"Dərmanlarımı almaq üçün corab satıram" - Allahverdi Yolçuyev - VİDEO

Aktyor Allahverdi Yolçuyev şəhərin mərkəzi küçələrində insanlara, mağazalara corab satır.
Defakto.az xəbər verir ki, bunu aktyor "Astar" yutub layihəsində deyib. O, dərmanlarını almaq üçün bu işlə məşğul olduğunu bildirib:
"Mən xəstələnəndən fikirləşirdim ki, alternativ bir iş tapım. Birtəhər öz dərmanlarımı alım. Neçə ildir xəstəyəm. Səhhətim həkimlərin sayəsində pis deyil. Artıq bir il olar ki, beyin pili əməliyyatı keçirmişəm. Fikirləşdim ki, ən yaxşısı corabdır. Uşaqlıqda göyərti, günəbaxan toxumu, əncir satmışam. Utanmalı bir iş deyil. Mən öyrəşməmişəm ki, evdəkilərdən pul istəyim. Qızlarımın həyat yoldaşları bilmir corab satıram, məni qoymazlar. Bu barədə o qədər yazdılar ki, təkzib etdim.
Corab alanlar olur. İki manata alıram, 4-5 manata satıram. Günə 10-15 manat qazanc olur. Xalqımıza qurban olum, məni çox istəyirlər. Kişinin biri mənə 5 manat uzatdı ki, götür. Dedim ki, lazım deyil. Bir az pis çıxır. Niyə dilənməliyəm? Ayıbdır axı, yaş, tanışlıq, teatrda rollarım, 50 illik stajım, sənət yoldaşlarım var. Xalq artisti Sabir Məmmədov zəng edir ki, tez kartını at, sənə pul göndərim. Demişəm ki, lazım deyil. Halal pulumu qazanıram. Yəqin ki, dövlətin yadına düşərəm".
Allahverdi Yolçuyev dövlətdən dərmanlarını almaq üçün maliyyə dəstəyi istədiyini bildirib:
"Mədəniyyət naziri Adil Kərimli iki dəfə mənə zəng vurub. Demişəm, fəxri ad yox, maliyyə dəstəyi istəyirəm ki, dərmanlarımı ala bilim. Yaşa görə 336 manat təqaüd alıram. Özümü qoca saymıram, teatrda çalışa bilərəm. Dublyajda da 30 ilə yaxın işləmişəm. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev mənim tələbə yoldaşım olub. Dedi ki, teatrda yer yoxdur. Xalq artisti olsaydın, bir yer tapardıq".