Baş Prokurorluq Sabirabadda törədilmiş qətllə bağlı məlumat yaydı - YENİLƏNİB

Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində mayın 20-də qadın meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Defakto.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
Sabirabadda qətl hadisəsi baş verib.
Defakto.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.
Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Axtarış-xilasetmə əməliyyatı çərçivəsində 16 yaşlı qızın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma gedir.