Toyda dava salan şəxslə bağlı nazirlikdən açıqlama - Yenilənib

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı həbs edilib.

Defakto.az oxu.az-a istinadən xəbər verir ki,  bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Məhkəmənin hökmü ilə nazirliyin tabeliyində "DOST" Mərkəzinin nəzarətçi köməkçisi vəzifəsində işləyən şəxs 3 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Nazirlik əməkdaşı həmkəndlisini ölümcül döyməkdə ittiham olunur. Belə ki, təqsirləndirilən şəxs Balakən rayonunun Kortala kəndindəki şadlıq sarayında keçirilən toy məclisində həddindən artıq spirtli içki qəbul edərək həmkəndlisi ilə mübahisə edib. Mübahisə zamanı o, həmkəndlisinin baş nahiyəsinə ağır xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb və nazirlik əməkdaşı məsuliyyətə cəlb edilib.

***

Həmkəndlisini döydüyü üçün həbs edilən Bayramov Taleh Bəxtiyar oğlunun DOST Mərkəzinin nəzarətçi köməkçisi vəzifəsində işlədiyi barədə qeyd edilənlər doğru deyil.

Bu barədə Defakto.az-a DOST-dan məlumat verilib. Bildirilib ki, həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, o cümlədən DOST Agentliyinin və ya DOST Mərkəzinin əməkdaşı deyil. 

O, “DOST İş” Mərkəzi tərəfindən ödənişli ictimai işlər proqramı çərçivəsində Zaqatala Regional Qaz İstismarı İdarəsinin Balakən rayonu üzrə ictimai işlər üzrə köməkçi işi ilə təmin edilib.