Suriya liderinə TƏHLÜKƏ - 5 min əcnəbi döyüşçü...

Suriyada Bəşər Əsəd rejiminin devrilməsində iştirak etmiş xarici döyüşçülərin hazırda ölkədə qalması, prezident Əhməd əş-Şəraa üçün təhlükəyə çevrilə bilər.
Defakto.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
Qəzet yazır ki, 2024-cü ilin sonlarında Əsəd rejiminin devrilməsində Avropa və Mərkəzi Asiyadan minlərlə xarici silahlı iştirak edib. İndi onların Suriyada qalması əş-Şəraa üçün problem yarada bilər.
Məlumata görə, bu döyüşçülərdən bəziləri Suriya Müdafiə Nazirliyində vəzifə alıblar. Əş-Şəraa həmçinin onların bir hissəsinin Suriya vətəndaşlığı alacağını düşünürdü. Lakin ABŞ prezidenti Donald Trampın administrasiyası Amerikanın Suriyaya qarşı sanksiyalarını yumşaltmaq üçün əsas şərt kimi bütün əcnəbi döyüşçülərin ölkədən çıxarılmasını tələb edir.
Qeyd edək ki, 2025-ci ilin may ayında Tramp Ər-Riyadda əş-Şəraa ilə görüşüb. Bu, ABŞ-ın Suriyaya qarşı sanksiyaları qismən ləğv etməsindən bir gün sonraya təsadüf edib. Daha sonra Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Tramp Suriya prezidentindən bütün əcnəbi terrorçuların ölkəni tərk etməsi barədə göstəriş verməsini tələb edib.
Qəzetin məlumatına görə, Əsədin tərəfdarı olan əlevilərlə təhlükəsizlik qüvvələri arasında Suriya sahil bölgələrində baş vermiş qarşıdurmalarda iştirak edənlərin bəziləri də əcnəbi döyüşçülər olub. Bu isə ölkədə qeyri-sabitliyə səbəb ola və əş-Şəraa üçün təhlükə yarada bilər.
Nəşr yazır ki, radikal qruplaşmalar keçmiş silahdaşı olan əş-Şəraa-ya qarşı qəzəblidirlər. Onlar onu hələ də ölkədə şəriət qanunlarını tətbiq etməməkdə ittiham edirlər. Bundan başqa onu ekstremist qruplaşmalara qarşı ABŞ və Türkiyə ilə əməkdaşlıqda günahlandırırlar.
“Əl-Culani bizi yerdən vurur, Amerika isə havadan”, - avropalı döyüşçülərdən biri bildirib.
Tədqiqatçıların hesablamalarına görə, hazırda Suriyada təxminən 5 min əcnəbi döyüşçü qalır. Onların bir çoxu ölkənin şimal-qərbindəki yerli icmalara inteqrasiya olunub və Suriyalı qadınlarla evlidir. Prezident isə balans axtarışındadır, bu səbəbdən hökumət əcnəbi döyüşçülərə “gözə dəyməməyi” əmr edib.