Böyük çillə başladı | DEFAKTO.AZ Böyük çillə başladı – DEFAKTO.AZ

Böyük çillə başladı

493

Hər il dekabrın 21-dən 22-nə keçən gecə Yer planeti qış Günəş duruşu nöqtəsindən keçir. Bu o deməkdir ki, dekabrın 22-də gecənin ən uzun, gündüzün isə ən qısa vaxtı olur.

Qeyd edək ki, bu gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə olub.

Xalq təqviminə görə, qış fəsli dekabrın 22-dən martın 22-dək davam edir: 40 gün Böyük çi̇llə, 20 gün Ki̇çi̇k çi̇llə və 30 gün də Boz ay.

Qış fəsli “rəsmi olaraq” dekabrın 21-i, saat 19.59-da Azərbaycana qədəm qoyub.

Xatırladaq ki, payız gecə-gündüz bərabərliyindən (23 sentyabr) sonra Günəş tədricən taqətdən düşür (çünki Günəş cənub yarımkürəsinə keçir), sanki dərinliyə enir, uzaqlara çəkilir. Dekabrın 22-nə qədər gündüzlər qısalır, gecələr uzanır.

Böyük çillə gecəsi təkcə Azərbaycanda deyil, qonşu dövlətlərdə, İran və Türkiyədə də keçirilir. O cümlədən Azərbaycanın Naxçıvan, Şəki, Gəncə və çoxsaylı kəndlərində, İranın Urmiya, Ərdəbil, Zəncan, Xoy, Sulduz, Marağa şəhərlərində bu gecə xüsusi olaraq keçirilir. İnanca görə, çillə gecəsi qədim Zərdüşt bayramı, Günəş Allahı Mitranın anadan olan günüdür. Həmin gündən sonra günəşli günlər uzanır. Bayramın ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Qədim inanclara görə, həmin gecə xeyir qüvvəsi (Axura Məzda), şər qüvvəsi (Əhrimən) ilə kəskin mübarizə aparıb.

Adətə görə Böyük çillədə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yığışır və ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə qeyd edirlər. Gecənin ən əhəmiyyətli atributlarından biri isə qarpızdır. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə edilir. Qoz, kök halvası, paxlava, günəbaxan toxumu, meyvə və şirniyyatlar bu gecə süfrədə olmalıdır.

Araşdırmalardan isə məlum olur ki, ümumiyyətlə, lap qədim zamanlarda türklər 21 dekabr gecəsi Yeni il kimi qeyd ediblər. Bununla bağlı türk mənbələrində Kara-Tun bayramı da var.

Bəs 22 dekabr, ilin ən uzun gecəsində hansısa astroloji dəyişikliklər baş verirmi?

Astroloqlar qeyd edir ki, ümumiyyətlə, gecənin və ya gündüzün uzun keçməsinin astroloji məsələlərə aidiyyəti yoxdur. Sadəcə həmin gecə əvvəlki gündən, 3-4 dəqiqə daha çox uzun olur. Bunun da insan orqanizminə elə də müsbət və ya mənfi təsiri yoxdur. Amma məsələn, Günəş tutulması, planetlərin paradı, hansısa planetin yerə yaxınlaşması, Günəş partlamaları olması təbiətə və insan orqanizminə birbaşa təsir edə bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir