Türkiyədəki dəhşətli hotel yanğını işi üzrə QƏRAR VERİLDİ

Türkiyənin Bolu vilayətində, "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelində baş vermiş və xeyli sayda insanın ölümünə səbəb olan yanğınla bağlı iş üzrə aralıq qərar qəbul edilib.
Defakto.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Bildirilir ki, Bolu Birinci Ağır Cinayətlər Məhkəməsi iş üzrə mühakimə olunan yanğınsöndürmə xidmətinin əməkdaşı İrfan Acarın həbsinə qərar verib.
Bundan başqa, iş üzrə təqsirləndirilən mətbəx işçisi Faysal Yaverin ölkədən çıxışına qadağa qoyulub və məhkəmə nəzarəti altında azadlığa buraxılması qərara alınıb.
Məhkəmə həmçinin iş üzrə saxlanılan digər müttəhimlərin azadlığa buraxılması ilə bağlı təqdim edilən vəsatətləri rədd edib.
Növbəti məhkəmə iclası sentyabrın 22-də keçiriləcək.
Xatırladaq ki, 2025-ci ilin yanvarın 21-də baş vermiş yanğında 78 nəfər ölüb, 133 nəfər yaralanıb.