Brüssel görüşündə proseslərin tənzimlənməsi ilə bağlı hər hansı bir xüsusi, indiyə qədər bizim görmədiyimiz, eşitmədiyimiz bir sənədin imzalanacağı ehtimalı güman edilmir. Bu görüşün müsbət nəticəsi o ola bilər ki, 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci ildə imzalanmış sənədlərə sadiqlik ifadə edən növbəti bir bəyanat imzalansın. Amma istənilən halda belə təmaslar müsbət xarakterizə edilir.
Defakto.az teleqraf.com saytına istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O qeyd edib ki, bu cür görüşlər post-münaqişə dövründə həllini gözləyən məsələlərlə bağlı münbit bir şəraiti təmin edir: “Ermənistan baş naziri dekabrın 9-10-da ABŞ-ın təşkil etdiyi “demokratiya sammitində” iştirak edib. Hazırda Paşinyan hesab edir ki, Ermənistan Qərb dünyası üçün “demokratik dövlət” imicindədir. Halbuki ABŞ bu addımı atmaqla əslində dünyanı yenidən parçalayıb. Amerika tərəfindən demokratik və anti-demokratik bir bölgü aparılıb. Bu da ABŞ-ın sanki “demokratiya” sözünün özəlləşdirməsi ilə bağlıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib. Səfər çərçivəsində bu gün NATO-nun mənzil qərargahında Prezident İlham Əliyevlə təşkilatın baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Prezident NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasının iclasında iştirak edəcək. Görüş NATO+Azərbaycan formatında keçiriləcək.
Həmçinin İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ikitərəfli görüşü olacaq. Daha sonra isə Ş.Mişelin iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüş nəzərdə tutulub.