2021-ci ilin dövlət büdcə layihəsində gəlir və xərclərinə dair rəsmi proqnozlar açıqlanıb.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Proqnozlara əsasən, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon, xərcləri isə 25 milyard 847 milyon 500 min manat olacaq.
Gəlirlərin 13 milyard 950 milyon manatının neft sektorunun, 10 milyard 377 milyon manatının isə qeyri-neft sektorunun payına düşəcəyi bildirilir.
Neft sektoru üzrə büdcə gəlirlərinin 12 milyard 200 milyon manatını Dövlət Neft Fondundan transfertlər, 1 milyard 750 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmaların təşkil edəcəyi gözlənilir.
“2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb”,-deyə məlumatda qeyd olunur.
Xərclərin isə 18 milyard 106 milyon 600 min manatını cari xərclər, 5 milyard 389 milyon 100 min manatını əsaslı xərclər, 2 milyard 351 milyon 800 min manatını dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.
Qeyd edək ki 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri isə 27 milyard 492 milyon 200 min manat məbləğində müəyyən edildi.