Daşları başqa səmtə tullamaq kişilikdən deyil, qardaşlar | DEFAKTO.AZ Daşları başqa səmtə tullamaq kişilikdən deyil, qardaşlar – DEFAKTO.AZ

Daşları başqa səmtə tullamaq kişilikdən deyil, qardaşlar

23

Kubra Məhərrəmova yazır…

Hər dəfə bizim cəmiyyətdə nəsə yaşananda yadıma Molla Nəsrəddinin oğlu ilə birgə yoldakı lətifəsi yadıma düşür. Yəqin yadınıza düşdü. 

Əvvəl Molla uşağı uzunqulağa mindirir, camaat deyir ki, işə bax, uşaq uzunqulaqda gedir, molla piyada. Yerlərini dəyişirlər, camaat deyinir ki, özü uzunqulaqda gedir, yazıq tifil piyada.  Sonra hər ikisi uzunqulağa minib yolunu davam edəndə, camaat yenə deyinir ki, nə insafsız adamlardır, yazıq heyvana zülm verirlər. İkisi də uzunqulaqdan düşüb piyada yol gedəndə, yenə camaat yenə deyir ki, bunlar lap axmaqdılar, uzunqulaq boş gedir, bunlar da cüt-cüt piyada. Qısaca axırda Molla uzunqulağı belinə alır ki, görsün bu millətin sözü bitəcək, ya yox?

Yox. Bir qisim adam var ki,  onlar üçün fərqi yoxdur, Molla uzunqulağa minib, ya uzunqulaq Mollanın belində gedir. Təki onlar üçün deyinməyə söz, yazmağa cümlə olsun. 

İllah da ki hərənin əlində bir telefon olandan vəziyyət lap qəlizləşib. Bəziləri hərdən elə ideya və fikirlər təklif edirlər ki, Marsa yük daşıyan, dünyanın ən məşhur iş adamı İlon Mask əsəbdən kənarda siqaret çəkməyə başlayır ki, bəs necə olur ki, bu ideya mənim ağlıma gəlməyib. İlon Maskın da radioda narkotik çəkən vaxtları olub. Amma bilmirəm buna görə ona onların audivizual komitəsimi deyim, “nəzarətə nəzarət şöbəsimi” deyim, bir söz deyib, ya yox. Bəlkə də nəsə deyib, mənim xatirimdə deyil. Nəsə deyibsə, yazın biz də bilək.  

Bizimkilərin istədiyi isə qandı, qadadır, başına dönüm. Deyirlər ki, bir nəfər olsun, əlində balta, kim asqırdı başını kəssin. Lap metroda əlində balta gəzən usta kimi. Özü də sorğu-sualsız. 

O tərəfdən də sinə vururlar ki, bəs necə olur Amerikada söz azadlığı, efir azadlığı və s. olur. 

Ona görə olur ki, hər şey qanunla tənzimlənir. Daha “TikTok”da oturan əmi və xalaların sözü ilə məsələ həll olunmur. Əgər qanun pozuntusu varsa,  inzibati şəkildə həll olunur. Cərimə tətbiq olunur. Ya da iş gedir məhkəməyə. İndi bizimkilər deyir ki, Molla uzunqulağı alsın qucağına, uşaq da evə taksiylə getsin. Amma kartla yox, nağd ödəsin. 

İndi də xalalar-əmilər deyir ki, Zaur Kamalın efirdən qovduğu müğənniyə görə ARB kanalı bağlanmalıdır. 

Açığı Zaur Kamal mənim üçün ən sonuncu yerdə duran adamdır. Onunla işim yox. Amma ARB kanalının bağlanması uğrunda aparılan savaşlar bəllidir ki, başqa mənsəbə qulluq edir. Bu bir tərəfə, indi də əmi və xalalar deyirlər ki, ümumiyyətlə Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri düzgün qərar verməyiblər. ARB çox sərt şəkildə cəzalandırılmalı, bütün xalqın gözü qarşısında “Azadlıq” meydanında çarmıxa çəkmək lazımdır. Çünki müğənni efirdən qovulub. 

Azərbaycan Respublikası Audiovizual Şurası bildirib ki, yaranan xoşagəlməz hala baxmayaraq, yayım zamanı qanunvericiliyin pozulması faktı qeydə alınmayıb. Belə ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Proqrama hansı qonağın, hansı vaxtda, hansı tərzdə dəvət olunması və ya efirdən uzaqlaşdırılması tam olaraq redaksiya müstəqilliyi müstəvisinə aid bir məsələdir. Yəni ki, qonağı dəvət edən efir, onu yola da sala bilər. Əgər qonağın nəsə narazılığı varsa, versin televiziyanı məhkəməyə. Amma bunun Azərbaycan Respublikası Audiovizual Şurasına heç bir aidiyyəti yoxdur. 

Audiovizual Şura həyətdə dava edən uşaqları ayırmaq üçün təsis olunan qurum deyil, qardaşlar. Əgər sizə həqiqətən maraqlıdırsa, o zaman qurumun saytı var. Girin baxın, maariflənin. Görün qurumun vəzifə və öhdəlikləri nədən ibarətdir. Hansı monitorinqləri həyata keçirir, hansı hesabatları yayımlayır. 

Yoxsa ki, hay-küy salıb, arada daşları başqa səmtə tullamaq kişilikdən deyil, qardaşlar. Azərbaycan televiziyası üçün belə ürəyiniz yanırsa, o zaman Zaur kimi aparıcılara reytinq verməyin. Baxmayın onlara. Sponsorlar da o verilişlərə gəlməsin. Bağlansın. 

Yandırın bütün “Zaurları”, yeni gülüstan tələb edin. Ədəbi-bədii verilişlər, elmi-təcrübəli efirlər, şahmat dəqiqələri filan. 

Baxacaqsızınmı? Ay-hay! Sizinki elə “Zaurların” qurduğu “manıs məclisləridir” ki, ürəyiniz qəşş edir baxanda. Gedin baxın, həzz alın, gülün, şaqqanaq çəkin. Müğənnilərin bahalı evlərini, maşınlarını, geyimləri müzakirə edin. Kimin “həcisinin” daha varlı olmasından danışın. Onlar da sizin ehtirasınızı daha da artırmaq üçün qonaqla məzələnsinlər, siz də deyəsiniz ki, “nətər otuzdurdu e onu yerinə”. 

Qısası Molla əlinizdə avara qalıb. Ona görə də sizə qulaq asanın evi böyrü üstə qalar. 

Bizim isə bir yolumuz var. Hər şey qanunla tənzimlənməlidir. Qanun icazə verirsə, olmalı, icazə vermirsə, olmalı deyil.  Bu qədər sadə.