-verməməsi məsələsidir. Çünki ekspertlər bildirirlər ki, Qazaxıstanda baş verən hadisələr təşkilat üzvü olan ölkələrin təhlükəsizliyinə aid olan kollektiv milli və regional məsələ deyil, ölkənin daxili işidir. Doğrudur, bu ölkənin prezidenti rəsmi surətdə KTMT-ni proseslərə müdaxilə etməyə çağırıb. Amma qurumun nizamnaməsində təhlükəsizlik və suverenliyin təmin olunmasından bəhs olunsa da, Qazaxıstan məsələsində hansısa xarici müdaxilə və ya sərhədlərin mühafizəsi müzakirə mövzusu deyil. Bununla yanaşı, indiyə qədər təşkilatın fəaliyyətində belə bir təcrübə qeydə alınmayıb.

Defakto.az yeniazerbaycan.com-a istinadən xəbər verir ki, bu sözləri politoloq Yalçın Hacızadə açıqlamasında bildirib, Qazaxıstanda yanacağın qiymətinin endirilməsi, hökumətin istefaya göndərilməsi və Nursultan Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verməsi etirazçıları sakitləşdirməyib. Onun sözlərinə görə, etirazların yaranmasının ilkin görünən tərəfi sosial narazılıqlar olsa da, etirazçıların tələblərinin yerinə yetirilməsindən sonra da aksiyaların davam etməsi, əlavə olaraq başqa siyasi tələblərin irəli sürülməsi, ölkənin bir-birindən uzaq müxtəlif şəhərlərində eyni vaxtda etirazların başlaması müəyyən məqamlardan xəbər verir. Həmçinin etirazların sakit şəkildə deyil, dağıdıcılıqla davam etməsi də hansısa kənar və proseslərin iğtişaşlarla davam etməsində maraqlı qüvvələrin olduğunu göstərir.

Qazaxıstanın coğrafi baxımdan mürəkkəb ərazidə yerləşdiyini deyən politoloq qeyd edib ki, bir tərəfində iqtisadi baxımdan daha da böyümək istəyən və bunun üçün müxtəlif bazarlar və nəqliyyat yolları axtaran Çin, digər tərəfdən də keçmiş SSRİ-nin bərpasını arzulayan Rusiya yerləşir. Enerji ehtiyatlarına və faydalı məhsullarına görə də bu ölkə  dünyanın digər güclərinin də diqqətində və marağındadır. Baş verən hadisələr aksiyaların bəsit bir xalq etirazı olmadığını göstərir. Təbii yanacağın qiymətinin artması etiraz aksiyalarının başlaması üçün sadəcə, bəhanədir.

Y.Hacızadə deyib ki, Qərbin Qazaxıstanda maraqları olsa da, təsir etmək imkanları çox məhduddur. Çinin Qazaxıstanda böyük investisiyaları var və birgə müxtəlif layihələr həyata keçirirlər. Rusiya ilə də siyasi, iqtisadi baxımdan kifayət qədər sıx əlaqələri var. Amma son zamanlar Qazaxıstanın kifayət qədər müstəqil milli siyasət yeritməyə başlaması, Türkiyənin və Türk Dövlətləri Təşkilatının regionda güclənməsində maraqlı olması, əlbəttə ki, Qazaxıstanın öz təsiri altında olmasını istəyən qüvvələri narahat etməyə bilməzdi.

“Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Qazaxıstan Prezidenti həmin təşkilata müraciət edərək etirazların qarşısının alınması üçün kömək istəyib və KTMT qüvvələri bu ölkəyə göndərilib. KTMT Nizamnaməsinin 4-cü maddəsində “Əgər üzv dövlətlərdən hər hansı biri təcavüzə (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyi təhdid edən silahlı hücuma) məruz qalarsa, bu, iştirakçı dövlətlər tərəfindən KTMT müqavilənin iştirakçısı olan bütün dövlətlərə qarşı təcavüz kimi qiymətləndiriləcək. İştirakçı dövlətlərdən hər hansı birinə qarşı təcavüz  törədildikdə həmin dövlətin xahişi ilə digər iştirakçı dövlətlər dərhal ona hərbi yardım da daxil olmaqla, zəruri yardımı göstərəcək” qeyd edilib. Qazaxıstandakı etirazlarda hər hansı bir “xarici təcavüz, işğal, silahlı hücum, ərazi bütövlüyünü və suverenliyi təhdid edən” hal olmasa da, sabitliyi pozacaq hal olduğu üçün belə qərara gəlinib. Konkret olaraq isə KTMT Nizamnaməsində KTMT qüvvələrinin daxili etirazlar üçün istifadə edilə bilinəcəyinə dair norma yoxdur. Amma mən hesab edirəm ki, bu, daha çox hakimiyyətin öz hərbi və hüquq-mühafizə orqanlarına olan inamsızlığı ilə bağlıdır. Çünki bəzi şəhərlərdə polis və silahlı qüvvələr nümayişçilər tərəfə keçiblər. Qazaxıstan Azərbaycana dost, qardaş və tərəfdaş ölkədir. Əlbəttə ki, həmin ölkədə sabitliyin olması bizim maraqlara uyğundur. Lakin səbəbindən asılı olmayaraq, daxili etirazlara qarşı digər ölkələrin silahlı qüvvələrinin cəlb olunması arzuolunan hal deyil. KTMT qüvvələrinin Qazaxıstanda yerləşdirilməsi barədə qərarda göstərildiyi kimi, təşkilatın sülhməramlı hərbçilərinin məhdud müddətdə qalması yaxşı olardı”, – deyə politoloq vurğulayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir