Doğuşdan sonra ölən ana ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB

image

11.08.2025-ci il tarixində 38-39 həftəlik hamilə qadın Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib.

Bu barədə Defakto.az-n sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1994-cü il təvəllüdlü şəxsə zəruri laborator və instrumental xidmətlər göstərilib və qeysəriyyə kəsiyi əməliyyatına zərurət yarandığı bildirilib:

"Əməliyyatdan sonra pasiyentdə ağciyər arteriyasının tromboemboliyası, ağciyər, qara ciyər, böyrək və ürək çatışmazlığı, eyni zamanda tromboz (qan laxtalanması) müşahidə olunduğundan müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. 

12.08.2025-ci il tarixində saat 08:30 radələrində vəziyyəti pisləşən pasiyentdə ürək döyüntüləri müşahidə edilməyib. Dərhal zəruri tibbi xidmətlər göstərilib və pasiyentin ürək fəaliyyəti bərpa edilib. Daha sonra ixtisaslı həkim-mütəxəssis baxışı həyata keçirilib və sağlamlıq vəziyyəti yenidən qiymətləndirilib.

Pasiyentin vəziyyəti gecə saatlarında təkrar pisləşib və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 12.08.2025-ci il tarixində, saat 23:40 radələrində şəxsin ölüm faktı qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib. 

Qeyd edək ki, qadının qeysəriyyə kəsiyi əməliyyatı ilə boyu 49 sm, çəkisi 3 kq 100 qram olan qız övladı dünyaya gəlib. Körpəyə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan körpənin müalicəsi Doğum şöbəsində davam etdirilir" - məlumatda deyilir.

Billurə Yunus

***

Qusar rayonunda ana doğuşdan sonra ölüb.

Defakto.az xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb.

Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər.

Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu, onun ikinci hamiləliyi olub.