Ölkədə gedən böyük işlərə kölgə salmaq olmaz – Fəzail Ağamalı… “Belə layihələr şəffaf olmalıdır” – Razi Nurullayev… | DEFAKTO.AZ Ölkədə gedən böyük işlərə kölgə salmaq olmaz – Fəzail Ağamalı… “Belə layihələr şəffaf olmalıdır” – Razi Nurullayev… – DEFAKTO.AZ

Ölkədə gedən böyük işlərə kölgə salmaq olmaz – Fəzail Ağamalı… “Belə layihələr şəffaf olmalıdır” – Razi Nurullayev…

188

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsinə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Defakto.az teleqraf.com saytına istinadən xəbər verir ki, sazişə əsasən, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (YBƏA) Kiçik Şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsinin həyata keçirilməsinə 32 milyard 851 milyon Yapon yeni məbləğindən artıq olmayan vəsaiti borc verməyə razılaşıb.

Kredit sazişi çərçivəsində vəsaitlərin ən son istifadəsi Kredit Sazişinin qüvvəyə minməsi tarixindən 8 il sonra eyni ay və gün tarixindən gec olmayaraq yerinə yetirilməli idi. Belə ki, Kredit Sazişi çərçivəsində vəsaitlərin istifadəsi 2017-ci ildə başa çatmalı idi. Layihəyə əsasən, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında digər formada razılaşdırılmadığı halda Kredit Sazişi üzrə son istifadə qüvvəyə minmə tarixindən etibarən 30 dekabr 2021-ci il tarixinədək yerinə yetiriləcək. İstifadə müddəti başa çatandan sonra YBƏA tərəfindən heç bir növbəti istifadə üzrə ödəniş həyata keçirilməyəcək.

Deputat Razi Nurullayev qanun layihəsinin əleyhinə çıxıb. O bildirib ki, belə layihələr şəffaf olmalıdır: “Biz bilmirik ki, ortada nə qədər borc var. Mən bu layihənin əleyhinə səs verəcəyəm”.

Deputat Fəzail Ağamalı isə Razi Nurullayevin emosional çıxışına cavab verməli olduğunu bildirib: “Hər kəs öz mövqeyini ifadə edə, səs verməyə bilər. Amma ölkədə gedən böyük işlərə kölgə salmaq olmaz. Azərbaycan məsuliyyətli ölkədir, Yaponiyada böyk dövlətdir. Bu layihə müzakirələrin nəticəsində bura gəlib çıxıb. Əgər Razi Nurullayev bununla bağlı informasiya almaq istəyirsə, bunu edə bilər. Hansısa məqsəd naminə belə çıxışları düzgün saymıram. Deputatları qanun layihəsini dəstəkləməyə dəvət edirəm”.

Siyavuş Novruzov isə deyib ki, bu sazişdir: “Digər problemləri buna bağlamağa zərurət görmürəm. Azərbaycanın bugünkü nüfuzu, gördüyü işlər və dünyanın Azərbaycana verdiyi qiymət baxımından, habelə hökumətin hesabatlılığı baxımından qanunu qəbul etməyi təklif edirəm”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir