İranda rekord istilərə görə işlər dayandırılıb

İranda rekord istilərə görə ictimai işlərə fasilə verilib.
Defakto.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.
İranın 20 əyalətindəki dövlət qurumları həddindən artıq istilər səbəbindən artan enerji istehlakını kompensasiya etmək üçün ötən gündən bağlanıb.
Sözügedən qərar Tehran, Fars, Ərdəbil, Kohquliya-Buyer Əhməd, Gülistan, Rəzəvi Xorasan, Çaharməhal-Bəxtiyari, Buşehr, Cənubi Xorasan, Yəzd, İsfahan, Hörmüzqan, Kirman, Əl-Borz, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Semnan, İlam, Qum və Gilanı əhatə edib.
Son günlər paytaxt Tehranın müxtəlif bölgələrində həddindən artıq enerji istehlakının qarşısını almaq üçün gündə iki saatlıq elektrik kəsilir.
Kondisionerlərdən istifadənin artması səbəbindən enerji tələbinin pik həddə çatdığı bu isti günlərdə səlahiyyətlilər tez-tez ictimaiyyəti resurslara qənaət etməyə çağırırlar.
Qeyd edək ki, Tehran və ətrafındakı bölgələrdə temperatur hər gün 36–39 °C arasında dəyişir və 12 avqustda 41 °C‑yə qədər yüksələcək.
Cənub bölgələrində isə istilik 50 °C və daha artıqdır, bu da su və elektrik böhranlarını, ictimai məhdudiyyətləri və sosial narazılığı artırıb.
Billurə