Yaradıcı potensialın stimullaşdırılmasına xidmət edən sənəd… – Elçin Mirzəbəyli | DEFAKTO.AZ Yaradıcı potensialın stimullaşdırılmasına xidmət edən sənəd… – Elçin Mirzəbəyli – DEFAKTO.AZ

Yaradıcı potensialın stimullaşdırılmasına xidmət edən sənəd… – Elçin Mirzəbəyli

77

1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri” haqqında qanun 15-20 il öncənin tələblərinə cavab versə də, nə bu hüquqi-normativ aktın özü, nə də ona edilən əlavə və dəyişikliklər müasir dövrün şərtlərinə uyğun gəlirdi. Bu baxımdan, müasir media anlayışına və yeni çağırışlara cavab verən bir qanunun hazırlanması vazkeçilməz reallığa, zərurətə çevrilmişdi. Medianın İnkişafı Agentliyinin yaradılmasından və fəaliyyətə başlamasından dərhal sonra ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi “Media haqqında” qanun layihəsinin gündəmə gəlməsi, layihə ətrafında peşəkar media mənsublarının iştirakı ilə çoxsaylı müzakirələrin aparılması və nəhayət, sənədin Milli Məclisin müzakirəsinə təqdim olunması məhz bu zərurətdən doğurdu. Əks təqdirdə, islahatların tam və kompleks şəkildə həyata keçirilməsi mümkün olmayacaqdı.

Defakto.az teleqraf.com saytına istinadən xəbər verir ki, bu sözləri açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, media üzrə ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, “Media haqqında” qanun layihəsi qəbul olunacağı təqdirdə bu, media sahəsində bütün istiqamətlər üzrə islahatların həyata keçirilməsi üçün zəruri hüquqi platforma rolunu oynayacaq və prosesin sürətlə həyata keçirilməsinə, boşluqların aradan qaldırılmasına zəmin yaradacaq:

“Qanun layihəsinin qəbul edilməsi ilə bu sahədə mövcud olan bütün problemlərin qısa müddətdə həll olunacağını düşünmək sadəlöhvlük olardı. Təəssüf ki, belə gözləntilər də var və bu, çox yanlış yanaşmadır. Çünki sözügedən qanunun və bütövlükdə qanunların təməl fəlsəfəsində hansısa problemlərin həlli dayanmır. Qanun konsepsiya, yol xəritəsi deyil, hüquqi çərçivədir. Bu hüquqi çərçivə mühafizəkar xarakterli, əhatə etdiyi sahəni yeniliklərə, inkişafa qapayan hüquqi məcmuə də ola bilərdi.

Amma “Media haqqında” qanun layihəsi əhatə etdiyi sahəni yeniliklərə açan, kreativ düşüncənin, yaradıcı potensialın stimullaşdırılmasına xidmət edən bir sənəddir.

Qanunun qəbulu ilk növbədə media subyektlərinin və jurnalistlərin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsinə imkan yaradacaq, bu sahədə xaosa və özbaşınalığa cəhdlərin aradan qaldırılmasına imkan yaradacaq, media subyektlərinin ayrı-ayrı şəxslərin, yaxud qrupların cinayət əməllərinin həyata keçirilməsi üçün vasitəyə çevrilməsinin qarşısını alacaq. Media savadlılığı ilə bağlı qanun layihəsində yer alan müddəaların həyata keçirilməsi, ilk növbədə peşəkar media ilə bağlı aydın təsəvvürləri, vətəndaşla media subyektləri və jurnalıistlər arasında etimadlı münasibətlərin yaranmasına yardım göstərəcək”.

Elçin Mirzəbəyli hesab edir ki,“Media haqqında” qanun layihəsi hazırda ölkəmizdə qüvvədə olan bütün hüquqi-normativ aktlar kimi, heç bir halda söz, fikir və mətbuat azadlığı kimi əsas hüquqların məhdudlaşdırılmasına xidmət edə bilməz: “Bu hüquqlar Azərbaycanın ana qanunu – Konstitusiyasının verdiyi hüquqlardır və məhdudlaşdırılması mümkün deyil. “Media haqqında” qanun layihəsinin üstün cəhətlərindən biri Konstitusiyamızda yer alan əsas azadlıqların daha imperativ və aydın bir şəkildə ifadə olunması, həmçinin qanun layihəsində bu azadlıqların qorunması ilə bağlı daha təkmil mexanizmlərin yer almasıdır.

Qanunda yer alan ən önəmli məqamlardan biri də Media reyestrinin yaradılması və media subyektlərinin, jurnalistlərin bu reyestrə daxiul edilmələri, bununla da peşəkar media ilə media subyektinin adından, jurnalist vəsiqəsindən öz cinayət əməllərini həyata keçirmək üçün istifadə etmək niyyəti güdən şəxslər arasındakı sərhədlər dəqiq şəkildə müəyyənləşəcək. Bu isə öz növbəsində sui-istifadə hallarının qarşısının alınması ilə yanaşı, mediaya etimadsız münasibətin formalaşmasına xidmət edən neqativ amillərin qarşısının alınmasında müstəsna rol oynayacaq.

Media reyestrinə düşmək üçün tələblərə cavab verənlər, qanunvericilik qaydasında onlara verilən imtiyazlardan istifadə edəcəklər. Bu çox önəmli məqamldır. İmtiyazların ayrı-ayrı qurum və səlahiyyətli orqanlar vasitəsilə verilməsi asılılıq yaradır, fərdlərin subyektiv yanaşmaları əsasında həyata keçirilir. Amma qanunvericilik çərçivəsində verilən imtiyazlar asılılığa səbəb olmur. Əksinə, jurnalistin öz fəaliyyətini daha sərbəst bir şəkildə həyata keçirməsinə zəmin yaradır.

Qanun layihəsi hər kəs üçün əlçatan olduğu üçün, imtiyazlar barədə ətraflı danışmaq istəmirəm. Mahiyyət etibarilə, qanun layihəsində yer alan bütün imtiyaz və güzəştlərin əsas qayəsi media subyektləırinin və jurnalistlərin maddi azadlıqlarının təmin edilməsinə yardım göstərməkdən, media subyektlərinin gələcəkdə öz ayaqları üzərində dayanmasına zəmin yaratmaqdan ibarətdir.

Düşünürəm ki, qanunun qəbulu bu sahədə olan bir çox boşluqların aradan qaldırılmasına müsbət təsir göstərəcək. Ən əsası isə media sektorunda hıyata keçirilən islahatları sürətləndirəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir