Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Defakto.az-a verilən məlumata görə, videokonfrans formatında keçirilən iclası açan komitə sədrinin müavini Fazil Mustafa gündəlik barədə məlumat verib.
Sonra komitədə 2021-ci ilin payız sessiyasında görülən işlərin hesabatı təqdim edilib.
Sonra iclasda komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı barədə məlumat verilib. Komitə sədrinin müavini bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktları, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Plana əsasən, parlamentin digər komitələrindən daxil olan layihələrə rəy və təkliflərin hazırlanması, habelə dinləmələrin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, komitə üzvləri tərəfindən vətəndaşların qəbulu, daxil olan müraciətlərlə iş, 2022-ci ilin yaz sessiyası dövründə komitənin fəaliyyətinə dair hesabatın hazırlanması ilə bağlı müddəalar da iş planında öz əksini tapıb.
Müzakirələr zamanı çıxış edən deputatlar Sabir Rüstəmxanlı və Novruzəli Aslanov payız sessiyasında komitə sədrinin və üzvlərinin səmərəli fəaliyyət göstərdiyini qeyd ediblər, yaz sessiyasının iş planı barədə fikir və təkliflərini səsləndiriblər.
Tədbirdə Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyasında görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Onlayn iclasda komitə üzvləri Ülviyyə Ağayeva, Nizami Cəfərov, Əziz Ələkbərov, Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, Mixail Zabelin iştirak ediblər.