Cavanşir Feyziyevlə jurnalistlər arasında qarşıdurma böyüyür | DEFAKTO.AZ Cavanşir Feyziyevlə jurnalistlər arasında qarşıdurma böyüyür – DEFAKTO.AZ

Cavanşir Feyziyevlə jurnalistlər arasında qarşıdurma böyüyür

40

Bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur.

Xatırladaq ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyinin araşdırmasından sonra Cavanşir Feyziyevin bank hesabında saxlanılan milyonlarla funt-sterlinqi müsadirə edilib. Bildirilib ki, maliyyə müstəntiqləri Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi haqqında sərəncam imzalayıblar.

Maraqlıdır ki, C.Feyziyev məsələ ilə bağlı səhəri gün müsahibə verərək məlumatı təsdiqləsə də, sonradan yenidən geniş açıqlama yayıb. Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan və ziyalı olduğunu elə bu yazıda iddia edən C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.

C.Feyziyevin təhqir dolu yazısını olduğu kimi təqdim edirik:

“Əziz dostlar,

Keçən həftə London məhkəməsinin qərarı ilə ailə üzvlərimin bank hesablarında olan 15 milyon funt-sterlinqin 10 milyonu sərbəst buraxıldı. Bu məbləğin qanuniliyinin London məhkəməsi tərəfindən tanınması ilk növbədə Azərbaycanda biznes mühitinin və qazanılan vəsaitlərin qanuniliyinin və şəffaflığının göstəricisidir.

Bildiyiniz kimi, vaxtilə Beynəlxalq Bankın əməliyyatlarında baş vermiş qanunsuz hallar Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və orada cinayət əməlinin törədilməsi sübut olunub. Buna görə də qalan 5 milyon məbləğin vaxtilə məhz Beynəlxalq Bank vasitəsilə köçürülməsi həmin məbləğin müsadirə olunması ilə nəticələndi. Bunun qarşısını almaq mənim iradəmdən kənarda idi. Britaniya məhkəməsinin qərarında da, Britaniya mətbuatında da mənim və ailə üzvlərimin hər hansı qeyri-qanuni hərəkətə yol vermədiyimiz ayrıca qeyd olunub. Azərbaycan mətbuatında isə bütün bunlar təhrif olunmuş şəkildə təqdim edildi.

– Ailə üzvlərimin hesablarındakı vəsaitlərin mənbəyi nədir?

Bu vəsaitlər 1987-2010-cu illər ərzində mənim təsis etdiyim, həmtəsisçisi və ya direktoru olduğum şirkətlərdən qazanılıb. Həmin şirkətlər ölkənin iri vergi ödəyiciləri olub və büdcəyə öz layiqli töhfələrini veriblər. Bu şirkətlərdə ölkənin bütün bölgələrindən minlərlə vətəndaşımız çalışıb, özünün və ailəsinin layiqli həyatını təmin edib. Bu şirkətlər dünyanın ən nüfuzlu şirkətləri ilə əməkdaşlıq edib, Azərbaycanın yeni yaranmaqda olan biznes mühitinə müasir davranış qaydaları və iş üslubu gətirib. Gördüyüm bütün işlərlə və birgə çalışdığım bütün insanlarla həmişə fəxr etmişəm və bu gün də onların hamısını hörmətlə xatırlayıram.

Mən orta maddi səviyyəli müəllimlər ailəsində böyümüşəm, ancaq zəngin olmadığımız üçün heç vaxt heç kimi günahkar hesab etməmişəm. Qarşıma qoyduğum məqsədlərə sadəcə düzlüklə, vicdanla və əzmkarlıqla işləyərək çatmışam. Heç kimdə günah axtarmadan, heç kimi suçlamadan.

Beləliklə, sözügedən vəsaitlər mənim 20 ildən çox müddətdə özəl biznes sahəsində əldə etdiyim şəxsi qazancımdır, mənə və ailəmə məxsusdur. Mənim bu vəsaitləri istənilən ölkədə istənilən biznesə sərmayə olaraq yatırmaq hüququm var.

Orta savadı olan adam üçün burada başa düşülməyəcək bir şey yoxdur. Amma qaragüruh təmsilçiləri bunu anlamadan və ya anlayaraq qəsdən ünvanıma “korrupsioner”, “xalqın pulunu talayan” və s kimi özlərinə yaraşan nalayiq ifadələr işlədiblər. Bütün bunlara həmişə təmkinlə yanaşmışam. Çünki anlayıram ki, adətən, belə adamlar öz uğursuzluqlarının səbəbini özlərində deyil, məhz onlardan daha uğurlu olanlarda görürlər. Ailələri, övladları onlardan vicdanla, namusla pul qazanıb ailəni təmin etməyi gözlədikləri halda onlar öz qabiliyyətsizliklərini bizim kimilərini söyməklə ört-basdır etməyə çalışırlar.

Ünvanıma səslənən əsassız, vicdansız tənqidlərin və təhqirlərin müəlliflərini də yaxşı tanıyıram.

Bunların bir qismi – Əli Kərimli, Qubad İbadoğlu, Cəmil Həsənli, Arif Məmmədov, Bəxtiyar Hacıyev, Tofiq Yaqublu, Aslan İsmayılov, İlqar Məmmədov kimiləri və onların altında sıralanan, ömründə bir kitabı belə oxuyub başa çatdırmamış, amma başlarından böyük siyasi iddiaları olan özündən müştəbeh siyasi şarlatanlardır.

Onlar özlərini “siyasətçi” və ya “bloqer” adlandırsalar da, əslində cəmiyyətdə hər hansı siyasi mənsəbə çatmaq naminə ermənilərlə əl-ələ verib Azərbaycana və onun təmsilçilərinə qarşı beynəlxalq miqyasda qarayaxma kampaniyası aparan milli satqınlardır. Lümpen proletar düşüncəsinə malik olan bu adamlar sadə insanları halal əməklə pul qazanıb zənginləşməyə yox, proletar inqilabı etməyə və 100 il əvvəl olduğu kimi xalqın imkanlı və ziyalı adamlarını öldürüb qarət etməyə çağıranlardır. Onlar anlamırlar ki, bunu bir daha yuxularında da görə bilməyəcəklər.

Digər bir qismi rahat qazanc və ya Avropada sığınacaq və maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün “jurnalist” və ya “siyasi fəal” adları altında müxtəlif beynəlxalq QHT-lərin donuna geyinmiş və onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlərdir. Qənimət Zahid, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Həbib Müntəzir, Sevinc Telmanqızı, Ləman Ələşrəfqızı, Osman Gündüz, Rauf Arifoğlu, Bahəddin Həziyev və sairləri də yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, cəsusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi şərəfsiz vəzifələri öz üzərlərinə götürüblər.

Digər bir qismi isə gündəlik həyatda hamımızın tez-tez rastlaşdığımız adi dələduzlardır. Bunlar ölkəmizdə İnformasiya texnologiyalarının geniş yayılması və dövlətin onlara verdiyi sərhədsiz azadlığın bəhrəsindən ilk növbədə öz çirkin məqsədləri üçün yararlanırlar. Hərəsi bir smartfonda sayt idarə edən və ya özünə “Youtube” kanalı açan bu psevdo-jurnalistlər yüksək vəzifəli dövlət məmurları və deputatlarla yanaşı həm də imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir.

Bu siyahıya tüfeyliliklə məşğul olan, cibgirlik, oğurluq, reketçilik, şər-böhtan və s. üstündə həbsdə yatıb-çıxmış Əvəz Zeynallı, Eynulla Fətullayev, Xədicə İsmayıl, Xalid Kazımlı kimi stajlı dələduzlarla yanaşı bu yolda hələ kövrək addımlarını atan və hələ Kürdəxanı “ziyarətinə” gedib çata bilməmiş Zaur Qəriboğlu, Məhəmməd Ərsoy, Elçin Zahiroğlu, Şahin Əhmədov, Elnur Məhərrəmli kimi çoxsaylı nisbətən gənc dələduzlar da daxildir.

Əziz dostlarım və izləyicilərim,

Qazandığım bütün vəsaitlər şəffaf və qanuni yolla əldə edilib, vergiləri ödənilib, şəxsən mənə və ailə üzvlərimə məxsusdur. Buna görə mənim yuxarıda sadaladığım siyasət və məişət dələduzlarına heç bir hesabat vermək məsuliyyətim və fikrim yoxdur. Belə adamların yaydığı qərəzli və saxta xəbərlərə görə narahat olub mənə dəstək mesajları göndərən, telefon açan, narahatlığını bildirən bütün dostlarıma minnətdarlığımı bildirirəm və ən xoş arzularımı çatdırıram”.

Deputatın təhqir dolu yazısına sözügedən məqalədə adı keçən jurnalistlərin cavabı özünü çox gözlətməyib. Onlar C.Feyziyevi kəskin şəkildə tənqid edərək onun ciddi şəkildə cəzalandırılmasını tələb ediblər.

Jurnalist Sevinc Telmanqızı deputata sərt cavab verərək onu Azərbaycanın üz qarası adlandırıb:

“Biri o Cavanşir Feyziyev adlı Londonda yolunmuş qaza xatırlatsın ki, bir də başından böyük danışıb, mənim adımı ağzına almasın. Bütün ölkə onun şərəfsiz fəaliyyətindən danışır, bu, utanmadan ölkədə qələmi ilə, vicdanı ilə fəaliyyət göstərən mənə ağız atır. (onu tənqid etmiş jurnalistlərə şərəfsiz fəaliyyətlə məşğul olanlar deyib) Məhkəmə qərar çıxarıb, mən də xəbərini oxuyub, şərhini vermişəm. Uduzduğu pulun acısını bizdən çıxarmağa çalışır deyəsən. Sənin pulunu Conlar yeyib eee, nə bizə diş qıcayırsan? Hajı dayının uğursuz versiyası, Azərbaycanın üz qarası!”.

O cümlədən jurnalist Ləman Ələşrəfqızı da deputata cavab verib:

“Başım qarışıq olub bu gün, facebooka indi girirəm. Baxıram ki, deputat Cavanşir Feyziyev mən də daxil bir neçə jurnalisti təhqir edib, xarici kəşfiyyata işləyən, şərəfsiz və s. adlandırıb. Niyə, nə üçün? Çünki Britaniya məhkəməsinin çıxardığı qərarı efirimizdən səsləndirmişik, bu pulların ölkədən necə çıxarılmasından danışmışıq, şərh vermişik. Əcəb eləmişik! Zatən jurnalistikanın işi bu! Hansı şərəfdən danışırsız, ay yoldaş deputat? Şərəfi olan sizin kimi saxta yolla gedib parlamentdə oturmur. Şərəfi olan millətin pulunu oğurlayıb ingilisə yedirtmir! Sən o adamsan ki, bir ayağı amputasiya olunmuş , bir ayağı qanqrena vəziyyətdə olan əlilə kömək etmədin, dedin mən deputat maaşı ilə yaşayıram, amma milyonlarla funt sterlinqi ingilisə yedirdirsən.

Bax, bu, ilahi ədalətdir! Bir yetimə, əlilə dərman pulunu qıymayan adama Allah belə rüsvayçı aqibəti yaşadır.
Qaldı, xarici kəşfiyyat, agent-filan sayıqlamarına… Yeddi arxa dönənini xaricdə bəsləyən sənsən. Agent də, casus da sizdən çıxar. Biz özünüz demiş, çörəyimizi bir smartfondan çıxaran adamlarıq. Amma bu daha şərəfli çörəkdir. Qətiyyən yaddan çıxarmayın”.

Tanınmış jurnalist, “Xural TV”-nin rəhbəri Əvəz Zeynallının da Cavanşir Feyziyevə cavabı sərt olub:

“Cavanşir Feyziyev adlı bir təyinartlı deputat genindən gələn əxlaqın və gördüyü tərbiyənin səviyyəsinə uyğun olaraq Azərbaycanın dəyərli jurnalistlərinin gözünə məni də qataraq əl tulalarının saytlarında yazı dərc etdirib. Bu adam Milli Məclisdə təmsil oluna bilməz. Cavabım və cavabımız çox, amma çox sərt olacaq”.

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev də C.Feyziyevi kəskin şəkildə tənqid edərək hüquq-mühafizə orqanlarınını onunla bağlı ölçü götürmələrini tələb edib:

“Əslində o deputat bizim adımızı çəksə də, özü haqqında yazıb. Qələmindən başqa heç nəyi olmayan jurnalistləri də ağır cinayətlərdə ittiham edib. Təsəvvür edin: Azərbaycan Qarabağın bərpası, ümumiyyətlə, ölkənin inkişafı üçün xaricdən sərmayələr tapıb gətirməyə çalışarkən, dövlətin üst səviyyələrində olanlar, o cümlədən, deputatlar Azərbaycandan qapdıqları milyonları xaricə çıxarır. Burda Azərbaycan xalqının canından qoparıb yığdığı pulları öz ölkəsinə deyil, xaricə yatıran adam çıxıb da ömrünü, sağlamlığını vicdanlı sözə həsr etmiş bizə “sabotajçı”, “agent” və sair deyə ittiham irəli sürür və ürəyi də soyumur, təhqir edir.

Mən Azərbaycan Respublikasının rəhbərliyinə, Baş Prokurora, Milli Məclisin sədrinə müraciət edirəm: bir polis işçisinə zor tətbiq edən, təhqir edən Eldəniz Səlimovun hərəkətinə necə operativ və ədalətli hüquqi və siyasi qiymət verilibsə, bütün Azərbaycan mediasını, bürün jurnalistləri ağır formalarda təhqir, təhdid və ittiham etmiş Cavanşir Feyziyev də deputat mandatından edilməli və barəsində hüquqi ölçü götürülməlidir. Bu hərəkətə dövlətin adekvat qiymət verməsini gözləyirəm”.

Az sonra isə Bahəddin Həziyev etiraz əlaməti olaraq Cavanşir Feyziyevin də üzvü olduğu Mətbuat Şurasının İdarə Heyətindən istefa verib.

Bu gün Medianın İnkişafı Agentliyi Milli Məclisin deputatı Cavanşir Feyziyevin jurnalistləri təhqir etməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycan dövləti cəmiyyət həyatında mühüm rol oynayan peşəkar medianın fəaliyyətini daim yüksək qiymətləndirmiş, onun inkişafına hərtərəfli dəstək göstərmişdir.

Ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi hazırkı dövrdə bəzi şəxslərin öz statusundan istifadə edərək media mənsublarına qarşı etik çərçivələrə sığmayan təhqir və ittihamedici ifadələrdən istifadə etməsi yolverilməzdir.

Plüralizm, söz azadlığı, hər hansı tənqidi media materialına cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi vəzifəsindən və statusundan asılı olmayaraq hər kəsi öz peşəkar funksiyalarını yerinə yetirən media və jurnalistlərlə münasibətlərində daha təmkinli, məsuliyyətli olmağa və qarşılıqlı hörmət prinsiplərinə riayyət etməyə çağırır”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.

“Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi”.

Ə.Amaşov yaxın günlərdə C.Feyziyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə edəcəklərini də söyləyib:

“Bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxladım. Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünüdən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik”.

Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı DEFAKTO.az-a açıqlamasında C.Feyziyevlə bağlı məsələnin Komisiyanın müzakirəsinə çıxarıla biləcəyini söyləyib:

“Bu məsələnin müzakirəyə çıxarılması üçün orada adıçəkilən jurnalistlər hansısa bir formada parlamentə müraciət etməlidirlər. Həmin müraciətdə təhqirlə bağlı hüquqi baxımdan yanaşmalar, əsaslandırmalar olmalıdır. Milli Məclisin rəhbərliyinin bu məsələyə hansı münasibət bəsləyəcəyi onun səlahiyyətinə aiddir. Əgər parlamentin rəhbərliyi tərəfindən məsələnin İntizam komissiyasında müzakirəsi məsləhət görülərsə, təbii ki, onda komissiya bu məsələyə baxa bilər”.

Göründüyü kimi, Cavanşir Feyziyevlə jurnalistlərin qarşıdurması getdikcə daha da kəskinləşməkdə, daha gərgin hal almaqdadır. Bunun nə ilə nəticələnəciyini isə zaman göstərəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir