TARİXİ YOL | DEFAKTO.AZ TARİXİ YOL – DEFAKTO.AZ

TARİXİ YOL

668

Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşrə başlayıb.

     Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə milli jurnalistikamızın dayaqları daha da möhkəmləndirildi. Ulu öndərin "Qoy ədalət zəfər çalsın!" məramı nəinki Azərbaycan, ümumilikdə SSRİ mətbuatında geniş əks-səda yaratdı, kütləvi informasiya vasitələrində obyektivliyi və aşkarlığı gücləndirdi. Heydər Əliyevin 1993-cü ildə müstəqil dövlətin rəhbərliyinə gəlişi azad mətbuatın prinsiplərinin reallaşmasına, medianın problemlərinin həllinə də böyük kömək göstərdi. 1996-cı ildə hərbi senzuranın, 1998-ci ilin avqustunda isə bütövlükdə senzuranın ləğvi söz azadlığını yeni mərhələyə çıxardı. Qəzet və jurnalların nəşrinə lisenziyanın aradan qaldırılması, mətbuata dövlət nəzarətinin özünüidarə mexanizmi ilə əvəz olunması - Mətbuat Şurasının yaradılması da Ulu Öndərin jurnalistikamıza göstərdiyi tarixi xidmətlərdəndir. Heydər Əliyev kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün əlverişli şərait yaratmaqla, problemlərin həllinə konkret yardımlar göstərməklə Azərbaycan jurnalistikasının inkişafına misilsiz töhfələr verdi. Artıq ölkəmizdə hər bir vətəndaşın maneəsiz olaraq söz demək hüququ tamamilə təmin olunmuşdur.
  Ulu öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə mediaya dövlət qayğısı daha da gücləndirilmişdir. KİV-lərə dövlət dəstəyi konsepsiyasının qəbul olunması və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad, müstəqil mətbuatın problemlərinin həllinə böyük dövlət qayğısının nümunəsidir. Jurnalistlər üçün dövlət hesabına mənzillərin inşa edilməsi, onlara birdəfəlik dövlət yardımlarının göstərilməsi, jurnalistlərin əməyinin dövlət təltifləri ilə qiymətləndirilməsi ölkəmizdə jurnalist peşəsinə böyük hörmət və ehtiramla yanaşmanın əyani göstəriciləridir. Prezidentin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixli Sərəncamı mətbuatın ənənələrinə diqqət və hörmətin parlaq sübutudur.

   "Yeni gün" qəzeti də rayonumuzun ictimai-siyasi, mədəni salnaməsinin yaradılması işinə layiqli töhfələr vermişdir. 1932-ci ildə rayon firqə və icraiyyə komitələrinin orqanı kimi ilk sayı çapdan çıxan “Sosializm tarlaçısı” qəzetinin rayonun ictimai-siyasi və mədəni həyatında çox dəyərli rolu olmuşdur. Qəzetin ilk çapçıları materialları əllə yığır, sonra “amerikanka” adlanan maşında çap edirdilər.

  1933-cü ildə rayonda MTS-in siyasi şöbəsi yaradılandan sonra siyasi şöbə qəzetinə redaktor ştatı ayrıldı. 1942-ci ilin martından 1944-cü ilə qədər kağız qıtlığı ilə əlaqədar bir çox rayon qəzetləri kimi, “Sosializm tarlaçısı”nın da  nəşri müvəqqəti olaraq dayandırıldı. İki illik  fasilədən sonra qəzet oxucularla yenidən görüşdü. 

   1962-ci ilin may ayında istehsalat idarələrinin yaradılması, rayonların birləşdirilməsi səbəbindən “Sosializm tarlaçısı”nın nəşri yenidən dayandırıldı. 1965-ci ilin ortalarına kimi Biləsuvarda “Məhsul” rayonlararası qəzeti fəaliyyət göstərirdi. Azərbaycan KP MK-nın 6 aprel 1965-ci il bürosu bütün rayonlarda yerli qəzetlərin nəşrə başlaması haqqında qərar qəbul etdi. Cəlilabad rayonunda da qəzet “Taxılçı” adı ilə nəşrini uğurla davam etdirirdi. Xüsusilə ötən yüzilliyin 70-80-ci illərində həftədə 3 dəfə nəşr edilən və ən yüksək tirajı 10 mindən artıq olan qəzet xeyli populyarlıq qazanmışdı.

   Qəzetin səhifələrində ulu öndər Heydər Əliyevin həm 1969-1982-ci, həm də 1993-2003-cü illərdə, möhtərəm Prezidentimiz İlham Əliyevin ayrı-ayrı vaxtlarda rayonumuza etdikləri tarixi səfərləri ətraflı işıqlandırılmış, rayonda aparılan tikinti-abadlıq, quruculuq işləri, sosial-iqtisadi həyatda baş verən yeniliklər, vətənpərvərlik və müxtəlif səpkili maraqlı yazılarla geniş oxucu auditoriyasının zəngin informasiya ilə təmin olunması həyata keçirilmiş, maarifləndiricilik funksiyası yüksək səviyyədə yerinə yetirilmişdir.

   Qəzetimiz bundan sonra da öz işini Media haqqında tələblərin səviyyəsində quracaq, qəzetin daha oxunaqlı, məzmunlu və rəngarəng çıxması üçün yaradıcılıq axtarışlarını daim davam etdirəcək, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun informasiya təminatçısı yolunda əhalinin zəruri informasiya ilə təmin olunmasında səylərini əsirgəməyəcəkdir.

Zakir ƏLİYEV, mətbuat işçisi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir