“Brüsseldə bu mövzu müzakirə olunacaqsa, Azərbaycanın qərarı…” – Müsahibə | DEFAKTO.AZ “Brüsseldə bu mövzu müzakirə olunacaqsa, Azərbaycanın qərarı…” – Müsahibə – DEFAKTO.AZ

“Brüsseldə bu mövzu müzakirə olunacaqsa, Azərbaycanın qərarı…” – Müsahibə

68

Defakto.az teleqraf.com saytına istinadən Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevin müsahibəsini təqdim edir

– Razi bəy, Brüssel görüşü ilə bağlı fərqli fikirlər var. Sizin gözləntiləriniz nədən ibarətdir?

– Mümkün ola biləcək nəticələrin xeylisi artıq Soçidə əldə edilib. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ən ağır olan bir qərar verilib. Artıq belə görünür ki, bu, həll olunub. Rusiya prezidentinin dilindən də səsləndi ki, onun həyata keçirilməsinin mexanizmləri ilin sonuna kimi hazır olacaq. Tərəflərin hansı xəritələr, metod və mexanizmlər üzərində sərhədlərin delimitasiya və demarkasiyasını həll etmək məsələsi müəyyənləşib. Əslində prosesdə ən ağır məsələ elə bu idi.

– Kommunikasiya xəttlərinin yaxın müddətə açılacağına necə inanmaq olar?

– Kommunikasiyalarla bağlı da artıq qərar verilib. Bu xəttlər açılacaq. Çünki Rusiya prezidentinin dilindən bu məsələ ilə bağlı da fikir səsləndi. Bildirildi ki, həm avtomobil, həm də dəmir yolu xəttinin açılması təmin ediləcək.

– Erməni tərəfi yenə iddia edəcək ki, Zəngəzur termini yoxdur…

– Burada Zəngəzur dəhlizi sözünün işlənməməsini Ermənistan tərəfi hər zaman bəhanə edir. Onlar iddia edirlər ki, söhbət Zəngəzur dəhlizindən getmir. Amma sual olunur ki, burada Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizindən başqa dəhliz varmı? Bölgədə Laçın və Zəngəzur dəhlizi mövcuddur. Laçın dəhlizindən ermənilər istifadə edə bilirsə, azərbaycanlılar da Zəngəzur dəhlizindən istifadə etməlidir. Azərbaycanlıların dədə-babadan, ənənəvi olaraq Zəngilandan Zəngəzura, Naxçıvana yolu olub.

– Dəhliz məsələsinə bu qədər həssas yanaşmalar nə ilə bağlıdır?

– İndiki mərhələdə dəhlizlər Türkiyə və Rusiyanın sərhədlərinin birləşdirilməsidir. “3+3” platforması üçün də bu, mühüm bir amildir. Ona görə də, Zəngəzur dəhlizinin açılmasının bölgə dövlətlərinə xüsusi bir xeyri dəyəcək. Yenə də Ermənistan Zəngəzur dəhlizinin nəzərdə tutulmadığını iddia edə bilər. Brüssel görüşündə də erməni tərəfinin belə bir iddianı səsləndirməsi gözlənilir. Hətta ermənilər “Zəngəzur dəhlizi orada deyilməyib, bunu istəmirik” desələr belə onlar özlərini pis vəziyyətə qoyacaqlar. Amma ümumilikdə belə bir söz deyilsə, bunun Ermənistanın daxili auditoriyası üçün hədəfləndiyi də məlum olacaq.

– Azərbaycanla Ermənistan arasında növbəti görüşdə əsas müzakirə mövzusu hansı istiqamətlər ola bilər?

– Sözsüz ki, əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasıdır. Brüsseldə daha çox bu məsələnin müzakirəsi gözlənilir. Eyni zamanda erməni tərəfinin “hərbi əsir” əslində isə diversantların təhvil verilməsi məsələsini də gündəmə gətirməsi mümkündür. Bu görüşə qədər Ermənistan Avropa Birliyi ilə müntəzəm olaraq danışa bilər. Ola bilsin ki, mina xəritələrinin Azərbaycana təhvil verilməsi qarşılığında bir neçə erməni diversantın onlara qaytarılması məsələsi barədə danışıq olsun. Həmçinin ilkin olaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlara başlamaqla bağlı da proqnozlar var.

– Brüssel hər iki tərəf üçün siyasi diskusiyanın aparılması baxımından necə bir məkandır?

– Çox güman ki, Ermənistan Brüsseldə özünü bir az daha sərbəst hiss edəcək. Ona görə də, erməni tərəfi burada yenidən “status” məsələsini gündəmə gətirməyə cəhd edə bilər. Təklif oluna bilər ki, sülh müqaviləsinin bağlanması Minsk qrupunun çərçivəsində “status” məsələsinə bağlı olmalıdır. Təbii ki, Azərbaycan da bunu qəbul etməyəcək. Məsələ də elə kağız üzərində qalacaq.

– Mina xəritələrinin dəqiqliyi məsələsi də gündəmdədir…

– Erməni tərəfi mina xəritələrini bizə təqdim edəndə yüz faiz doğru olduğunu deyir. Burada 25 faizlik dəqiqlik varsa, bu, əslində Ermənistanın özünün bacarıqsızlığının nəticəsidir. Ola bilsin ki, qarşı tərəf bəzi xəritələri düzgün vermir. Mümkündür ki, xəritələrdə qeydlər silinib və yanlış istimaqətdə olanlar bizə verilir. Bunun olması mümkündür. Amma digər tərəfdən bu, onların özlərinin hərbi uğursuzluğunun nəticəsidir. Çünki onlar görünür, xəritələri düzgün müəyyənləşdirə bilmir. Ermənilərə onsuzda etibar yoxdur. Həm də öz basdırdıqları minalara özləri də düşə bilər. Amma Azərbaycan bütün resurslarından və imkanlarından, siyasi, diplomatik metodlarından istifadə edərək mina xəritələrini almaqda qərarlıdır. Ölkəmiz bunu dünyanın gündəminə də çıxara bilib. Bu özü də böyük bir uğurdur. Ermənistanın isə bu xəritələri verməmək kimi bir şansı da qalmayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir