Universitetlər tələbələri əmək bazarına niyə hazırlaya bilmir? – Staj probleminin həll YOLLARI – FOTO | DEFAKTO.AZ Universitetlər tələbələri əmək bazarına niyə hazırlaya bilmir? – Staj probleminin həll YOLLARI – FOTO – DEFAKTO.AZ

Universitetlər tələbələri əmək bazarına niyə hazırlaya bilmir? – Staj probleminin həll YOLLARI – FOTO

21

Vaxtaşırı gündəmə gətirilən, lakin heç bir müzakirədə həll yolu tapılmayan, fikir ayrılıqları ilə sonlanan məsələlərdən biri də yeni məzun olan gənclərin əmək bazarında özlərinə yer tuta bilməməsidir. Belə bir yanaşma mövcuddur ki, bu gün Azərbaycanda universitetlərin verdiyi təhsil məzunların əmək bazarına mütəxəssis kimi girə bilmələrinə əngəl törədir. Ölkədəki şirkətlərin əksəriyyəti isə işçi götürərkən təcrübə tələb edir. Bir çoxları işçini özləri yetişdirməyə maraq göstərmir, təcrübə proqramlarına vaxt itkisi kimi baxır. Nəticədə ortada iş və işçi axtaranlar ordusu yaranır. 

Maraqlıdır, təcrübə problemini necə həll etmək olar?

“Azərbaycan Dəmir Yolları” QSC-nin Karyeranın idarə edilməsi şöbəsinin rəis müavini İlkin Məcidov DEFAKTO.az-a açıqlamasında ilk olaraq ona diqqət çəkib ki, Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi qaydalara əsasən, tələbələr bakalavr təhsili ərzində son iki kursda təcrübə keçməlidirlər:

“Buna uyğun olaraq universitetlər, peşə məktəbləri öz tələbələrini istehsalat təcrübəsinə göndərirlər. Bunun müddəti əvvəl ildə bir ay idi, indi altı aydır. Kimi həmin iki il ərzində 6 ay+6 ay təcrübə keçir və peşəsi üzrə bir illik təcrübəyə yiyələnir, kimi də təcrübəyə getdiyi müəssisədə sadəcə sənədə qol çəkdirib qayıdır. Məsələn, hazırda mən çalışdığım müəssisənin istehsalat təcrübəsini yoxlamaq üçün yerlərdə gəzirəm, gördüyüm odur ki, tələbələr ya istehsalat təcrübəsinə gəlmirlər, ya da həvəssiz gəlirlər”.

Müsahibimiz hesab edir ki, universitet vaxtından tələbələri iş həyatına uyğunlaşdırmaq olar:

“Onları seçimlərinə görə hazırlamaq olar. Yetər ki, həmin universitet iş dünyası ilə əlaqəli olsun, tələbələri təcrübə gəzintisinə aparsın, istehsalat gəzintisinə göndərsin, təqaüd proqramına yönəltsin, master-klaslar keçirsin. Bu formada onları əmək bazarının tələbinə uyğun yetişdirmək mümkündür.  Əgər universitet iş dünyası ilə əlaqəli olmayacaqsa, bu, baş tutmayacaq. Gənclərin əmək bazarına hazır olmaması ona görədir ki, biz ixtisasları əmək bazarının tələblərinə görə tənzimləmirik və ya ixtisasların tərkibində olan fənləri düzgün seçmirik. Bundan əlavə, universitetlər məktəblərdə təqdimat edən zaman ixtisaslarla bağlı məlumat olmalıdır, məktəblərdə də peşələrlə bağlı məlumat verilməlidir. Çoxu peşələrini gəlib oxuduqdan sonra tanıyırlar, əvvəlcədən məlumatları olmur. İndi hamı gedib universitetdə oxuyur, peşənin adını çəkən yoxdur, amma bizim hazırda bir neçə peşə məktəbi var ki, onların verdiyi təhsil kifayət qədər yaxşı səviyyədədir. Universitetə güclə gedən tələbə, bəlkə də, gedib sevdiyi peşəni seçsə, daha uğurlu olar. Təhsillə gəncləri tanış eləmək lazımdır. Əksər abituriyentlər hazırlıq dönəmində bilmədiyi sahəni sırf maliyyəsinə görə arzulayır. Əmək bazarı isə bu kriteriyaya uyğun tənzimlənmir”.

Şirkətlərin təcrübəsiz işçi götürüb onları öyrətməkdə maraqlı olmama səbəbinə gəldikdə isə, mütəxəssis qeyd edib ki, bəzən şirkətlərin birini sıfırdan yetişdirməyə vaxtı olmaya bilir:

“Müəyyən bazası olan işçi işə başlayandan sonra onu yönəltmək daha rahat olur. Məsələn, bəzən olur ki, adamı mütəxəssis kimi işə götürürlər, potensialının olduğunu müşahidə edirlər və ondan sonra başlayırlar onu aparıcı mütəxəssis, şöbə rəisinin müavini və şöbə rəisi kimi yetişdirməyə, daxildə bunu etmək olur. Amma birini mütəxəssis kimi ilk işə götürəndə mütləq təcrübə istəyirlər, bu da normaldır. Amma sıradan bir iş üçün təcrübə istənirsə, bu, o deməkdir ki, həmin şirkət artıq kadr hazırlığının altına girmək istəmir, həm də düşünür ki, şəxsə ödəniş edir, öyrətmək kimi bir öhdəliyi yoxdur”.

İlkin Məcidovun sözlərinə görə, təcrübə proqramlarına üstünlük vermək üçün universitetlər və iş dünyası bir-biri ilə əlaqəli çalışmalı, hər iki tərəf vəziyyəti yerlərdə yoxlamalıdır:

“Tələbə istehsalat təcrübəsinə gedəndə yerləri həm universitet, həm şirkət yoxlamalıdır. Baxıb görsünlər tələbələri oraya gedir, yoxsa yox. Tələbə orada olduğu müddətcə şirkətin öhdəliyindədir, orada hər hansı problem yaşansa, məsuliyyət şirkətin üzərindədir. Bundan əlavə, davamlı təqaüdə bağlı təcrübə proqramları var, onlardan istifadə etmək olar. Bəzən olur ki, şirkətlər gəlib müəyyən kursdan sonra təcrübəyə tələbələr götürürlər, o fürsəti vaxtında dəyərləndirə bilərlər və sair”.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə hesab edir ki, şirkət sahibləri tələbələrin işçi qüvvəsi kimi yetişdirilməsində maraqlı olmalıdırlar:

“Əgər onların belə niyyəti və marağı yoxdursa, deməli, açıqfikirli deyillər. Çünki müdrik insanlar həmişə yaxşı işçi yetişdirmə məsələsini özlərinə prioritet seçirlər. Böyük şirkətlər bunu həm bir ictimai fayda olaraq düşünür, həm də: “Bu təcrübəyə dəvət elədiyim insanların arasından, bəlkə, mənim şirkətimi beş addım irəli aparacaq biri çıxacaq”, – deyirlər. Ona görə də dünyanın müxtəlif ölkələrindən, qabaqcıl universitetlərindən təcrübə proqramları üçün bakalavr tələbələrini qəbul edirlər. “Microsoft”, “Facebook”, “Google”, SOCAR, BP, “Schlumberger” kimi şirkətlərin bu istiqamətdə gördüyü işlər hamıya məlumdur. Ona görə də əgər yerli şirkətlərimiz buna maraqlı deyillərsə, hətta qapılarını bağlayırlarsa, deməli, o şirkətlərlə əməkdaşlıq qurmaq mümkün olmayacaq, o şirkətlər ölkə iqtisadiyyatına töhfə verməyəcək”. 

Bəs təşviq etmək üçün nə lazımdır? 

Həmsöhbətimiz düşünür ki, problemi həll etmək üçün şirkətlərə hansısa vergi güzəştinə gedilməlidir:

“Vergi güzəşti olarsa, şirkətlər dövlət səviyyəsində bu məsələnin nəzarətdə saxlanıldığını görəcəklər. Bununla bərabər gələcəkdə həmin şirkətlərə kredit verərkən, onlar hansısa tenderə müraciət edərkən şirkətin ictimai faydası, təcrübə proqramlarına tələbə qəbulu kimi tarixçələrinə də baxıla bilər. Bu baş versə, həmin şirkətlər artıq prosesə təşviq olunacaqlar, özləri təcrübə proqramı elan etməkdə maraqlı olacaqlar”. 

Qoşqar Məhərrəmov Azərbaycanda ali təhsil alanların təcrübə baxımından işinin bir az daha çətin olduğunu vurğulayıb:

“Çünki ali təhsil müəssisələrimizin proqramı, məzmunu və sair bəzən, həqiqətən də, bazarın tələbi ilə ahəngdar olmaya bilir. Bu, bütün ali təhsil müəssisələrimizdə belə deyil, amma belə hallar yaşanır. İşsizliklə üzləşməmək üçün tələbə birinci kursdan etibarən özünə investisiya qoymalıdır, həm dil, həm kompüter bacarıqlarını inkişaf etdirməlidir. Gələcəkdə öz təhsil aldığı sahədə işləmək istəyirsə, həmin sahədə əlaqələr qurmalı, uyğun şirkətlərin qapısını lazım gəlsə, on dəfə döyməlidir. Şirkət qapıdan qovsa, pəncərədən girib müşahidəçi kimi prosesləri izləməlidir. Bundan əlavə öz sahəsi ilə əlaqədar beynəlxalq sertifikat proqramları varsa, həmin proqramlara müraciət etməli, müəyyən beynəlxalq nüfuzu olan imtahanlar varsa, həmin imtahanların hazırlıq proqramlarına qoşulmalıdır. Həmçinin xaricdə magistratura təhsilinin yollarını aramalıdırlar. Ancaq bu yolla tələbələr yaxşı iş yerlərinə qəbul olacaqlar”.

Sayad Həsənli