Lirənin ucuzlaşması manata da təsir edəcək? – İnflyasiya ehtimalı ilə bağlı AÇIQLAMA | DEFAKTO.AZ Lirənin ucuzlaşması manata da təsir edəcək? – İnflyasiya ehtimalı ilə bağlı AÇIQLAMA – DEFAKTO.AZ

Lirənin ucuzlaşması manata da təsir edəcək? – İnflyasiya ehtimalı ilə bağlı AÇIQLAMA

189

“Dekabr ayının 20-də prezident Rəcəb Tayyip Erdoğanın çıxışından sonra demək olar ki, TL müəyyən qədər də olsa dəyər qazanmağa başladı”.

Defakto.az milli.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

İqtisadçı ekspert bildirib ki, Türkiyə iqtisadiyyatı risk qarşısındadır:

“Verilən yeni depozit qaydalarına görə, əhali depozitini 6 ay türk lirəsi (TL) şəklində bankda saxladığı təqdirdə kurs faizindən yaranmış fərqin 50 %-i, 1 il saxladığı təqdirdə kurs faizindən yaranmış fərqin 100 %-i geri ödənəcəkdir. Bu qərar müəyyən qədər də olsa TL-nin dəyər qazanmağına imkan yaratdı. Lakin hesab edirəm ki, bu uzun sürən proses olmayacaq. TL müəyən müddət sonra yenidən dəyər itirməyə başlayacaqdır. Burada əsas strategiya, insanların banklardan depozitlərini çəkib, ABŞ dollarına konvertasiya etməsinin qarşısını almaqdır. Burada önəmli bir sual ortaya çıxır. Bu faiz fərqini kim ödəyəcəkdir?

Bankların bu qərara görə hansısa maliyyə resursu ayıracağını və eyni zamanda bu addımın marağında olacağını düşünmürəm. Bu proses hesab edirəm ki, yenə də dövlət tərəfindən həyata keçiriləcəkdir. Bu isə büdcə xərclərinin birbaşa artması deməkdir ki, bu da növbəti period üçün Türkiyə iqtisadiyyatını daha da riskə atır.

Təbii ki, TL-nin dəyər qazanması üçün bir çox şərtlərin həyata keçirilməsi zəruridir. Burada birinci növbədə ölkə içərisində TL ilə bağlı verilən qərarlara ölkə daxili inamın olması çox önəmlidir. İkincisi, ölkə içərisində inflyasiya həddinin azalması üçün stratejik addımlar atılmalıdır. Üçüncüsü banklara qoyulacaq xarici valyutada depozitlərin həcmi çox önəmlidir. Dördüncüsü, ixrac potensiallı məhsulların istehsalı üçün lazımlı xammalın idxaldan asılılığını uzun müddət üçün azaltmaq lazımdır. Beşinci, ölkəyə müəyyən xarici investisiyaların gətirilməsi üçün uyğun siyasi qərarlar verilməlidir. Bu faktorlar ilkin mərhələdə həll olduğu təqdirdə, TL-nin dəyər qazanmasına şahid ola bilərik. Əks təqdirdə, yenə də TL dəyər itirməyə davam edəcək.

Düşünürəm ki, TL-nin ucuzlaşması yaxın zamanda Azərbaycana birbaşa olaraq təsir etməyəcək. Çünki Azərbaycanda manatın tənzimlənməsi birjalardan birbaşa asılı deyil. Lakin Türkiyədə pul vahidinin dəyərsizləşməsi Azərbaycan-Türkiyə arasında olan ticarət əlaqələrinə təsir edə bilər. Çünki TL ucuzlaşdıqca, Türkiyədən idxal olunan məhsullara tələbat artacaqdır. Ümumi təcrübəyə və elmi əsaslara nəzər salsaq görərik ki, ölkədə pul vahidinin dəyərsizləşməsindən sonra inflyasiya da artır. Türkiyədə də, bu proses artıq başlamaqdadır. Ortalama olaraq 20 %-ə qədər inflyasiya artıq öz sözünü deməkdədir. Lakin bu proses ərzində, düşünürəm ki, Türkiyə ilə ticarət əlaqələri və eyni zamanda Türkiyədən idxal olunan məhsulların həcmində kəskin artım müşahidə olunacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir