Yekaterinburqdakı diasporumuzun rəhbəri də həbs olundu - VİDEO - YENİLƏNİB

image

“Hesab edirəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir”

Defakto.az APA xəbər verir ki, bunu polis tərəfindən saxlanılan Yekaterinburqdakı Azərbaycan diasporu rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski deyib.

Onun sözlərinə görə, onlar “Baku Plaza” otelinə yaxınlaşarkən hüquq mühafizə orqanlarının əməkdaşları yolu kəsib və onların olduğu avtomobilin şüşələrini sındırmağa başlayıb.

"Düşünürəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir. Əvvəlcə bunun hücum olduğunu düşündüm, qorxdum və arxaya çəkildim. Sonra bizi avtomobildən çıxardılar. Hər ikimizin vəkili olduğumuzu izah etməyə, niyə saxlandığımızı izah etməyə çalışdım. Cavabında mənə dedilər ki, sus. 3-4 dəqiqədən sonra məni sərbəst buraxdılar, atamı isə Sverdlovski vilayətinin İstintaq Komitəsinə apardılar. Hansı əsasla şahidi Rusiyanın İstintaq Komitəsinə bu şəkildə aparmaq qərarına gəldiklərini anlamıram. Bu, bizə qarşı qanunsuz hərəkətlərdir. Atamın hansı xəsarətlər aldığını bilmirəm.", - o deyib.

Onun sözlərinə görə, Şahin Şıxlinskinin statusu dəyişməyib və o, hələ də Yunis Paşayev (2001) və İkram Hacıyevin (2011) qətli işi üzrə şahiddir.

Qeyd edək ki, daha əvvəl məhz bu iş üzrə aparılan reydlər zamanı Səfərov qardaşları dünyasını dəyişib.

***

“Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb.

Defakto.az "Report"a istinadən xəbər verir ki, onun oğlu Mutvali saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.

"Ticarət mərkəzinin yaxınlığında çoxlu təhlükəsizlik qüvvələri var idi", - o, deyib.

Məlumata görə, Mutvali də əvvəlcə saxlanılıb, sonra azadlığa buraxılıb.

***

Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski həbs edilib.

Defakto.az” xəbər verir ki, bu barədə məlumatı Trend-ə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.

 

***

Rusiyanın Ural vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb.

Defakto.az Musavat.com-a istinadla bildirir ki, Şahin Şıxlinski Yekaterinburqda "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisənin detalları və səbəbləri hələ açıqlanmayıb. Məlumat dəqiqləşdirilir.