Mark Zukerberqdən gözlənilməz addım: "Meta" mağazalar şəbəkəsi quracaq

image

"Meta" şirkəti avadanlıq satışlarını artırmaq məqsədilə fiziki mağazalar açmaq planını reallaşdırmağa hazırlaşır. 

Defakto.az Valyuta.az-a istinadən xəbər verir ki, "Business Insider" tərəfindən əldə edilən daxili şirkət yazışmasına əsasən, texnologiya nəhəngi pərakəndə satış sahəsində genişlənməyi planlaşdırır və artıq mağazalarda çalışacaq personal axtarışına başlayıb.

Hazırda şirkətin yalnız Kaliforniyanın Börlinqeym şəhərində yerləşən "Meta Store" adlı bir fiziki mağazası mövcuddur. Bu mağazada "Meta Quest" virtual reallıq eynəkləri və "Ray-Ban Meta" ağıllı eynəkləri kimi məhsullar müştərilərə təqdim edilir və onların təcrübədən keçməsi təmin olunur. Bu mağaza, dünya üzrə 500-dən çox satış nöqtəsi ilə fəaliyyət göstərən "Apple" strategiyasının kiçik miqyaslı versiyası kimi qiymətləndirilir.

"Meta" ötən il Los-Ancelesdə yerləşən "Meta Lab" adlı müvəqqəti bir mağaza ilə bu sahədə ilkin sınaq həyata keçirmişdi. İndi isə bu təcrübəni daimi mağazalara çevirməyi planlaşdırır. Lakin neçə mağazanın açılacağı və prosesin nə vaxt başlayacağı hələlik dəqiq deyil.

Şirkət 2024-cü ildə 1 milyondan çox ağıllı eynək satıb. Şirkətin baş direktoru Mark Zukerberq bu satışları "yaxşı bir başlanğıc" kimi qiymətləndirsə də, bu məhsulların "Meta" üçün əsas biznes sahəsinə çevrilib-çevrilməyəcəyinin hələlik bəlli olmadığını bildirib. O, 2025-ci ilin bu məhsulların gələcəyini müəyyən edəcək həlledici bir il olacağını vurğulayıb.

Digər tərəfdən, "Meta"nın texniki direktoru Endryu Bosvort bu il şirkətin satışları artırmaq, müştəri bağlılığını gücləndirmək və istifadəçi qarşılıqlı təsirini yüksəltmək missiyasına fokuslandığını bildirib. O həmçinin 2025-ci il ərzində yeni süni intellekt dəstəklı geyilə bilən cihazların təqdim olunacağını da açıqlayıb.

Qeyd edək ki, texnologiya nəhəngləri daha əvvəl də fiziki mağaza sahəsində şanslarını yoxlayıblar. "Amazon" ilk mağazasını 2015-ci ildə açıb, "Apple" isə bu sahədə ən uğurlu nümunələrdən birinə çevrilib. "Microsoft" isə 2020-ci ildə bütün mağazalarını bağlamışdı.