Göygöldə III Milli Yaylaq Festivalı keçirilir | DEFAKTO.AZ Göygöldə III Milli Yaylaq Festivalı keçirilir – DEFAKTO.AZ

Göygöldə III Milli Yaylaq Festivalı keçirilir

20

“DEFAKTO.az”un Göygölə ezam olunan əməkdaşı xəbər verir, açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov yaradılan şəraitlə tanış olub, qurulan guşələrə baş çəkib.

Məlumat verilib ki, Xan yaylağında üç gün davam edəcək festival çərçivəsində orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb.

Qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr mövcuddur.

Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri olacaq. Festivalda yerli təmsilçilərlə yanaşı, xaricdən də çoxsaylı qonaqlar iştirak edir.

Festival şərti olaraq üç – mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm hissədən ibarətdir.

Festival çərçivəsində jurnalistlərə açıqlama verən Gənclər və İdman naziri Fərid Qayıbov vurğulayıb ki, tədbir yüksək səviyyədə təşkil olunub:

“Hər ölkə burada öz mədəniyyətini nümayiş etdirir. Gördüyümüz kimi, əla ab-hava var. Festivalda milli adət-ənənələrimiz və müxtəlif idman növləri nümayiş olunur”.

Nazir festivalın türkdilli dövlətlərin birgə fəaliyyəti baxımından əhəmiyyətindən də bəhs edib:

“Bizim türkdilli dövlətlərin iştirakı ilə bir neçə tədbirimiz baş tutub. Məsələn, Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsi keçirildi. Həmçinin Lənkəran da türkdilli dövlətlərin idman paytaxtı kimi təsdiq olundu. Biz Lənkəranda daha çox tədbir keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu ilə “Kap.az” Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə şəhər, Göygöl Rayon İcra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyi ilə gerçəkləşir.

Xatırladaq ki, ilk festival 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi isə 2022-ci ildə Göygöl rayonunda keçirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir