“Qrantyeyənlər və müftəxorlar tamaşa düzəldirlər…” – Eynulla Fətullayev | DEFAKTO.AZ “Qrantyeyənlər və müftəxorlar tamaşa düzəldirlər…” – Eynulla Fətullayev – DEFAKTO.AZ

“Qrantyeyənlər və müftəxorlar tamaşa düzəldirlər…” – Eynulla Fətullayev

133

“Mən bu gün bu qanunun parlament müzakirəsində həm öz iştirakımı, həm başqa jurnalistlərin iştirakını mənasız hesab edirəm. Bunun əvəzində mən indi redaksiyada olmalı və işləməli idim. Dünya qaynayır. Pakistanla Taliban arasında silahlı münaqişə var, səudiyyəlilər Çin ballistik raketlərinin istehsalına başlayıb…Yaxud bəlkə elə indilərdə Trampın tərəfdarları yenə Kapitoliyə hücum ediblər? Jurnalist redaksiyada oturmalı və ya gedib qaynar nöqtələrdə işləməlidir. Biz isə burada oturub mənasız müzakirələrlə məşğuluq”.

Defakto.az xəbər verir ki, bunu haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bu gün Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsinin müzakirələri zamanı deyib.

Jurnalist ironiya ilə qeyd edib ki,  Avropa Şurası tərəfindən işlənib hazırlanan və Mətbuat Şurasının sədri tərəfindən dəstəklənən bundan əvvəlki qanunun qəbulundan dərhal sonra onu Eldar Mahmudovun və Əli Həsənovun sifarişi ilə həbs etmişdilər:

“Təxminən bir ildir ki, jurnalistikada islahat başlayıb. Artıq mənə demirlər ki, bunu çıxar, bunu qoy. Prezident Administrasiyasından və xüsusi xidmət orqanlarından təzyiqlər hiss etmirik. Bizə yaradıcılıq azadlığı veriblər. Deməli, İlham Əliyevin islahatlarını dəstəkləmək lazımdır. Hikmət Hacıyevin yeni konsepsiyasını dəstəkləmək lazımdır. Bunun əvəzində isə qrantyeyənlər və müftəxorlar tamaşa düzəldirlər.

Yadımdadır, 2005-ci ildə “Realnıy Azerbaydjan” qəzetini yaradanda xarici donorlara müraciət etdim, vəsait ayırmadılar. Amma Arif Əliyevin mənasız layihəsinə 500 min dollar ayırdılar, hansı ki, həmin pulları yedi. Mən kiçik ofisdə fəaliyyət göstərirdim, rəngli inqilablar törətmək istəyənlər isə Arif Əliyev kimilərinə pul ayırdılar. Bunlar ictimai korrupsiya ilə məşğul olurdular. 2 il ərzində “Realnıy Azerbaydjan” ümummilli nəşrə çevrildi və hakimiyyət sonda bu qəzeti bağladı, məni də həbs etdi. Bəs Arif Əliyevin qəzetinə nə oldu? O sadəcə olaraq batdı. Çünki pulları yemişdilər.

Bizim bəxtimiz çox gətirib ki, Soros və digər Qərb qüvvələri İlham Əliyevin devrilməsi üçün pulları vicdansız adamlara ayırdılar, onlar isə sonda bu pulları mənimsədilər. Onların hamısı ictimai korrupsiya ilə məşğul idi. Sizdə Milli Məclisdə Vüqar Bayramov adında deputat oturub, hakimiyyətin ünvanına loyal danışmaqla məşğuldur. Onun qardaşı Qubad İbadoğlu isə Londonda oturub və təxribat fəaliyyəti ilə məşğuldur. 2000-ci illərin əvvəllərində həmin o təxribatçıya milyonlarla dollar ayırırdılar. Bəs pullar hanı? Düşünürsünüz ki, onlar həmin pulları inqilab işinə xərclədilər? Qətiyyən, onlar pulları mənimsədilər və taladılar”, – deyə Eynulla Fətullayev bildirib.

Jurnalist əlavə edib ki, bu gün Prezident İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyev qanunlarla tənzimlənən medianın olmasını, KİV-in inkişafını istəyirlər. Onun sözlərinə görə, dövlətlərin suveren hüququ var. Dəmir yumruq, dəmir iradə, ölkənin suveren hüququ var.

“Amma indiki layihəyə qarşı çıxan həmin adamlar anlamırlar ki, Yaltasonrası dünya düzəni çöküb. Beynəlxalq hüquq daha yoxdur. Avropa Şurası, ATƏT, birqütblü dünyanın digər dekorasiyaları yoxdur. Hansı Venesiya komissiyası? Bütün bu təşkilatlar yeni beynəlxalq münasibətlər sistemindən kənarlaşdırılıblar! Ancaq bir hüquq qalıb-dövlətlərin suveren hüququ. Və İlham Əliyevin dəmir yumruğu. Siz dünyada hansı insan haqlarından danışırsınız, hansı ki, ayrı-ayrı dövlətlər heç öz hüquqlarını qoruya bilmirlər? Siz hansı liberalizmdən danışırsınız ki,  tarixin arxivinə yuvarlanıb?”, – jurnalist çıxışında deyib.

Eynulla Fətullayev habelə xatırladıb ki, bir vaxtlar ABŞ dövlət katibinin köməkçisi onu məxfi söhbətə çağırmışdı. “Mən maraqlandım, görüş harada olacaq? Onlar cavab verdilər ki, Hyatt Regency otelində. Bundansa yaxşı olardı ki, onlar məni Azərbaycan xüsusi xidmət orqanlarının akvariumuna salardılar”, – deyə jurnalist zarafatla bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir