Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi

Bakıda "Lexus" sürən idmançı yolda mübahisə etdiyi qadın sürücünü təqib edərək Milli Məclisin qarşısında onu təhqir edib.
Defakto.az Musavat.com-a istinadən xəbər verir ki, Cabbar Quliyev (ad və soyad şərtidir) yolda idarə etdiyi "Lexus" markalı avtomobillə hərəkətdə olan zaman "Changan" markalı avtomobili idarə edən qadın sürücü onun hərəkət yoluna çıxıb.
Qadının sözlərinə görə, öz təqsirini etiraf edib üzr istəyəndə Cabbar onu təhqir edib. O da Cabbara cavab verərək yoluna davam edib. Lakin Cabbarın qəzəbi bununla soyumayıb və qadın sürücünün arxasınca gedərək Milli Məclisin qarşısında ona çatıb, avtomobili ilə yolunu kəsib və mübahisəni davam etdirib. Qadın avtomobildə qızı da olduğu üçün qorxub.
O, polisə müraciət edib. Cabbar xırda xuliqanlıqda təqsirli bilinib və 50 manat cərimə edilib. Cabbar keçmiş idmançı olduğunu, hazırda "Şüşəli bazar"da işlədiyini deyib. O, özünü təqsirli bilmədiyini söyləyib.