Yalçın Hacızadə: Fələstin yoxsa İsrail? | DEFAKTO.AZ Yalçın Hacızadə: Fələstin yoxsa İsrail? – DEFAKTO.AZ

Yalçın Hacızadə: Fələstin yoxsa İsrail?

439

Amerikalı filosof Noam Comski (Noam Chomsky) bu münaqişə ilə bağlı deyir ki; suyumu aldın, zeytun ağacımı kəsdin, evimi yandırdın, işimi və torpaqlarımı zəbt etdin, atamı həbs etdin, anamı öldürdün, ölkəmi bombaladın, bizi ac saxladın, hamımızı təhqir etdin, amma mən bir raket atmaqda təhsirkaram.

Bu iki subyekt arasında münasibətlərin bir daha müharibə fazasına keçməsi  11 gündən sonra bitdi. Bütün dünyada olduğu kimi ölkəmizdə də 7-dən 70-ə bir çox insan bu məsələyə öz münasibətini bildirir və bununlada iki kəskin fərqli fikir yaranır.

Fələstini dəstəkləyənlər əsasən islam həmrəyliyi meyarından və ya qardaş Türkiyənin xatirinə məsələyə yanaşırlar.

İsraili dəstəkləyənlər isə – müttəfiqimiz olmağından, əsasən də son Qarabağ savaşında bizə verdiyi hərbi dəstəkdən, fələstinlilərin düşmənimiz erməniləri dəstəkləmələrindən və beynəlxalq mediyanın hadisələrə birtərəfli olaraq yəhudi mənafeyi təbliğatından yaranan fikir əsasında münasibət bildirirlər.

Fələstin – İsrail münaqişəsinin başlıca yaranma problemi İsrailin öz ərazisinin nəyin bahasına olursa genişləndirmək siyasətidir (əlavə olunmuş şəkildə göstərilib). Buna müqabil olaraq Fələstinin özünü müdafiə halları da insan tələfatına yol açır. Amma hesab edirəm ki, Fələstin tərəfində radikal qrupların meydana gəlməsində də İsrail maraqlı və iştirakçıdır. Çünki, İsrail öz işğal siyasətinə həmin radikal qrupların hərəkətləri ilə “antiterror” siyasəti donu geyindirir. Həmçinin, dünyanın ən güclü kəşfiyyat sisteminə malik olan İsrailin və eyni zamanda geniş kəşfiyyat orqanlarına malik olan müttəfiqi ABŞ-ın xəbəri olmadan hansısa bir radikal qrupun yüzlərlə raket sisteminə malik olması heç inandırıcı deyil.

Nəzərə almaq lazımdır ki, bizim İsraili dəstəkləməyimizlə, İsrailin bizi dəstəkləməsi eyni yüklü deyil. Çünki biz ədalət və beynəlxalq hüquqla haqlı tərəfik.

İsrailin bizi dəstəkləməsi də birtərəfli maraqlara söykənmir. Biz, İsraili özünün başlıca düşməni hesab edən və mütamadi olaraq onu xəritədən siləcəyi ilə hədələyən İranla qonşuyuq. Həmçinin, az qala bütün islam ölkələri ilə gərgin münasibətdə olan İsrailə bizim kimi islam ölkəsi müttəfiqi lazımdır.

Uzun müddətdir ikili standartlarından əziyyət çəkən xalq və dövlət olaraq Gürcüstanın, Moldovanın, Ukraynanın, Pakistanın və ya dünyanın hər hansı bir yerində hüquqları, müstəqilliyi və suverenliyi pozulanlara münasibətimiz necədirsə Fələstin məsələsinə də elə yanaşmalıyıq.

Beynəlxalq hüquq görə Fələstin təcavüzə məruz qalmış ölkə kimi qeyd olunur ki, bunu da sübut edəcək BMT-nin 15-ə yaxın qətnaməsi var. Xatırladım ki, Azərbaycan dövləti də məsələyə beynəlxalq hüquq prizmasından baxaraq BMT qətnamələrinin icrasının vacibliyini bildirir.

Amma və lakin bizdən asılı olmayaraq dünyanın mövcud düzəni bəzi hallarda məsələlərə beynəlxalq hüquq və haqq-ədalət prizmasından deyil də milli maraqlar müstəvisindən də qiymət verməyimizi şərtləndirir.

Ona görə də həm cəmiyyət olaraq həm də dövlət olaraq çox diqqətli yanaşmalı, üzərimizə əlavə təhlükə və gərginlik yarada biləcək vəziyyətlərdən yayınmalıyıq.

Cəmiyyətin münasibəti; – hesab edirəm ki, bu kimi hallara cəmiyyət olaraq nə dini nədə ki, müttəfiqlik baxımdan yox insanlıq baxımdan münasibət bildirməyimiz yaxşı olardı. Yəni, zülmə məruz qalan qeyri-müsəlman olsa da və ya zülm edən müttəfiqimiz olsa da ona uyğun münasibətimizi bildirməliyik. Həmçinin, belə hallara görə cəmiyyətin bütövlüyünü təhlükə altına ataraq, cəmiyyət üzvləri arasında biri-birinə qarşı gərginlik və kinin yaranmasına imkan verməməliyik.

Dövlət marağından da yanaşmada çox diqqətli olmağımız lazımdır. Çünki, məsələyə qısa prespektivdən yanaşdıqda – İsrailin dünyanın siyasi xəttinin formalaşmasına böyük təsiri var, bizim müttəfiqimizdir, hərbi, iqtisadi bəzən də tam gücü ilə olmasa da siyasi baxımdan Ermənistan-Azərbaycan münaqişəsində bizi dəstəkləyir.

Uzaq prespektivdən yanaşdıqda İsrailin Fələstinə qarşı siyasətini dəstəkləməyimiz eyni siyasi xətt yürütdüyümüz, strateji müttəfiqimiz olan qardaş Türkiyəni zədələməyimiz olur. Çünki, çox aydındır ki, İsrailin islam ölkələrinə, əsasən də yaxın ətrafında yerləşən ölkələrə qarşı zərərsizləşdirmə və ya tabe etmə siyasəti vardı. Elə ona görə də Yaxın Şərqdə və Afrika qitəsində yerləşən müsəlman ölkələrində baş verən qanlı münaqişələrin ssenaristi, Suriya və İraq ərazisində terror təşkilatı PKK-ya dövlət qurmaq layihəsinin memarı, həmin bölgələrdə davam edən hibrid müharibələrinin təşkilatçısıdır. İsrailə qarşı müharibə aparmış və kəskin mövqeyləri ilə seçilən bəzi ərəb ölkələrinin rəhbərləri olan Səddam Hüseyni, Qəddafini, Hüsnü Mübarəyi, Mursini ölümə məhkum etmiş, bir çox ərəb ölkələrini qana çevirmişdi.

Bütün bunlara görə Türkiyə ətrafında baş verən, gələcəkdə onun müqəddaratını təhlükə altına qoya biləcək, İsrailin böyük planlarına qarşı reaksiya vermək məcburiyyətindədir ki, növbənin ona çatmasının vaxtında qarşısını ala bilsin.

Türkiyə son illər maraqlarına və ya açıq şəkildə ona qarşı qurulmuş oyunlara müdaxilə etməklə əks təsir yarada bilir. Fələstin məsələsində İsrailə qarşı kəskin mövqedən çıxış etməsi də elə İsrailin PKK-ya verdiyi dəstəyin cavabıdır.

Hər iki ölkənin eyni siyasi xətlə davam etməsi ya gələcəkdə hansınınsa digərinin təsiri altına düşməsi ilə ya da kəskin rəqabətli, müharibə vəziyyəti ilə nəticələnəcək. Əlbəttə ki, bütün bu sonrakı gedişlər həmin ölkələrdə qurulacaq siyasi hakimiyyətlərdən də asılı olacaqdı.

Son olaraq; – bu münaqişənin yaranmasında, davam etməsində heç bir rolumuz yoxdur, açıq-aydın şəkildə də demək də olar ki, qarşısının alınmasında da güclü təsir imkanlarımız yoxdur. Ona görə elə davranmalıyıq ki, nə beynəlxalq hüququ inkar edək nədə ki, müttəfiqlərimizlə aramızda problemlər yaransın.

Bu yazı Fələstin-İsrail münaqişəsinə dair yaranmış fərqli fikirlərə dair münasibətdir.

Münaqişənin tarixi daha qədimdir. Ərazi 3 səmavi dinin yaranma mərkəzidir. Münaqişəyə dair doğru fikirə sahib olmaq üçün min il əvvəl olmuş Səlib (xaç) yürüşlərindən, Səlahəddin Eyyubinin fəaliyyətindən, sionizmin yaradıcı Teodor Herzin (Theodor Herzl) məqsədlərindən məlumatlı olmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir