Parlamentdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək | DEFAKTO.AZ Parlamentdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək – DEFAKTO.AZ

Parlamentdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək

55

Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Defakto.az-a verilən məlumata görə, onlayn iclasda Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2021-ci ilin payız sessiyası dövründə Gənclər və idman komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil edilib.

Vitse-spiker 2021-ci ilin payız sessiyasında görülmüş işlər barədə məlumat verib.

Sonra iclasda komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, iş planında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin maarifləndirilməsi tədbirlərinin, komitə üzvlərinin mütəmadi olaraq seçki dairələrinə daxil olan ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərinin, Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsinə, ölkə əhəmiyyətli ictimai-siyasi hadisələrlə əlaqədar müxtəlif səpkili tədbirlərin təşkilinə də geniş yer ayrılıb.

Çıxış edən Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, komitənin üzvləri Ramil Həsən, Sevinc Hüseynova, Müşfiq Cəfərov ölkəmizdə gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan, gənclərin sağlam, savadlı, vətənpərvər, milli ruhlu vətəndaşlar kimi yetişməsi üçün onlara yaradılmış şəraitdən söhbət açıblar və bir sıra təkliflər səsləndiriblər.

Müzakirələrin sonunda Gənclər və idman komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Onlayn iclasda komitə üzvləri Mahir Abbaszadə, Ülvi Quliyev, Etibar Əliyev, Cavid Osmanov, Könül Nurullayeva, Jalə Əhmədova, Vüqar İskəndərov, Şahin Seyidzadə və Cəbi Quliyev iştirak ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir