Politoloq Yalçın Hacızadə: Avropa İttifaqının bəyanatında qeyd olunanlar əslində Azərbaycanın olmasını istədikləri məsələlərdir | DEFAKTO.AZ Politoloq Yalçın Hacızadə: Avropa İttifaqının bəyanatında qeyd olunanlar əslində Azərbaycanın olmasını istədikləri məsələlərdir – DEFAKTO.AZ

Politoloq Yalçın Hacızadə: Avropa İttifaqının bəyanatında qeyd olunanlar əslində Azərbaycanın olmasını istədikləri məsələlərdir

93

Azərbaycan Prezidentinin Brüssel səfərini Azərbaycan diplomatiyasının İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni siyasi xəttinin qələbəsi kimi qiymətləndirmək olar. Ümumiyyətlə 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədən sonra rəsmi Bakının yürütdüyü siyasətdən görmək olar ki, həqiqətən uğurlu diplomatiyanın arxasında güclü ordu dayanmalıdır və dövlətimiz bunu təmin edə bilib. Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşündən sonra Aİ Prezidenti bəyanat yaydı. Bəyanatda Aİ Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Əlbəttə, bu Azərbaycanın müharibədən sonra apardığı məntiqli və düşünülmüş siyasətinin təsdiqidir. Prezident İlham Əliyev Qələbədən sonrakı çıxış və müsahibələrində bu fikri dəfələrlə ifadə edərək bildirib ki, “münaqişə bitib, biz artıq gələcəyə baxmalıyıq”.

Defakto.az azertag.az saytına istinadən xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Yalçın Hacızadə deyib.

Politoloq bildirib ki, Aİ Şurası Prezidentinin bəyanatında Cənubi Qafqazda nəqliyyat yollarının açılması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına da çağırış var: “Azərbaycanın beynəlxalq siyasət xəttinin əsasını faydalı əməkdaşlıq prinsipləri təşkil edir. Dövlətimiz bütün münaqişələrin sülh yolu ilə həllinin, həmçinin beynəlxalq hüququn prinsiplərinin təmininin tərəfdarıdır. Azərbaycan, o cümlədən Cənubi Qafqaz regionunda da sülhün təmin olunmasına, münaqişələrin bitməsinə, düşmənçiliyin davam etdirilməməsinə çalışır. Buna görə də İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsinin bağlanmasının vacibliyi ən yüksək səviyyədə, beynəlxalq ictimaiyyətə çatdırılır. Azərbaycan Prezidentinin müharibənin bitməsinə dair fikri, sülh çağırışları Aİ və digər beynəlxalq təşkilatların nizamnamələrinin, fəaliyyətlərinin başlıca istiqamətləridir. Bu istiqamətdə aparılan siyasət həmin beynəlxalq təşkilatlara öz prinsiplərini təmin etmələri sahəsində fəaliyyətə keçmələrinə də çağırışdır. Aİ Şurası Prezidentinin bu yanaşması İttifaqın Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilməlidir. Aİ Prezidentinin bəyanatındakı ən mühüm bəndlərdən biri də müharibədən sonra 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabrında Soçidə imzalanmış razılaşmaların yerinə yetirilməsinə olan çağırışdır. Bu çağırış da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür və dövlətimiz bu bəyanatlarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi kimi qarşı tərəfdən də bunların icra olunmasını tələb edir. Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra döyüşlər zamanı əsir düşmüş erməni hərbçilərini humanistlik göstərərək geri qaytardı. Hətta müharibə vaxtı ölmüş erməni hərbi qulluqçularının meyitlərinin qaytarılmasında və axtarılmasında heç bir şərt irəli sürmədən bəyanat verdi. Amma faşist düşüncəli Ermənistan girov və əsirlərlə bağlı beynəlxalq konvensiyaların bu sahədə olan müddəalarına heç zaman əməl etməyib. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyindən bu zamana kimi heç bir xəbər yoxdur. Qeyd edək ki, həmin şəxslərin böyük əksəriyyəti mülki şəxslər olub. Aİ-nin belə bir zəruri qeyd etməsi də bizim üçün çox vacibdir”.

Yalçın Hacızadə vurğulayıb ki, Bəyanatda humanitar minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkən insanlara, xüsusilə reabilitasiya və rekonstruksiya fəaliyyətinə, Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək bildirilib. Daha sonra kommunikasiyaların yaradılması ilə bağlı “Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına və birgə iqtisadi əməkdaşlıq platformasının, həmçinin kommunikasiya infrastrukturunun yaradılmasına ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına, inkişaf etdirilməsinə Aİ-nin dəstəyi ifadə edilir. Bundan əlavə Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi bildirilir. Dəmir yolu xəttinin çəkilişi isə xüsusi olaraq qeyd olunub.

Politoloq əlavə edib ki, Avropa İttifaqının bəyanatında qeyd olunanlar əslində Azərbaycanın olmasını istədikləri məsələlərdir. Bunlar regionda iqtisadi əlaqələrin qurulması, sülhün təmin olunması kimi məsələlərdir. Həmçinin Azərbaycanın regionun geosiyasi mövqeyindən xoş məqsədlər üçün istifadə edilməsi sahəsində planlaşdırdığı və həyata keçməsini istədikləridir. Müharibədən sonra keçən qısa müddət ərzində Azərbaycanın səsləndirdiyi fikirləri dünyanın ən inkişaf etmiş təşkilatı olan Avropa İttifaqı tərəfindən də nəzərə alınaraq, vacibliyinin qeyd olunması ölkəmizin formalaşmış olduğu müsbət imicinin, düzgün seçilmiş strateji xəttinin bəhrəsidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir