Qənirə Paşayeva rəssam Yusif Mirzənin Laçının Ermənistanın işğalından azad olunmasının birinci ildönümü münasibəti ilə təşkil olunmuş “Can Laçın” adlı fərdi sərgisinin açılış mərasimində | DEFAKTO.AZ Qənirə Paşayeva rəssam Yusif Mirzənin Laçının Ermənistanın işğalından azad olunmasının birinci ildönümü münasibəti ilə təşkil olunmuş “Can Laçın” adlı fərdi sərgisinin açılış mərasimində – DEFAKTO.AZ

Qənirə Paşayeva rəssam Yusif Mirzənin Laçının Ermənistanın işğalından azad olunmasının birinci ildönümü münasibəti ilə təşkil olunmuş “Can Laçın” adlı fərdi sərgisinin açılış mərasimində

106

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva rəssam Yusif Mirzənin Laçının Ermənistanın işğalından azad olunmasının birinci ildönümü münasibəti ilə təşkil olunmuş “Can Laçın” adlı fərdi sərgisinin açılış mərasimində çıxış edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Yusif Mirzənin Laçının Ermənistanın işğalından azad olunmasının birinci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunmuş “Can Laçın” adlı fərdi sərgisinin açılışında çıxış edib.Açılış mərasiminin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı öncə iştirakçıları şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

O, qeyd edib ki, sərgi 15 gün müddətində sənətsevərlərin ziyarətinə açıq olacaq: “Sərgi Milli Məclisinin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin təşkilatçılığı, “Nəfəs” və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” ictimai birliklərinin mənəvi dəstəyi ilə keçirilir.Sənətsevərlər sərgidə nümayiş olunan əsərləri ala, öz evlərinə, iş yerlərinə, bərpa olunacaq Laçın Tarix-diyarşünaslıq muzeyi başda olmaqla, ölkəmizin muzeylərinə, sənət ocaqlarına hədiyyə edə bilər”. MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Laçının erməni işğalından azad edilməsinin birinci ildönümü ilə əlaqədar təşkil edilmiş sərginin məhz “Can Laçın” adlandırlmasına diqqəti çəkib, bu adın ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Laçına ilk səfəri vaxtı Mehriban xanımın bu əziz Vətən torpağını məhz “Can Laçın” deyərək salamlamasından ilhamlanaraq, seçildiyini bildirib: “Sizlər sərgi ilə tanış olquğunuz müddətcə “Can Laçın” mahnısının həzin musiqisi sizləri müşayiət edəcəkdir. Bəli, can Laçının azad olunmasının birinci ildönümünü biz mədəniyyət, incəsənət hadisəsi ilə qeyd edirik. Ümumiyyətcə Laçına, ümumən işğaldan azad olunmuş torpaqlarımıza işğal mədəniyyətsizliyindən sonra quruculuq mədəniyyəti qayıdır. Bir il içində çox işlər görülüb.

Qarabağa mədəniyyətlə qayıtmaq dünyaya da bir ismarıcdır. Erməni vandallarının viran qoyduğu abidələr, mədəniyyət ocaqları yenidən qurulacaq, təmir-bərpa olunacaq, canlanacaq, Laçına, Şərqi Zəngəzura, Qarabağa qaynar həyat dönür, insanlıq qayıdır. İnşallah Yusif müəllimin növbəti sərgisini də Laçında təşkil edərik.Laçında bərpa olunacaq muzey üçün bu günkü sərgidə ilk əsəri mən özüm alacam, qoy bizim Mədəniyyət Komitəsindən Laçın muzeyinə bir hədiyyə olsun. İmkanı olan dostları da sənətə, sənətkara dəstəyini əsirgəməməyə çağırıram.Yusif Mirzəni çoxdan tanıyıram. O, Laçının təbiət mənzərələrini, insan mənzərələrini mükəmməl şəkildə işləmiş tanınmış rəssamımızdır. Onun əsərləri ölkəmizdə, xarici ölkələrdə şəxsi fondlarda, qalareyalarda, mədəniyyət ocaqlarında saxlanır. Rəssamın özəlliklə Norveçlə yaxşı sənət əlaqələri, əməkdaşlığı olduğunu bilirik.Biz əgər bugün belə bir sərgi təşkil edə bilmişiksə, sevinclə, qürurla Laçının azad olunmasının birinci ildönümünü qeyd ediriksə, bununçün dövlət-xalq birliyimizə, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atmış şanlı Ordumuza minnətdarıq.

Şəhidlərimizin əziz ruhu qarşısında baş əyir, yaralı qazilərimizə şəfalar, müharibənin bütün iştirakçılarına möhkəm can sağlığı diləyirik.Hərbçilərimiz döyüş meydanında, mədəniyyət, incəsənət xadimlərimiz sənət meydanında öz sözünü deyib.Yusif müəllimi anlamlı gündə keçirilən bu gözəl sərgi münasibəti ilə təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm!Bir daha bütün qonaqlarımızı, dəvətimizi qəbul edib təşrif buyuran dəyərli ziyalılarımızı, görkəmli mədəniyyət, incəsənət xadimlərimizi, gənclərimizi, vətəndaş cəmiyyəti institutlarımızın dəyərlli təmsilçilərini salamlayıram. Çox şadam ki, bu əziz gündə qardaş Türkiyəmizin Azərbaycandakı Böyükelçiliyinin dəyərli müşavirləri tuğgeneral Nuri Öztürk, Hüseyn Altınalan da bizimlə birgədirlər. Onların timsalında qardaş ölkənin Böyükelçiliyinə, qardaş ölkəmizə salam-sayğılarımızı çatdırıram”.

Açılış mərasimində Mədəniyyət Nazirliyinin sektor müdiri Altun Mikayıllı, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılzadə, Türkiyənin Azərbaycandakı Böyükelçiliyinin müşaviri tuğgeneral Nuri Öztürk, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva çıxış edib.Laçın doğumlu solo saz ifaçısı, saz müəllimi Elvin Axundovun ifa etdiyi “Misri” açılış mərasiminə xüsusi rəng qatıb.Sonda rəssam Yusif Mirzə sərginin təşkilinə əməyi keçən hər kəsə, açılışa təşrif buyuran qonaqlara könül dolusu təşəkkür edib.Sonra sənətsevərlər sərgi ilə tanış olublar.Qeyd edək ki, rəssam Yusif Mirzə Laçın rayonunun Sadınlar kəndində doğulub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Qrafika” fakültəsində almış və Xalq rəssamı Nadir Əbdürrəhmanovdan dərs alıb. Yusif Mirzə özü də sonralar rəssamlıq, qrafika və heykəltəraşlıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, bu şərəfli estafeti davam etdirib.O, məktəb müəllimindən doğma Laçın rayonunda teatr rəssamına qədər yol keçib.

1987-ci ildə Bakıya köçən rəssam, bir neçə il sonra yenidən doğma yurduna – bu dəfə əlində silah öz doğma torpağını erməni işğalçılarından müdafiə etmək üçün geri qayıdıb.İtirilmiş doğma yerlərin obrazları onun sonrakı dövr yaradıcılığında, Bakıdakı yaradıcılıq dövründə, Azərbaycanda və xaricdə muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılan çoxsaylı əsərlərdə öz əskini tapıb.Muzey Mərkəzinin Qalereyasında keçirilən sərgidə rəssamın Laçına həsr olunmuş bir neçə seriyadan olan əsərləri nümayiş etdirilir.Sərgidə qrafika və rəngkarlıq işləri – ümümilikdə 70 əsər nümayiş olunur.Sərgi 15 dekabr 2021-ci il tarixə qədər (bazar ertəsindən başqa) həftənin bütün günləri (saat 10.00-dan 18.00-dək) açıq olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir